Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Qurumu (MHK) Süper Liqa və 1-ci Liqada hakim təyinatları zamanı izlənilən prosesi rəsmi olaraq açıqlayıb.

Offsideplus.az xəbər verir ki, MHK-nın açıqlamasına əsasən, Superliqada hakim təyinatlarında qurumun Elit Hakim Direktoru Entoni Teylorun, 1-ci Liqada isə "Talent & Mentor Programı"nın koordinatoru Alan Snoddinin texniki qiymətləndirmələri əsas götürülür.

Qurum hakimlərin seçilməsi zamanı son dövrdəki performansların, qarşılaşmaların xüsusiyyətlərinin və müvafiq texniki meyarların diqqətə alındığını bildirib. Bununla belə, sözügedən meyarların təfərrüatlı ölçmə üsulları və ya qiymətləndirmələrdəki çəkisi barədə məlumat verilməyib.

Xatırladaq ki, tanınmış britaniyalı sabiq hakim Entoni Teylor 4 avqust 2026-cı il tarixində TFF-də MHK Elit Hakim Direktoru vəzifəsinə başlayıb. Onun səlahiyyət dairəsinə üst klasman hakimlərinin texniki inkişaf proseslərinin planlaşdırılması, performans qiymətləndirmə sistemlərinin gücləndirilməsi, təlim proqramlarının hazırlanması və matç təhlilləri daxildir.