Türkiyə Super Liqasının XXV turu çərçivəsində İstanbul derbisi baş tutub. "Qalatasaray" "Fənərbağça"nı qəbul edib.

Offsideplus.az xəbər verir ki, qolsuz bərabərliklə başa çatan oyunun ardından Joze Mourinyo qarşılaşma ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb:

"Çox yaxşı matç oldu. Bunun səbəbi hakimin performansı idi. Yetəri qədər dürüstlüyə sahib idilər. 18 yaşlı bir oyunçumuz var. Türkiyə futbolu üçün yaxşı ad olacaq. Amma, "Qalatasaray" oyunçuıarı ilk dəqiqədən ona kart verilməsi üçün çalışdılar. Hakim peşəkar davrandı. Evində və Avropada izləyənləri düşünsək yaxşı qarşılaşma baş tutdu".

Portuqaliyalı mütəxəssis nəticənin rəqib üçün əlverişli olduğunu bildirib:

"Matç bərabərə başa çatdı. Rəqibimiz bu nəticə üçün oynadı və görüş bitəndə onlar sevinirdilər. Amma biz hesabdan narazı qaldıq".

Mourinyo "Cim-Bom"un da mübarizəsini qiymətləndirdi:

"Çox yaxşı müdafiə olundular. Muslera 100%-lik epizodu qurtardı". 

"Sarı-lacivərtlər"in çalışdırıcısı "Qalatasaray"lıları "meymun" adlandırıb:

"Hakimə təşəkkür etməliyəm. Dediyim epizodda rəqib komandanın ehtiyat skamyasındakı hər kəs meymun kimi tullanırdı".