"Çinar Zəngilan" komandasının kapitanı Azər Balıyevin Offsideplus.az saytına müsahibəsini təqdim edirik:
– Hazırkı durumunuz necədir?
– Cari durumumuz maddi baxımdan zəifdir. Amma komanda şəkilində ruh yüksəkliyimiz əladır. Sadəcə, maliyyə problemləri planlarımızın qarşısını alır.
– Məşqlərinizi harada keçirsiniz?
– Hazırlıqlarımızı "ASK Arena"nın 4-cü meydançasında keçirik.
– Ev oyunları zamanı rəqiblərinizi harada qəbul edirsiniz?
– Çox vaxt "ASK Arena"nın ehtiytat meydançasında.
– Region Liqasına çıxmaq barədə planlarınız varmı?
– Planlarımız var idi. Sadəcə, maddi çatışmazlıq ucbatından alınmadı. Klubun maliyyəsi 3-4 nəfərin köməyi ilə qarşılanır.
– Kimlərdir o şəxslər ? Adlarını açıqlaya bilərsiniz?
– Əlbəttə, mən özüm də ən başda klubun adının tanınması üçün əlimdən gələni edirəm. Əli Bəşirov, Şamil Hüseynzadə, İsmayıl Mirzəzadə, Fərrux Əliyev, Firad Rahdari və Ariz Hüseynov kimi şəxslər kluba kömək olurlar. 2 dəst formamız var. Birini 2-3 nəfərin hesabına aldıq. İkinci formamızı isə Ariz Hüseynov və mən söz vermişdik ki, torpaqlarımızın azad olunma xəbərin alan kimi, forma alacağıq. Şükürlər olsun ki, torpaqlarımız düşmən torpağından azad oldu və biz də tutduğumuz sözə əməl etdik. İstəyirəm ki, düşmən tapdağından azad olan torpaqlarımızı təmsil edən komandalara dəstək olunsun. Bu, futbolumuzun inkişafına da töhfə verər.
–İşğaldan azad olunan rayonun adını təmsil etmək necə hissdir?
– Çox qürürverici hissdir. Həm də komandanın rəhbəri və baş məşqçisi Anar müəllimin də doğulduğu yerdir.
– Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki çıxışını necə dəyərləndirərdiniz?
– Çox pis oldum. Açığı, yaxşı nəticə gözləyirdim. Bəlkə də bu hislərim vətən sevgisindən irəli gəlir.
– Canni de Byazi ilə yeni müqavilə imzalandı. Sizcə, bu, düzgün addım idi?
– Mənim fikrimcə, bizim futbolu bilən məşqçi gəlsəydi, daha yaxşı olardı. Məsələn, türkiyəli mütəxəsislərdən.
– Sizcə, yığmanı yerli mütəxəssis çalışdırmalıdır, yoxsa əcnəbi?
– Milli üçün ən ideal variant Qurban Qurbanovdur. Sadəcə, başa düşə bilmirəm ki, niyə onu gətirmədilər.
– Rəşad Sadıqovun adı milli ilə hallanır. Bu addım xeyirli olar?
– Əlbəttə, çox sevinərəm. Çünki Rəşad Sadıqov uşaqlıqdan bəyəndiyim futbolçu olub. Hörmətim də böyükdür. İnşallah, xeyirlisi olar.
Cavid Əliyev