"Səbail"də çıxış edən futbolçu Maykl Essyen "goal.com"a keçmiş klubu "Çelsi"nin İngiltərə Premyer Liqasındakı çıxışı barədə açıqlama verib.
Qanalı yarımmüdafiəçi bildirib ki, "zadəganlar"ın qeyri-sabit çıxışı ilə əlaqədar məsuliyyəti məhz oyunçular öz üzərlərinə götürməlidirlər. "Mənim üçün əsas məsələ futbolçuların meydanda özlərini necə göstərmələridir. Sizdən hansı formada oynamağı xahiş etsələr, çox yaxşı oyunçu kimi onu yerinə yetirməyə çalışmalısınız. Baş məşqçi komandanın "boss"udur və bütün oyunçular onu eşitməli, tapşırıqlarını klubun uğuru naminə yerinə yetirməlidirlər".
Mauritsio Sarri "Çelsi"yə baş məşqçi təyin olunduqdan sonra NQolo Kante dayaq yarımmüdafiəçisi mövqeyindən irəli çəkilərək, əsas yarımmüdafiəçiyə çevrilib. Əvəzində italiyalı mütəxəssisin keçmiş komandası "Napoli"dən gətirdiyi Corcinyo fransalı orta sahə oyunçusunun yerinə çəkilib. Bu qərar Kantenin hətta sabiq komandası "Lester"də də müdafiəyə meylli yarımmüdafiəçi mövqeyində daha faydalı olduğunu düşənənlər tərəfindən birmənalı qarşılanmayıb.
Lakin Essyen tənqidlərə qoşulmaqdan imtina edib. O, baş məşqçinin qərarına hörmətlə yanaşılmasında israrlı olduğunu vurğulayıb: "Bu, Sarrinin səlahiyyətindədir və başqalarının nə düşünmələrinin önəmi yoxdur. Baş məşqçinin öz oyun üslubu var. O, oyunçuları hər gün məşqdə görür, güclü və zəif tərəflərini bilir. Sarri qərara alsa ki, bir oyunçu burada, digəri başqa mövqedə oynamalıdır, o zaman heç kim heç nə edə bilməz. Biz yalnız "Çelsi" fanatı kimi komandanı harada oynamasından asılı olmayaraq, dəstəkləyə bilərik.
Qeyd edək ki, "Çelsi"də 2005 - 2014-cü illərdə forma geyinmiş Maykl Essyen "Səbail" klubu ilə martın 16-da 1,5 illik müqavilə bağlayıb. O, Azərbaycan Premyer Liqasında aprelin 7-də "Sabah" komandasına qarşı XXIII tur matçında debüt edib. Görüş Essyenin komandasının məğlubiyyəti ilə yekunlaşıb - 1:3.