Misli Premyer Liqasının 21-ci turunun "Sabah" - "Səbail" matçından (4:0) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu cür hesabdan sonra danışmağın çətin olduğunu vurğulayıb:
"Belə hesabdan sonra danışmaq çətindir. Psixoloji gərginlik üzərimizdədir və bu səbəbdən rahat oynaya bilmirik. Futbolçular təzyiq altındadır. Matçın əvvəlində fərdi səhvlərdən qol buraxdıq. Belə rəqibə qarşı geridönüş etmək çətindir. "Sabah" hazırda Azərbaycanda ən yaxşı futbol sərgiləyən komandalardan biri, bəlkə də, birincisidir. Erkən qollar buraxdıq. Fasilədə futbolçularla danışdıq və dedim ki, oynamaq lazımdır. İkinci hissədə istədiyim futbolu görə bildim. Bu, gələcəyə nikbin baxmağa imkan verir. Belə çıxış edə bilsək, qarşıdakı oyunlarda yaxşı nəticə əldə edə bilərik.
“Səbail”in çalışdırıcısı heyətdə itkilər olduğunu qeyd edib: “İlk dəqiqələrdə sadə və müdafiədə etibarlı oynamaq istəyirdik. Rəqibin təzyiqinin qarşısını almağı düşünürdük. Erkən qollarda fərdi səhvlərimiz oldu. Özümüz özümüzə iki qol vurduq. Heyətdə 6 itki var. Bu zaman dəyişikliklər etmək də çətin olur. Bu vəziyyətdə geridönüş etmək çətindi. Yaradıcı oyunçu tapa bilmədim ki, irəlidə geridönüş yarada bilsin. Oyunumuzdan çox şey asılıdır. Bu gün fasilədən sonra yaxşı oynadıq. Belə davam etsək, yaxşı nəticələr əldə edə bilərik”.
Diniyev komandada gərginlik olduğunu söyləyib: “Komanda uzun müddət qələbə qazanmayıb. Bu səbəbdən də gərginlik var. Zədəlilərimizin qayıtması komandanı daha güclü edəcək. Qısa zamandır birlikdəyik. Tez bir zamanda hər şeyi aşılamaq çətindir. Boşluqlarımız var, onları doldura bilmirik. Legioner gətirib, yalandan otuzdurmaq da düzgün deyil. Hücumda yaradıcılıq çatışmır. Qış transfer dönəmində yaxşı futbolçu gətirmək çətindir. Son günə qədər çalışacağıq. Bir mövqe var ki, məni çox narahat edir. Son günlərdir, həll etməyə çalışacağıq”.
Mütəxəssis komandaya yeni qoşulan David Qomisin çıxışını belə dəyərləndirib: “Hələ tam hazır deyil. Sürəti, driblinqi var. Bu cəhətlərindən razıyam. Onu transfer etməklə düzgün seçim etmişik. Ümidlərimizi doğruldur”.
Ş.Diniyev vurğulayıb ki, “Səbail”in əsas məqsədi kubokda uğur qazanmaq yox, Premyer Liqada qalmaqdır: “Premyer Liqanı tərk edib, kuboku qazanacağıqsa, kubokdan imtina edərəm. Həm kuboka, həm çempionata eyni tərz yanaşacağıq”.
Çalışdırıcı deyib ki, kim məşqlərdə özünü yaxşı tərəfdən göstərirsə, ona da heyətdə şans verir: “Məşqlərə görə heyət seçirəm. Üstün olan meydana çıxır. Hazırda kimlər əsas heyətdədirlərsə, deməli, oynamağa layiqdirlər. Məşq prosesinə baxıb, qərar verirəm. Bu gün üç müdafiəçi ilə oyanamağı düşünürdüm, amma qorxduq. Anidən taktikanı dəyişmək istəmədim”.
Diniyev sələfi Mahmud Qurbanovun vaxtında "Sabah"ın “Səbail”ə hər iki oyunda uduzmasının rəqibə əlavə motivasiya verməsi haqda sualı belə cavablandırıb: “Bu gün rəqib daha ciddi yanaşdı. Əlavə motivasiya və aqressiya ilə oynadılar. Oyunda gördüklərim bunu deməyə əsas verir. Keçmiş keçmişdə qaldı. Hardan xal götürmək lazım olduğunu bilirəm”.