Futbolumuzda hazırda davam edən qış fasiləsindən istifadə edib, Azərbaycan Kuboku və çempionatına nəzər salarkən bir paradoks diqqətimizi çəkir. Misli Premyer Liqasının öndə gedən bir çox komandasının uzaq düşdüyü kubok oyunlarının yarımfinalında mübarizə aparan “Səbail” çempionat üzrə turnir cədvəlində sonuncu yerdədir...
Mövsümün ilk yarısında komandanın kubok oyunlarında "aslan" kimi savaşıb, çempionat oyunlarında "pişiy"ə çevrilməsi maraq doğurur. Keçən ilin may ayının 26-dan komandanın sükanı arxasında olan və dekabrın 26-da istefa verən Mahmud Qurbanov 7 aylıq dövründə "Səbail"i Azərbaycan Kubokunda "vəzir" edib, Premyer Liqada rəzil etdi.
Bir-birinə zidd olan bu göstəricinin səbəbini aydınlaşdırmaq üçün əvvəlcə “dənizçilər”in cari mövsüm statistikalarına nəzər salaq.
18 tura 10 xal toplayan “Səbail” turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komanda Mahmud Qurbanovun rəhbərliyi altında 2 qələbə, 4 heç-heçə və 12 məğlubiyyət yaşayıb. Rəqib qapısından keçirilən ümumi top sayı 13, buraxılan top sayı isə 33-dür. “Dənizçilər” qalibiyyətlərini IV turda “Kəpəz” (4:1) və IX turda “Sumqayıt”a (1:0) qarşı oyunlarda əldə ediblər. Komanda III və XI turlarda “Şamaxı” (1:1, 0:0), V turda “Sabah” (0:0), X turda “Turan Tovuz”dan (2:2) xal almağı bacarıb. “Səbail”in ən məhsuldar futbolçusu 5 qolla Ağabala Ramazanovdur. X turda zədələnən 29 yaşlı vinger uzun müddət yaşıl meydanlardan kənar qalıb və 5 tur “Səbail”ə yardım edə bilməyib. Komandanın cari mövsümün əvvəli və mövsüm gedişində transfer etdiyi Kizito Luvaqa, Mirabdulla Abbasov kimi hücumçular isə gözlənilən ümidləri doğrultmayıb. Beləliklə, klub rəhbərliyi ardıcıl 7 oyun Azərbaycan çempionatında xal üzünə həsrət qalan “Səbail”in çıxış yolunu baş məşqçi Mahmud Qurbanovla yollarını ayırmaqda gördü.
Komandanın Azərbaycan Kubokundakı performansına baxsaq, tamamilə fərqli “Səbail”lə qarşılaşırıq. 1/8 finalda MOİK-ə 4 cavabsız qolla qalib gələn Mahmud Qurbanovun kollektivi ¼ final mərhələsində əzmkarlıq nümayiş etdirərək “Sabah”ı kubokdan kənarlaşdırıb. Misli Premyer Liqasında 18 oyuna 13 qol vuran Bayıl təmsilçisi Azərbaycan Kubokunda bu məhsuldarlığın 50%-nə imza atıb (3 oyuna 8 qol).
Burdan belə bir nəticəni əldə edə bilərik ki, komandanın qarşısına məqsəd qoyulursa, aşa bilməyəcəyi sədd yoxdur. Mahmud Qurbanovun rəhbərliyi altında “dənizçilər”in gəmisi çempionatda yırğalanarkən, istiqamətini Azərbaycan Kubokuna yönəltmişdi. Cari mövsümün ikinci yarısına fərqli baş məşqçi ilə davam edən “Səbail”in gəmisi hələ ki, durğun sularda “Legiya” ilə “sülh”ə razılaşıb. İndiki halda isə yeni baş məşqçi Şahin Diniyevin qarşısında iki vəzifənin olduğu görünür: Komandanı çempionatın turnir cədvəlinin dibindən çıxarmaq və aprel ayında baş tutacaq AK üzrə “Qəbələ” ilə yarımfinal görüşlərində nəticə əldə etmək.
Daha iki yoldaşlıq oyunu və qış fasiləsindən sonra Misli Premyer Liqasına qaldığı yerdən davam edəcək “dənizçilər”in boğulması və ya üzə çıxması 57 yaşlı mütəxəssisdən asılı olacaq.
Günay Xəlil