"TikTok" video platforması artıq sosial şəbəkələr arasında liderə çevrilib.
Loru dildə desək, Azərbaycanın yarısı hazırda bu platformada cəmləşib. Hər ötən gün də yüzlərlə şəxs "TikTok"a axın edir. Normaldır, insanlar baş qatmağa, vaxtını maraqlı keçirməyə, yeni informasiya əldə etməyə can atırlar. Bu platformanın özəlliklərindən biri odur ki, paylaşdığın videolar qısa zamanda "kəşfet"ə, yəni trendə düşə və mövcud alqoritm səni məşhur edə bilər. Eyni zamanda, istifadəçilər burada bir-birinə hədiyyə, dolayısı ilə pul da göndərə bilərlər. Nə isə, məqsədim "TikTok", ondan necə istifadə olunması haqda məlumat vermək deyil.
Deməli, artıq futbol ictimaiyyətimizin nümayəndələri də yavaş-yavaş bu patformada cəmləşir. Ötən illə müqayisə etsək, bu gün "TikTok"dan futbol ailəsinin xeyli üzvü aktiv istifadə edir. Onlardan biri də Azərbaycan millisinin və "Qarabağ"ın sabiq üzvü Vüqar Nadirovdur. Hər gün, xüsusən də gecə saatlarında onun canlı yayımlarına rast gəlirəm. İzləyicilərin futbol və digər mövzularda verdiyi suallarını cavablandırır. Bir neçə dəfə digər "tiktoker"lərlə yarışa qoşulduğunun da şahidi olmuşam. Burada qeyri-adi heç nə yoxdur...
Qəribəsi bilirsiniz, nədir? Vüqar Nadirov hazırda qalmaqalları, qeyri-etik ifadələri, xoşagəlməz hərəkətləri səbəbindən qınağa tuş gələn, hədiyyə (pul) üçün az qala dilənçi vəziyyətinə düşən "TikTok" "fenomenləri" ilə bərabər "Təkərdə" adlı şouda, eyni masa arxasında yer alıb. Yəni bu, bizim tanıdığımız Vüqar Nadirovdur? Vaxtilə "Qarabağ"ın heyətində "Visla"(Krakov, Polşa), "Sent-Etyen"(Fransa) klubları ilə keçirilən oyunlarda və digər avrokubok matçlarında vacib qolların müəllifi olan Vüqar Nadirov. Bir sözlə, adını Azərbaycan futbolunun tarixinə yazdırmağı bacaran oyunçulardan biri olan Vüqar Nadirov. Bu barədə çox şey yazmaq olar.
... Nadirov bu addımından sonra digər sosial şəbəkə istifadəçiləri tərəfindən gülüş hədəfinə çevrilib. Çoxu tənə vurur ki, azərbaycanlı futbolçuların gələcəyi budur və bundan da pis olacaq.
Məsələn, Azərbaycan millisinin daha bir sabiq üzvü Ceyhun Sultanov da "TikTok"dan aktiv istifadə edir. Lakin Sultanovun söhbətləri yalnız futbol ətrafındadır və canlı yayımlar sırf bu mövzuda açılır. Şəxsən onun "canlı"sını vaxt olduqca sonadək izləyirəm, maraqlı gəlir.
Vüqar isə nə qədər gec deyil, "Təkərdə"dən çıxsa yaxşıdır...