Hazırda ölkənin futbol gündəmini "Xəzər Lənkəran" klubuyla bağlı xəbərlər xoş mənada "zəbt edib".
Bugünlərdə Region Liqasında mübarizə aparan "Xan Lənkəran" komandasının adının dəyişdirilərək "Xəzər Lənkəran" olacağı ilə bağlı xəbər yayılıb. Hətta yerli mediada "Xəzər Lənkəran"ın FİFA-ya olan bütün borclarını bağladığı barədə məlumatlar da dolaşır. Bu informasiyanın nə dərəcədə səhih olub-olmadığı isə məlum deyil. Çünki vaxtilə cənubluların heyətində top qovmuş legionerlərdən biri Adrian Skarlatake verdiyi açıqlamasında hələ də klubun ona olan borcunu ödəmədiyini bildirib.
Xülasə, azarkeşlər, mütəxəssislər, idman mətbuatı - bir sözlə, bütün futbol camiəsi "ağ-yaşıllar"ın geridönüşünə səbirsizlənir.
Bəs, "Xəzər Lənkəran"ın yenidən futbolumuza qayıtması nə dərəcədə realdır?
Komanda qayıtsa, əvvəlki ajiotaj, anşlaq yenə olacaqmı?
Offsideplus.az olaraq bu suallarla "Xəzər Lənkəran" camiəsinin sabiq üzvlərinə tribuna verməyi lüzum gördük.
2006-2011-ci illərdə cənub təmsilçisinin "sükanı arxasında" olmuş əməkdar məşqçi, "Şöhrət" ordenli Ağasəlim Mircavadov:
"Cənub bölgəsində hər zaman futbol olub. Sizə hələ SSRİ dövründən danışıram. Azarkeş ordusuna isə söz ola bilməz. Lənkərandakı infrastrukturu da xüsusi qeyd etmək istərdim. Demək olar ki, hər cür şərait var. Eşitdiyimə görə, orada Olimpiya Kompleksinə məxsus meydançalar da mövcuddur. Yəni klubun Azərbaycan futboluna qayıtması çox yaxşı olar. O bölgədən xeyli istedadlı futbolçu çıxıb. Borc məsələsinə gəlincə, mən də bu məlumatları internet saytlarından oxudum. Belə düşünürəm ki, borcların bağlandığı barədə yayılan xəbərlər həqiqəti əks etdirə bilər. Lap yaxşı, təki bağlansın. Futbolumuza böyük xeyri var. Lənkəranda istər savadlı məşqçilər, istərsə də futbolçular hər zaman olub və olacaq. Bildiyimə görə, "Xan Lənkəran"ın 15 yaşa qədər alt qrupları da var. Ümumiyyətlə, bölgələrimizdə nə qədər çox klub olsa, futbolumuza bir o qədər xeyirdir. Fərqi yoxdur Region Liqası, Birinci Divizionda iştirak edir, ya Premyer Liqada. Həm də milli komandamıza futbolçu seçimi üçün yaxşı fürsət yaranar".
2012-ci ildə "Xəzər Lənkəran"ı çalışdıran və hazırda işsiz olan Yunis Hüseynov:
"Qayıtsa, çox sevinərik. Arzumuz budur ki, "Xəzər Lənkəran" geri dönsün, bölgə futbolunda canlanma yaransın. Bilirsiniz ki, Lənkərandır, Gəncədir, bu regionların futbola hər zaman dəstək olan azarkeşləri var. Adını çəkdiyim bölgələrdə futbol olanda sanki bayram ab-havası yaşanır. "Xəzər Lənkəran"ın yeri isə xüsusidir. Bu klubun yenidən Azərbaycan futboluna geri dönməsi çempionatımıza əlavə rəng qatacaq. Hətta mən belə düşünürəm ki, komanda qayıtsa, əvvəlkidən də böyük ajiotaj olacaq. Məlumdur ki, bu zonada azarkeşlər futbol üçün çox darıxıblar. Cənublu fanatlar başqa bir aləmdir. Hələ "Xan Lənkəran"ın Region Liqasında keçirdiyi oyunları izləməyə xeyli sayda tamaşaçı gəlir. Görün, diviziona, ya elitaya çıxsalar, nələr baş verər (gülür). Bu bölgədə futbol üçün hər bir şərait var. Əfsuslar olsun ki, o cür meydança (Lənkəran şəhər Mərkəzi Stadionu - red.) baxımsızlıq səbəbindən sıradan çıxır. Bu da insana pis təsir edir. Çünki bizim işimiz futboldur. İstərdik ki, futbolumuzun durumu yaxşı olsun.
Borcların bağlandığı barədə xəbəri isə mətbuatdan oxudum. Yadıma gəlir ki, o vaxt "Xəzər Lənkəran"ın futbolçulara borcu vardı. Açığı, bu barədə çox şey bilmirəm, məlumatım yoxdur deyə ətraflı cavab verə bilməyəcəyəm".
"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Hüseyn Cəbrayıloğlu:
"Klubun geridönüşü üçün bəzi öhdəliklər yerinə yetirilməlidir. Ki, bunlardan əsası futbolçulara olan borclar və buna görə beynəlxalq futbol qurumunun verdiyi qərarların icrasının yerinə yetirilməsidir. Digər tərəfdən Region Liqasında komanda saxlamaq üçün ciddi vəsait tələb olunmur. Amma Premyer Liqada çıxış etmək üçün ciddi məbləğ, böyük bir administrativ heyət, geniş məşqçilər heyəti, avtopark lazımdır. Təkcə akademiyanın saxlanmasına lazım olan xərc hazırda Premyer Liqada çıxış edən klublardan çoxunun büdcəsinə bərabər sayıla bilər. Çünki digər klublardan fərqli olaraq siz bölgədə yerləşirsiniz və daxili yarışlar üçün daimi yollarda olacaq qrupların yol, amartizasiya, hotel, yemək xərclərini qarşılamağınız lazımdır. Hər qrupa məşqçilər, tibbi nümayəndə və bütün akademiyanın tam geyim "ekipirovka"sını əlavə edin. Başqa bir məsələ, akademiyanı qurmaq üçün illər lazımdır və ən yaxşı halda qonşu rayonlardan uşaqlar tapılmalıdır. Onların da hər gün məşqə gəlib-getməsini bəzən qalmasını, qidalanmasını da əlavə edin. Mən hələ əsas komanda və onun xərcinə gedib çıxmamışam. Sağ olsun, "Xan Lənkəran" klubunun sponsoru, futbola diqqət ayırır, cibindən təkbaşına məbləğ ayırır, futbolsuz qalan bölgəyə yeni ab-hava gətirir. Amma təkdir və düşünmürəm ki, onun pulu Mübariz Mənsimovun vəsaitinin hətta 1/3-i qədərdir. Bu durumda da o, nə qədər dözəcək, davam edəcək bilinmir. Ən pis olan isə müşahidəmə görə yanında futbol adamının olmaması, futbol funksionerinin yoxluğudur. Ona görə birinci funksionerleri tapmaq, bundan sonra "biz hara gedirik?" sualı ətrafında düşünmək lazımdır".
"Ağ-yaşıllar"ın çərçivəsini qorumuş, bu yaxınlarda karyerasını bitirdikdən sonra milli komandalarımızda qapıçılar üzrə məşqçi kimi çalışan Kamran Ağayev isə mövzu ətrafında danışmaq istəmədi.
Daşqın Əziz