Türkiyə millisinin üzvü və "Liverpul"un yeni transferi Ozan Kabakın karyerası barədə ən son məlumatlar üzə çıxıb.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "Qalatasaray"ın aşağı yaş qrupundan çıxan 20 yaşlı müdafiəçi minimum əməkhaqqı ilə "sarı-qırmızılar"la ilk rəsmi müqaviləsini imzalayıb. 2018-ci ildə baş tutan anlaşmaya əsasən Kabakın maaşı 1,404 TL civarında, yəni 333 manat olub. "Qalatasaray"ın əsas heyətində çıxış edərək özünü göstərən futbolçu sonradan 11 milyon avroya "Ştuttqard"a keçib. Ardınca isə klubunu digər Almaniya təmsilçisi "Şalke"yə dəyişib.
Dünən transfer pəncərəsinin bağlanmağına saatlar qalmış "Liverpul"un heyətinə qatdığı Kabakın minimum əməkhaqqı ilə Avropa nəhənginə yüksəlməsi göz qamaşdırır. Qeyd edək ki, türkiyəli müdafiəçi idolu olan Van Deykin komandasına mövsümün sonunadək satınalma şərti ilə icarəyə verilib.