Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan Qarabag – Şamaxı matçından (3:1) sonra qonaqların baş məşqçisi Ayxan Abbasov mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə oyunun ümumi mənzərəsini dəyərləndirib:

"Matçın son dəqiqələri bizim üçün üzücü keçdi. Rəqibimiz "Qarabag"ın gücü hər kəsə məlumdur. Görüşə istədiyimiz kimi başlamasaq da, sonradan müəyyən imkanlar yaxaladıq. Fasilədən sonra rəqibin təzyiqi artıracağını gözləyirdik, lakin bəzi epizodlarda səhvlərə yol verdik. Əgər son dəqiqədəki penaltini qola çevirə bilsəydik, hər şey fərqli ola bilərdi. Futbolçularıma təşəkkür edirəm, çünki sıx qrafikdə, dörd gündən bir oynamaq asan deyil. İndi diqqətimizi növbəti matçlara yönəldəcəyik".

Abbasov penalti icraçısı ilə bağlı yaranan suala isə belə aydınlıq gətirib:

"Bizdə penaltiləri əsasən Rikardo Apolinario və Karim Rossi vurur. Rossi son oyunlarda bu tapşırığın öhdəsindən uğurla gəlirdi, bu dəfə qismət deyilmiş".