Bu gün "Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə 11 Oktyabr – Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib.
Offsideplus.az xəbər verir ki, Bakı Biznes Universitetində baş tutan tədbirdə sığınacaqda yaşayan qızlar iştirak ediblər. Proqram çərçivəsində uşaqların təqdimatında müxtəlif rəqslər, şeirlər və monoloqlar nümayiş etdirilib. Bundan əlavə, qızların öz həyat hekayələrindən ilhamlanaraq çəkilən qısametrajlı film də tədbir iştirakçılarına təqdim olunub.
Tədbirin məqsədi qızların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların öz potensiallarını kəşf etməsinə və inkişafa olan inamını gücləndirməkdir.
Tədbirdə müxtəlif sahələrdə uğur qazanmış qadınlar öz təcrübələrini və tövsiyələrini bölüşüblər.
Tədbirdə AFFA-nın Qadın futbol departamentinin rəhbəri Zümrüd Ağayeva, millimizin baş məşqçisi Siyasət Əsgərov, futbolçular - Manə Mollayeva və Sona Rəhimova iştirak ediblər.



