Rusiyanın "Zenit" klubu Türkiyə "Trabzonspor"undan Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin transferi qarşılığında məhkəmə yolu ilə son 40 min dollar borcunu alıb.
Offsideplus.az "Report"a istinadən xəbər verir ki, "Trabzonspor" ödəməli olduğu 169 min avronun sonuncu tranşını FİFA-nın müdaxiləsindən sonra köçürüb. Türkiyə klubu vəsaitin böyük hissəsini bir neçə tranşla ödəsə də, qalan məbləği vermədiyi üçün "Zenit" FİFA-ya şikayət edib. Nəticədə son ödəniş də gerçəkləşib.
Qeyd edək ki, Ramil Şeydayev "Zenit"də 2013 - 2016-cı illərdə çıxış edib. O, 2016-cı ilin yayında transfer olunduğu "Trabzonspor"la 4 illik müqavilə bağlayıb. Hazırda 22 yaşlı forvard icarə əsasında "Qarabağ"da çıxış edir.