İngiltərə millisi beynəlxalq arenalarda uğur üzünə həsrət qalsa da, Premyer Liqa təmsilçiləri avrokuboklarda "at oynadır".
Çempionlar Liqasına iki ingilis komandasının yüksəlməsi, Avropa Liqasında da bir ingilis təmsilçisinin olması liqanın keyfiyyətindən xəbər verir.
Odur ki, aparıcı ölkə klublarının futbolçu axtarışı üçün diqqətini Premyer Liqaya yönəltməsi anlaşılandır.
Offsideplus.az xəbər verir ki, İngiltərədə top qovan bir çox futbolçuların klubları ilə müqaviləsi yayda başa çatacaq. Aralarında isə adlı-sanlıların çoxluq təşkil etməsi diqqətçəkəndir. Belələrindən 7-sinin adını təqdim edirik.
Jorjinyo Veynaldum
5 ildir "Liverpul"un formasını geyinən niderlandlı futbolçu İngiltərədə qalmaq niyyətində deyil. Ona görə də mersisaydlılarla yeni anlaşmaya qol çəkmir. Həmyerlisi Ronald Kuman xidmətində maraqlıdır deyə, çox güman, yayda "Barselona"ya keçəcək.
Serxio Aquero
"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola argentinalı ulduzla yola davam etmək istəmədi deyə, klubdan ayrılacağı dəqiqələşib. Gələn ay azad agentə çevriləcək Aquero ilə "Barselona" ilə "İnter" yaxından maraqlanır. Lakin getməzdən əvvəl mançesterli azarkeşlərə söz verdiyi Çempionlar Liqasının kubokunu təqdim etməlidir.
Erik Qarsiya
Mançester - Barselona qatarının növbəti sakini deyə bilərik. İspan müdafiəçinin "Mançester Siti" ilə yeni müqavilə imzalamayacağı karyerasını "Barselona"da davam etdirəcəyi qədər dəqiqdir. Təbii ki, ortaya ciddi əngəl çıxmasa.
Edinson Kavani
Yaşının çoxluğuna baxmayaraq, cari mövsümdə "Mançester Yunayted"ə müəyyən qədər fayda verməyi bacardı. Odur ki, klub rəhbərliyi uruqvaylı məşhurun xidmətində maraqlıdır. Lakin bir şərtlə - maaşına bir qədər əl gəzdirilsin. Lakin "Boka Xuniors"un sərfəli təklifi Kavaniyə ingilislərin şərti ilə razılaşmağa imkan cermir.
Coşua Kinq
"Bornmut"dakı parlaq çıxışının davamını "Everton"da gətirə bilməyən norveçli futbolçu liverpullulara lazım deyil. Bir müddətdən sonra sərbəst futbolçuya çevriləcək Kinqlə "Tottenhem"lə "Arsenal"ın maraqlandığı deyilir. Lakin başqa ölkəyə də üz tuta bilər.
Xuan Mata
7 il əvvəl "Çelsi"dən 44 milyon avroya alınan ispan yarımmüdafiəçi indi "Mançester Yunayted"də ehtiyat oyunçular skamyasının bəzəyinə çevrilib. Bundan sonra Mançesterdə əvvəlki statusunu qaytaracağı inandırıcı deyil. Təcrübəli futbolçu ilə "Latsio" yaxından maraqlanır. Üstəlik, Səudiyyə Ərəbistanından illik 15 milyon avroluq təklifinin olduğunu deyilir.
Kristian Benteke
"Kristal Palas"ın "qol maşını"nı komandasının lideri adlandıra bilərik. Rəhbərlik belçikalı forvardla yeni əməkdaşlıqda maraqlı olsa da, Benteke tələsmək istəmir. Çünki "elçiləri qapıda dayanıb": "Everton", "Tottenhem", "Aston Villa". Digər ölkələrdən də təklifləri var.