Futbol camiəsinin böyük bir hissəsi bu gün bağlı qapılar arxasında keçirilən iclaslardan narazıdır. AFFA-nın o gizli iclaslarında ölkə futbolunun taleyini dəyişəcək məsələlər müzakirə olunur. Bu gün, sabah da qərarlar veriləcək. Bunlardan biri, günlərdir futbolsevərlərin hayqıraraq danışdığı, ora-bura çəkişdirdiyi legioner limitinin ləğv olunması məsələsidir. 

İclaslar gözdən xəlvət keçirilir deyə qınanılır. Lakin müzakirəyə çıxarılan məsələ illərdir göz qabağında olub axı. Biz legionerləri öz bacarığı sayəsində əzən azərbaycanlı da gördük, karyerasının bahar çağında ona verilən şansları dəyərləndirməyib, millidə də, klubda da işini çətinə salan özümüzküləri də. İstək lazımdır. Təkamül nəzəriyyəsini hamımız bilirik. Düzdür, azərbaycanlı afrikalı qədər sürətli ola bilməz. Ya da braziliyalı kimi texnikaya sahib olması milyonda 1 olar. Amma mümkünsüz deyil. Futbolla nəfəs alan yerli oyunçu varsa, onda meydanda canını qoyan futbolçular da tapılar. Bir legionerdən yaxşı olan azərbaycanlı 10 milyon içindən tapılmasın, hardan tapılsın?!

Düşünürəm: legioner limiti ləğv olunub və indi PL-də çıxış edən bir çox yerli futbolçular klubsuz qalıb. Öz həmyerlilərimizin halına kədərlənmək yerinə rasional yanaşmağa çalışıram: Futbolçunun klubda yerini itirməsinə ən məntiqli səbəbi öz mövqeyindəki oyunçu ilə ayaqlaşa bilməməsidir. Bu, futbolun ən sadə qaydası deyil? Bütün liqalarda start heyətdə mövqeyi üzrə ən yaxşı formada olan oyunçu çıxış edər. İnanmıram ki, gələcəkdə hansısa Premyer Liqa klubu bilərəkdən yerli futbolçunu uzaqlaşdırıb, ya da ehtiyat skamyasına atıb, daha zəif legionerə şans versin. Adamı daş-qalağa tutarlar. Həmin baş məşqçi o qərarı verdiyi gün vəsiyyət məktubunu yazmalıdır. 

Sözümün canı budur, özünə inamı olan azərbaycanlı futbolçu qorxmalı deyil ki, aqibətim necə olacaq. Çıx oyna, özünü sübut et. Legioner limiti ləğv olunsa da, olunmasa da, əvvəlki cümlə keçərlidir. Sadəcə, legioner limitinin ləğvi bir çox futbolçularımızı şirin yuxudan ayıldacaq.