İngiltərə futbolunda həftənin ən böyük qalmaqalı "Mançester Yunayted"in əfsanəvi keçmiş kapitanı Roy Kin ilə komandanın hazırkı kapitanı Bruno Fernandeş arasında yaşanır.

Offsideplus.az xəbər verir ki, iki futbol adamı mətbuat və sosial media vasitəsilə bir-birlərinə qarşı olduqca ağır ifadələr işlədiblər.

Hər şey Roy Kinin televiziya proqramlarının birində Brunonu hədəf alması ilə başlayıb. Kin portuqaliyalı yarımmüdafiəçini komandanın uğurlarından ziyada fərdi şöhrət axtarmaqda və Rayan Qiqqsin klubdakı rekordlarını qırmaq üçün həddindən artıq acgöz davranmaqda ittiham edib. Üstəlik, Kin iddia edib ki, Bruno vaxtilə özü şəxsən "Qol vurmaqdansa, məhsuldar ötürmə (assist) etməyi daha çox sevirəm" deyə bəyanat verib.

Bu iddialara Bruno Fernandeşin cavabı gecikməyib və o, bu gün verdiyi açıqlamada "qırmızı xəttinin" keçildiyini bildirib:
"Mən tənqidləri hər zaman qəbul edirəm, lakin Roy Kinin dedikləri tamamilə yalandır. O, mənim heç vaxt demədiyim sözləri dediyimi iddia edir. Xoşbəxtlikdən, indiyə qədər verdiyim bütün müsahibələr və sözlərim tam şəkildə qeydə alınıb və arxivdədir. Yalan danışılması mənim üçün qırmızı xətdir."

Portuqaliyalı kapitanın bu sərt "yalançı" ittihamından sonra Roy Kin tərəfi sakit durmayıb. Sözünü deməkdən heç vaxt çəkinməyən irlandiyalı əfsanə, öz rəsmi İnstaqram hesabında Brunoya ünvanlandığı şübhə doğurmayan şok bir aforizm paylaşıb:
Roy Kin: "Həddindən artıq diqqət uzunqulağa özünü şir zənn etdirər."