Tarixlə maraqlananlar Gəncədə baş vermiş üsyanlardan, rus general Sisianovla Cavad xan arasında yaşanan əhvalatlardan xəbərdardırlar. Ümumiyyətlə, Azərbaycanın ikinci böyük şəhəri əsrlər boyu başıbəlalı məskən olub. Hələ 1231-ci ildə Gəncədə Usta Bəndərin başçılığı ilə Xarəzmşahlar rejiminə qarşı üsyan baş vermişdi. Ancaq bununla da bitməmişdi. Gəncə əhalisi 1920-ci ildə də Sovet işğalına son vermək üçün ayağa qalxmışdı. Buradan da yəqin olur ki, Gəncə və gəncəlilər hər zaman mübarizliyini, əzmkarlığını qoruyur.
***
Gəncə Azərbaycan tarixində necə önəmli yer tutursa, futbolunun da bir o qədər çəkisi var. Tarixi futbol ənənələri olan şəhərin yeganə təmsilçisi "Kəpəz"in düşdüyü durum azarkeşləri xeyli narazı salıb.
İş o yerə çatıb ki, gəncəli fanatlar "üsyan"a hazırlaşırlar. Bu "üsyan"a vəsilə olan, vəziyyəti qəlizləşdirən isə baş məşqçi Yaşar Vahabzadədir. 62 yaşlı çalışdırıcının rəhbərlik etdiyi "Kəpəz" birinci divizionda 19 oyuna cəmi 28 xal toplamaqla 13 kollektiv arasında turnir cədvəlinin 8-ci pilləsində özünə yer edib. "Kəpəz"in qərarlaşdığı pillə də gəncəli azarkeşlərə "yer edib". Fanatlar hər oyunda Vahabzadəni istefaya səsləyir, onun şəninə cürbəcür plakatlar nümayiş etdirirlər.
Plakatdan söz düşmüşkən, ötən tur "Turan Tovuz"la keçirilən matçda (2:3) gəncəlilər tribunalarda "Nəticələriniz gözümüzü YAŞARDIR" yazılı plakat açdılar. Həqiqətən də, çox kreativ və sərt mesaj dolu plakat idi. Sosşəbəkələrdə Azərbaycan futbolu ilə maraqlanan hər kəs bundan danışırdı. Səhifələr, media resursları da bu plakatı və "Kəpəz" azarkeşlərinin atdığı addımdan yazdı, paylaşdı.
Gəl ki, gəncəlilər, futbol ictimaiyyəti saydığını saydı, AFFA da öz saydığını. Bu plakata görə, "sarı-göylər" 160 manat məbləğində cərimə edildi. Səbəb olaraq isə o göstərildi ki, "Nəticələriniz gözlərimizi YaŞARDIR" ifadəsindəki "Ş" dolların nişanəsini ($) özündə ehtiva edir. Gülüncdür, elə deyilmi? Ümumiyyətlə, indiyədək hansısa ölkədə azarkeşlərin plakatlarda nəsə yazmaq üçün futbol federasiyasından və ya digər aidiyyatı qurumlardan icazə aldığını görmüsünüzmü? Bəlkə də olub, mən səhv edirəm. Azərbaycan futbolunda tez-tez belə "ilklərə", analoqu olmayan hadisələrə şahidlik edirik. Ona görə də, buna o qədər təəccüblənmirik.
Xülasə, indi gəncəli azarkeşlər Yaşar Vahabzadənin "xirtdəyindən yapışıb" və istefasını tələb edirlər. Fanatlar bu mübarizədə bir addım belə geri çəkilməyəcəklərini bildirirlər. Yəqin ki, Yaşar müəllim də narahatdır. Ölkənin köklü komandalarından biri bu durumda olarkən, hələ çılğın azarkeşlərinin ona qarşı qalxdığını görüb, təşvişə düşməməsi inandırıcı deyil.
P.S. "Kəpəz"in növbəti mövsümdən Azərbaycan Premyer Liqasında iştirak edəcəyi də (!) gözlənilir.
Daşqın Əziz