“Atletiko Madrid” və “Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsində favorit sayılırlar və mərhələni keçəcəkləri halda, bu mövsüm artıq 5-ci və 6-cı dəfə qarşılaşa bilərlər.

Offsideplus.az xəbər verir ki, “Atletiko Madrid” ilk oyunda “Tottenhem Hotspur” üzərində 5:2 hesablı qələbə qazanaraq ciddi üstünlük əldə edib və Londonda keçiriləcək cavab görüşündə mərhələni rahat keçəcəyi gözlənilir.

“Barselona” isə səfərdə “Nyukasl Yunayted”lə 1:1 oynasa da, “Kamp Nou”da keçiriləcək cavab matçında favorit hesab olunur.

“Atletiko” düşərgəsində sarı vərəqə limiti təhlükəsi var. Juliano Simeone, Markos Lyorente, Mark Pubil, Kleman Langle, Robin Le Normand, Tiaqo Almada və Pablo Barrios növbəti sarı vərəqə alacaqları halda cəzalı duruma düşəcəklər. Baş məşqçi Dieqo Simeone bəzi oyunçuları qorumaq üçün rotasiyaya üstünlük verə bilər.

“Barselona”da isə 4 futbolçu risk altındadır. Xüsusilə Lamin Yamalın mümkün cəzası komanda üçün ciddi itki ola bilər. Bundan başqa, Fermin Lopes, Jerar Martin və Mark Kasado da sarı vərəqə həddindədir.

Milli fasilədən sonra komandalar La Liqada “Metropolitano”da qarşılaşacaq. Əgər 1/4 finalda da üz-üzə gəlsələr, 9–11 gün ərzində üç dəfə bir-birinə rəqib ola bilərlər. Bu müddətdə “Barselona” şəhər derbisində “Espanyol”u qəbul edəcək, “Atletiko” isə cavab oyunundan sonra “Real Sosyedad”a qarşı Kral Kubokunun finalına çıxacaq.

Qeyd edək ki, mümkün 1/4 final mərhələsində hər iki komandanın buraxacağı əsas itkilər yalnız Rodriqo Mendoza, Pablo Barrios və Andreas Kristensen olacaq.