Son günlər ölkənin gündəmində 2 məsələ var.

 

Hə iki məsələ idmanla bağlıdır. Emin Çaqayev adlı məşqçi zalanın gələn şəxsləri fərqli tərzdə məşq etdirir. Azərbaycanlının videoları artıq dünyada trend olub. Təqribən 1 dəqiqə çəkən görüntüləri izləmək adamı idmana həvəsləndirir. Hələ də artıq çəkidən əziyyət çəkən insanlar üçün bu videolar motivasiyadır.

Manşetləri bəzəyən digər mövzu isə tanınmış MMA döyüşçülərinin öz həmkarlarını döyməsidir. Təsəvvür edin ki, 7-8 nəfər bir adamın üstünə düşərək sillə-təpiyin altına salır, yerdə sürüyür. Özü də həmin şəxs hadisənin baş verdiyi yerə 4 yaşlı oğlu ilə gəlir. Bunu edənlər kimlərdir? Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov,Rüfət Əsədov kimi tanınmış şəxslər. Döyülən Həsən Əzizov da polisə müraciət edib. Bundan sonra Bakı Şəhər Baş Polis İdarəsində Tofiq Musayev və Mehman Məmmədovdan başqa digərləri barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

İndi bu prosesləri izləyərək çıxılmaz vəziyyətdə qalıram. Yenicə ata olmuşam. Təbii ki, oğlumla bağlı xəyallarım var. Ən böyük arzularımdan biri övladımın peşəkar idmanla məşğul olmasıdır. Zamanında öz sağlamlığım bunu etməyimə imkan vermədi. Yarımçıq qalan xəyalları oğlumun həyata keçirməsini istəyirəm. Çaqayevin videolarını izlədikdən sonra bu istəyim daha da çoxalır. İstəyirəm ki, oğlumun gələcəyi sağlam olsun. Cəmiyyətə yararlı işlər görsün, ölkəmizin bayrağını yüksəklərdə dalğalandırsın. Amma Tofiq Musayev və Vüqar Kərəmovun xəbərlərini saytda dərc edəndə isə qorxu məni bürüyür. Düşünürəm ki, oğlum da idmanla məşğul olsa, qolunun gücünə arxalanıb kimisə övladının yanında əzişdirəcək. Bəlkə də mental dəyərləri əlinə bayraq edərək idmanla məşğul olmayan öz yaşıdlarını “doğru yola” gətirməyə çalışacaq. Bunu etməyənləri isə böyük ehtimal sillə-təpiyin altına salacaq. Ona görə də bu arzumun üstündən xətt çəkirəm. Düşünürəm ki, övladım gələcəyi ilə bağlı bütün seçimləri özü etsə, daha doğru olar. Öz istədiyi şəxsiyyətə sahib olsun. Bəlkə də beləcə xəta-bəladan uzaq olsun...

İLKİN SULTANLI