"Çelsi"nin futbolçuları arasında məşqdə münaqişə yaşandığını xəbər vermişdik.

Qapıçı Kepa Arrisabalaqa ilə Antonio Rudiger arasında yaşanan qalmaqal sonrasında Tomas Tuxel ikincini məşqdən uzaqlaşdırmışdı. Futbolçular arasındakı qarşıdurmanın səbəbi məlum olub.

Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, hadisə "Vest Bromviç"ə acı məğlubiyyətin (2:5) ertəsi baş verib. Məşqdəki ikitərəfli oyunda Kepa ilə Antonio eyni komandada yer alıb. İspan qapıçı müdafiəçilərə tez-tez göstərişlər verir, alman müdafiəçi isə mövqe səhvləri ilə fərqlənirmiş. Arrisabalaqanın mütəmadi iradları Rudigerin xoşuna gəlməyib. İş elə gətirib ki, epizodların birində hər ikisi topa tərəf qaçıb. Qapıçı topu tutsa da, Antonio bilərəkdən və ya bilməyərəkdən komanda yoldaşıının üstünə çırpılıb. Ardınca Rudiger Kepanı itələyərək ona barmaq silkələyib və bununla da "burda boss mənəm" mesajını vermiş olub. Təfərrüatları öyrənən baş məşqçi Almaniya millisinin üzvünü məşqdən qovub. 

Qeyd edək ki, 26 yaşlı qapıçı 2018-ci ildən, 27 yaşlı müdafiəçi isə 2017-ci ildən "Çelsi"nin şərəfini qoruyur.