Çempionlar Liqasının qalibi olan "Çelsi" Tomas Tuxellə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Alman çalışdırıcı ilə yeni anlaşmanın əldə olunmasında problem olmayacaq. Tuxel özünü İngiltərədə və "Çelsi"də xoşbəxt hiss edir. 47 yaşlı çalışdırıcı "Çelsi"də qalacağı halda rəhbərlikdən bir neçə futbolçunun transferini istəyəcək.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, Temmi Abrahamla Olivye Jirunun durumu baş məşqçini razı salmır. Hər iki futbolçunun "zadəganlar"la vidalaşacağı böyük ölçüdə dəqiqləşib. Onların əvəzinə isə daha məhsuldar futbolçular cəlb olunmalıdır. Bunlar Harri Keynlə Erlinq Haalanddır. Tuxelin klubun sahibi Roman Abramoviçə təqdim edəcəyi siyahıda bu iki ad öndə dayanır. Keynlə Haalandın transferi alınmasa, Romelu Lukaku üçün "İnter"ə müraciət olunacaq.
Qeyd edək ki, "Çelsi" ötən yay transferlərə 223 milyon avro xərcləmişdi.