6 oyun, 5 məğlubiyyət, 1 qələbə. Bu "Qarabağ"ın Avropa Liqasındakı bu mövsümkü statistikasıdır.

Qəribə olsa da, reallıqdır. Qəbul etməliyik. Ağdam təmsilçisi avrokuboklarda uğursuzluq zolağındadır. Bunun səbəbi nədir? "Köhlən atlar" nə üçün Avropa Liqasında yaxşı nəticələr sərgiləyə bilmir? Gəlin, araşdıraq...

Yeni format, güclü rəqiblər... 

2024/25 mövsümündə UEFA avrokubokların formatında dəyişikliklər etdi. Artıq qrup mərhələsi yoxdur. Normalda dünən Avropa Liqasında Ağdam klubu üçün mübarizə başa çatmalı idi. Lakin "Qarabağ"ın qarşıda daha 2 oyunu var. Format dəyişikliyi Ağdam klubunun işinə yaramadı. Çünki Qurban Qurbanov və köməkçiləri əvvəllər 3 komandanı təhlil edib, sirlərini öyrənirdilərsə, indi 8 fərqli kollektivi araşdırmalıdırlar. Təbii ki, Azərbaycan çempionatı kimi zəif liqada çıxış edən bir klub üçün bu, o qədər də asan deyil. 3 komandanın sirrlərini öyrənmək daha rahatdır. 4 ay ərzində onları məğlub etməyin yollarını tapmaq olar. Amma say artanda işlər qəlizləşir. Bir sözlə, format dəyişikliyi Ağdam təmsilçisinin işinə yaramadı.

Çempionlar Liqası səviyyəsində rəqiblər

Etiraf etmək lazımdır ki, püşk "Qarabağ"ın üzünə gülmədi. "Tottenhem", "Ayaks", "Lyon" kimi rəqiblər təbii ki, Ağdam təmsilçisindən güclüdür. Qurban Qurbanovun dediyi kimi, "köhlən atlar" hələ də bu tip rəqibləri məğlub edəcək gücdə deyil. Nə qədər əzmkarlıq göstərsək də, xırda səhvlər komandanı məğlub duruma saldı. Ağdamlıların qarşılaşdıqları digər 3 rəqibin hamısı da Skandinaviya təmsilçiləri oldu. Bunlardan yalnız "Bude-Qlimt"i məğlub etməyə gücümüz çatdı. Öz dilimizə görə olan komandalar "Qarabağ"ı yaxşı təhlil edərək qələbə qazana bildi.

Yetərsiz heyət

Bu yarım başlıq qəribə görünə bilər. Lakin "Qarabağ"da heyət çatışmazlığı yaşanır. Təbii ki, bu fikir Avropa Liqasına aiddir. Ağdam təmsilçisinin heyətində meydana daxil olaraq komandanı gücləndirəcək 1-2 futbolçu var. Bu amil də "köhlən atlar"ın turnirdə tez-tez məğlub olmasına səbəb olur. Baxın, "Qarabağ"dan başqa hücumun mərkəzində oynayacaq sırf hücumçu yoxdur. Musa Qurbanlı zədədən sonra özünə gələ bilməyib. Nəriman Axundzadə sağ cinah vingeridir. Redon Cica Avropa Liqası üçün sifariş edilməyib.

Ağdam təmsilçisində cəmi 3 mərkəz müdafiəçisi var. Onlardan 2-i zədəlidir. Bəhlulun və ya Medinanın olmamağı müdafiədə boşluğun yaranmasına səbəb olur. Mateus Silva burada oynaya bilsə də, əsl mərkəz müdafiəçisi kimi performans sərgiləyə bilmir. 

Təbii ki, bu heyət Misli Premyer Liqasında çempion olmaq üçün yetərlidir. Çünki Musanın, Nərimanın, Addainin əsasda oynadığı heyət "Neftçi"ni, "Sabah"ı, "Kəpəz"i, "Zirə"ni rahat məğlub edir. Amma Avropa Liqasında işlər o qədər asan deyil...