"Mançester Siti"nin və İngiltərə milli komandasının futbolçusu Rahim Sterlinqin ayağına etdirdiyi döymə azarkeşlərin kəskin tənqidinə tuş gəlib.
Offsideplus.az Britaniya mediasına istinadən xəbər verir ki, DÇ-2018-ə hazırlıq çərçivəsində millinin məşqlərindən birində futbolçunun ayağındakı "M 16" tipli silah döyməsi tərəfdarların gözündən qaçmayıb. Bunun ardından azarkeşlər sosial şəbəkələrdə həmin döyməni ciddi şəkildə tənqid edib, və hətta, 23 yaşlı futbolçunun heyətdən çıxarılmasını da tələb ediblər. Belə ki, azarkeş qrupları Sterlinqi militaristlərə dəstək olmaqda günahlandırıblar. Azarkeşlərin iradından sonra "instagram" hesabından paylaşım edən Sterlinq bunun şəxsi məsələ ilə bağlı olduğunu bildirib:
"Mən uşaq olanda, atam gözümün önündə silahla vurularaq öldürüldü. O hadisədən bəri, heç bir silaha toxunmamaq barədə özümə söz vermişəm. Bu döymənin dərin mənası var. Hələ tamamlanmayıb. Vaxtı gələndə biləcəksiniz".
Qeyd edək ki, azarkeş qrupları bunu böyük rüsvayçılıq adlandırıb və Sterlinqin bundan utanc hissi keçirməli olduğunu bildiriblər.