“Bizi çətin oyun gözləyir”.

Bunu Offsideplus.az saytına açıqlamasında yığmanın sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Mütəxəssis Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində səfərdə Ukraynaya qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb:

“Həm reytinq, həm də güc baxımından axırıncı səbətdə olduğumuz üçün bizdən qabaqda olan bütün komandalar güclü görünür. Üstəlik, ard-arda səfər matçı keçirəcəyik. Ukraynanın bu gün qələbə qazanaraq ikinci yer tutması öz əlindədir. Ona görə də bu oyuna birincidən də diqqətli yanaşacaqlar. İkinci yer tutmaq uğrunda ən önəmli matçlardan biridir”

Diniyev rəqib üçün matçın önəmli olduğunu vurğulayıb: “Ukrayna güclü rəqibdir. Futbolçuların çoxu Avropanın tanınmış klublarında forma geyinirlər. Oyun baxımından təkcə atletik, fiziki, funksional hazırlıq deyil, həm də individual futbolçuların üstünlük təşkil etdiyi komandadır. Nəzərə almaq lazımdır ki, milli komanda üç gün qabaq Fransa ilə oyunda böyük güc sərf edib. Bilirsiniz ki, topsuz oynamaq çətindir, yığmamız isə bu matçda topsuz oynadığı üçün çox güc sərf edib. Bərpanın necə getdiyini də bu matçda görəcəyik. Milli komandamıza uğurlar arzulayıram. Düşünürəm ki, yaxşı bağlanıb əks hücumlarda Ukraynanı tutmaq olar”.

Qeyd edək ki, Ukrayna - Azərbaycan matçı bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində keçiriləcək.