Keçmiş peşəkar MMA döyüşçüsü, məşqçi Tünzalə İmanlının Offsideplus.az saytına müsahibəsi

- Tünzalə xanım, niyə məhz MMA?

- İllər öncə həyatımda xoşagəlməz bir hadisə baş verdi. Ondan sonra özümə söz verdim ki, daha heç kim mənə əl qaldıra, incidə bilməz. Beləcə MMA ilə məşğul olmağa başladım. Bakıda olanda isə dostumuz Aqşin Babayev məni zala dəvət etdi. Əlcəkləri verib məşqə girməyimi istədi. Nə etməli olduğumu soruşanda isə dedi ki, “Uşaqlar nə edirsə, sən də onu et”. Gördüm ki, məndə alınır. Özünümüdafiə, özgüvən və xarakter – bu üç amilə görə MMA-nı seçdim.

- Ailəniz sizin bu qərarınızı necə qarşıladı?

- Ailəm bu yolda həmişə mənə dəstək olub. Yadımdadır, atam döyüşlərdən qabaq mesaj yazıb məsləhətlər verirdi. Anam isə bir qədər narazılıq etdi. Dedi: “Nəyə lazımdır oranı-buranı əzirsən?” Ancaq onu da başa düşürdüm. Hansı ana istəyər ki, qızı qəfəsdə döyüşüb qolunu-qıçını sındırsın?

- Ötən ay siz də qız anası olmusunuz. Bəs siz necə, qızınızı qəfəsdə görmək istəyərdiniz?

- Qız anası olmaq çox gözəl bir hissdir. Artıq qızım Alina üçün yaşayıram. Qeyd etdiyiniz kimi, yeni ana olmuşam. Buna baxmayaraq, artıq ilk addımı atmışam. Alina iki aylığından etibarən hovuza gedəcək. Gələcəkdə qızım da idmanla məşğul olacaq. Bu mənim arzumdur. Ancaq döyüş idman növü ilə yox. Əlbəttə ki, özünümüdafiə üçün öyrənə bilər. Üç yaşından sonra bir idman növü seçib yönləndirəcəyik. Gimnastika, güləş, cüdo kimi idman növlərindən biri ola bilər. O, həm oxuyacaq, həm də idmanla məşğul olacaq. Qızımın uğurlu gələcəyi üçün hər şeyi edəcəyik.

- Ana olmaqdan söz düşmüşkən, bəzən deyirlər ki, MMA ilə məşğul olan qadınlar ana olmaqda çətinlik yaşayırlar, yaxud da ola bilmirlər. Bu haqda siz nə düşünürsünüz?

- Bəzən biz videolar paylaşanda qızların bir-birinin qarnına vurduğunu görüb yazırlar ki, “Bundan ana olmaz”. Bu, düzgün yanaşma deyil. Hər bir xanım ana ola bilər. Sadəcə bəzi məqamlara diqqət etmək lazımdır. Xüsusilə də hormonal dərmanlara. Əgər idmançı xanım hormonal dərmanlar istifadə edibsə, ona ana olmaq çətin olacaq. Mən heç vaxt hormonal dərmanlar istifadə etməmişəm, sağlamlığıma daim diqqətlə yanaşmışam. Artıq qız anasıyam. Hər bir qadın ana olmağa layiqdir. Biz xanımlar bu dünyaya ana olmaq üçün gəlmişik. Vaxt vardı, deyirdim ki, UFC-ə qədər getmək istəyirəm. İndi isə tam əksini düşünürəm. Bu gün anayam və çox xoşbəxtəm.

- UFC arzusundan niyə vaz keçdiniz?

- Vaxt var idi, UFC arzusu ilə yaşayırdım. Düşünürdüm ki, orada vuruşan Azərbaycandan ilk qadın döyüşçü olacağam. Bunu qarşıma məqsəd qoymuşdum. Ancaq zaman keçdikcə başa düşdüm ki, UFC mənim üçün ən önəmli məqsəd deyilmiş. Bir müddətdir ki, karyerama məşqçi kimi davam edirəm.

- Siz uzun müddətdir Rusiyada yaşayırsınız, üstəlik digər ölkələrin də idman mühitindən xəbərdarsınız. Kənardan baxanda Azərbaycanda MMA-nın durumu necə görünür?

- Fikrimcə, Azərbaycanda MMA-nın hazırkı vəziyyəti qənaətbəxşdir. Vaxtilə mən və mənim kimi qızlar bu idmana gələndən sonra xanımlar arasında da bu idman növü populyarlaşdı. Ötən illərə nəzərən indi MMA-ya qızlar da çox maraq göstərir. Təbii ki, bu, sevindirici haldır. Mənə kumir kimi baxan qızlar var. Döyüşdüyüm vaxtlarda məndən tez-tez soruşurdular ki, “Niyə Rusiya vətəndaşı olduğun halda Azərbaycanı təmsil edirsən?” Cavab verirdim ki, çünki damarımda azərbaycanlı qanı axır. Ona görə də borcumuzdur ki, vətənimizi təmsil edək.

- Sosial şəbəkələrdə də kifayət qədər aktivsiniz.

- Sosial şəbəkədə aktiv olmamışdan qabaq da məni nəticələrimə görə tanıyırdılar. Biz köhnələrdənik. Qazandığımız uğurları vaxtilə qəzetlərdə yazıblar. Ancaq sosial şəbəkələr məşhurlaşdıqdan sonra biz köhnə videolarımızı, yaxud da yeni uğurlarımızı paylaşmağa başladıq. Beləcə, orada da müəyyən kütləmiz yarandı. Amma indiki dövrdə elə idmançılar var ki, nəticəsi yoxdur, sırf sosial şəbəkə hesabına tanınıblar. Düzü, onlara idmançı deməyə də adamın dili gəlmir. Mən isə uğur qazanıb sonra sosial şəbəkələrdə məşhur olmuşam.

- Niyə məhz Qara Pantera?

- Qara pantera haqqında çox oxuyub araşdırdıqdan sonra qərara gəlmişəm ki, bu ləqəbi götürüm. Məsələn, dişi qara pantera erkəklər arasında rahat gəzə, onlarla dostluq edə bilir. Yeri gələndə onlarla mübarizə də aparır. Bu xüsusiyyətlər isə məndə də var. Mən uşaqlıqdan bəri ən çox oğlanlarla dostluq etmişəm. Məşğul olduğum sahə də elədir ki, ətrafımda həmişə kişilər olub. Bir sözlə, mən qara panteraya çox bənzəyirəm.