Robert Levandovskinin gedişindən sonra hücum xəttinə yeni ad axtaran "Barselona" klubu transfer prioritetlərini müəyyənləşdirir.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flikin əsas istəyi "Atletiko Madrid"in ulduzu Xulian Alvares olsa da, maliyyə çətinlikləri klubu daha uyğun alternativlərə yönəldib.
"Atletiko Madrid"in Alvares üçün yüksək məbləğ tələb etməsi səbəbindən "Barselona" idman direktoru Dekonun rəhbərliyi altında fərqli variantları nəzərdən keçirir.
İspaniya mətbuatının yaydığı son məlumatlara görə, siyahının başında "Mançester Yunayted"in sloveniyalı gənc forvardı Benjamin Şeşko qərarlaşıb. Ötən mövsüm İngiltərə Premyer Liqasında 11 qol vuran 23 yaşlı Şeşko, Alvaresə nisbətən daha ucuz və effektiv bir alternativ kimi dəyərləndirilir.
Kataloniyalıların qısa siyahısında yalnız Şeşko yer almır. Klubun hücumçu namizədləri arasında daha iki fərqli profil var:
- Serhu Qirassi: "Borussiya Dortmund"da çıxış edən təcrübəli qolçunun müqaviləsindəki sərbəstqalma bəndindən istifadə etmək "Barselona" üçün bu transferi asanlaşdıra bilər.
- Etta Eyong: "Levante" forması geyinən 22 yaşlı kamerunlu hücumçu da klubun skautları tərəfindən yaxından izlənilir. Mövsümü 7 qolla tamamlayan və kumiri Samuel Eto'onun izi ilə getmək istəyən gənc oyunçunun "Barselona"ya keçmək üçün Rusiyanın "ÇSKA Moskva" klubundan gələn cəlbedici təklifi rədd etdiyi bildirilir. Eyong komandada birbaşa start heyət oyunçusu deyil, ikinci plan hücumçusu olmağa da razıdır.



