"Arsenal"ın "Ayaks"ın futbolçusu Yurrien Timber üçün etdiyi ikinci təklifi məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "Tvitter"də məlumat verib. Mənbəyə görə, bu gün London klubu 22 yaşlı müdafiəçinin transferi üçün təxminən 45-48 milyon avro məbləğində rəsmi təklif göndərib.
Artıq niderlandlı futbolçu ilə müddəti 2028-ci ilə qədər olan müqavilə razılaşdırılıb. Timber "topçular"ın layihəsini bəyəndiyini açıq şəkildə bildirib. O, komandaya qoşulmaq istəyir.
Bundan əvvəl Amsterdam təmsilçisi Premyer Liqa klubunun futbolçu üçün etdiyi 30 milyon funt-sterlinq (təxminən 35 milyon avro) təklifi geri çevirmiş və qarşı tərəfdən 50 milyon funt-sterlinq (təxminən 58 milyon avro) tələb etmişdi.
Qeyd edək ki, Timber ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Fəqan İbrahimli