“Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır”.
Xəlil Cibranın bu sözlərində bir nisgil var. Onsuz da livanlı yazıçı, rəssamın həyatı bütövlüklə kədərli anlardan ibarət olub. Məhz bu məqam Xəlil Cibranın yaradıcılığına müsbət mənada təsir edib.
“Futbol ancaq oyun deyil” deyimini bir çoxlarından eşitmisiniz. Bəlkə də bu fikir bir çoxlarına yad ola bilər. Amma bu sevgi ilə yaşayanlar futbolun ancaq oyun olmadığını anlayırlar. Məsələn, “Xəzər Lənkəran” klubu 27 may 2016-cı ildən etibarən fəaliyyətini dayandırıb. Amma hələ də Lənkəran təmsilçisinin qayıdacağı günün həsrətində olanlar var. Öz ölkəmizdə futbola, kluba belə dəyər verilirsə, bu necə ancaq oyun ola bilər?
“Xəzər Lənkəran” isə Azərbaycan futbolu üçün nisgildir. Hansı ki, yaşasaydı, bu gün 20 yaşı olacaqdı. 20 yaşlı bir nəsnə haqda keçmişdə danışmaq insana ağır gəlir. Elə bil cavan yaşda olan əzizini itirmisən. Amma həmin şəxs əcəli ilə dünyasını dəyişməyib. Kimsə başqasına güc gəlsin, öz işləri qaydasında getsin deyə klubu dağıtdılar...
Çox danışmağa gərək yoxdur. Səbabkar axtarmağa lazım deyil. Rəhbərliyin səhvlərini hamı bilir. Hər il “iddialı heyət formalaşdırırıq” adı ilə milyonlar xərcləndi. Düzdü, uğurlar oldu. Amma bəd-xərclik etməyərək indi komandanın yaşamasına şərait yaratmaq olardı. Eh, nəysə!
Bu gün “Xəzər Lənkəran”ın olmaması cənublu futbolsevərlərin qəlbində yaradır. Yaranış günündə klubun yaşamamasına səbəb olanlar güman ki, heç bu məqamı xatırlamırlar. Amma “Xəzər Lənkəran” milyonların qəlbində yaşayan sevgidir.
Xəlil Cibranın dediyi kimi: “hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır”. “Xəzər Lənkəran” bir gün qayıdacaq. Bunun Mübariz Mənsimovun rəhbərliyində olub-olmayacağını zaman göstərəcək. Onsuz da bununla bağlı mediada xəbərlər yazılır. Amma hər dəfə bir bəhanə ilə komanda bərpa olunmur. Sevgi elə bir mövhumdur ki, zaman keçdikcə qəlbdə kinə çevrilir. Ümid edirəm ki, “Xəzər Lənkəran” məsələsi də belə olmayacaq...
İLKİN SULTANLI