Fernandu Santuş Estoniya və İsveçlə oyunlar üçün yığmanın heyətini açıqlayıb. Dəvətlilər arasında millidən uzaq qalanlar və yeni adlar da var. 

Başlayaq qapı xəttindən. “Sabah”da Yusif İmanovu sıxışdıraraq “1 nömrə”yə çevrilən Nicat Mehbalıyev portuqaliyalı mütəxəssisin diqqətini cəlb edib. Görək, “bayquşlar”ın qolkiperi yığmadakı həmkarları - Rza Cəfərov ilə Aydın Bayramova da rəqabətdə qalib gələ biləcək? 

Müdafiə xəttində Amin Seydiyevin üzünə yenidən qapılar açılıb. Masazır təmsilçisinin üzvü son dəfə yığmaya dəvət olunanda kobud səhvlərlə yadda qalmışdı. İndi Aminin bu şansdan necə yararlanacağı çox maraqlıdır. 

Orta sahədə Səbuhi Abdullazadə də yenidən dəvət alanlar sırasındadır. “Kimyaçılar”ın üzvünə şans verilsə, yarımmüdafiə xəttində “qara işlər”i üzərinə götürməklə yanaşı, rəqiblərin mərkəzdən qurulacaq hücumlarını dayandırmalı, boğmalıdır. Millimizin yeni siması Mustafa Əhmədzadədir. Elmar Baxşıyevin “Araz-Naxçıvan”a gəlişindən sonra gənc oyunçu əsas komandaya cəlb olunaraq şans qazanmağa və özünü yaxşı tərəfdən göstərməyə başladı. Muxtar Respublika təmsilçisinin bu həftə “Zirə” ilə təxirə salınan səfər oyununda qələbə də pay sahibi olanlardan biri də Mustafa oldu. Gənc futbolçunun yığmaya dəvəti ölkə futboluna yeni oyunçu qazandıra bilər. 

Hücumda Fernandu Santuş cəmi 4 forvarda ehtiyac duyub. Hazırkı reallıqda səviyyəsinə görə Mahir Emreli həmkarlarını üstələyir. “10 nömrə” II Bundesliqada qollar vurmaqla Miroslav Klozenin sevimlisinə çevrilməkdədir. Lakin Slovakiya ilə matçda qırmızı vərəqə alan Mahir Estoniya ilə Qəbələdəki qarşılaşmada meydana çıxa bilməyəcək. Renat Dadaşov da zədəli olduğu üçün yığmaya çağrılmayıb. Görəsən, Fernandu Santuş Estoniya ilə matçda kimə güvənəcək? Rüstəm Əhmədzadə nə qədər üzərində çalışsa da, hələlik komandasında fərqlənə bilmir. Ramil Şeydayev ilə Nəriman Axundzadə isə hazırda arzuolunan performansa sahib deyillər. Bu səbəbdən də Fernandu Santuş çıxılmaz vəziyyətə düşüb. Siz olsanız, hücumda kimə güvənərsiniz? Ümumiyyətlə, bu futbolçulardan necə "11-lik" tərtib edərsiniz ki, komandamız Millətlər Liqasının D Liqasına yuvarlanmasın?