İdman sağlamlığın rəhnidir...
Yerində ifadə olunan bu deyim həyatın hər anında aktuallığını qoruyur. İdmanın bütün növləri ayrı-ayrılıqda sağlamlıq, həm fiziki, həm də psixoloji cəhətdən möhkəmlikdir. Elə idman növləri də var ki, onlarla təkcə xüsusi infrastruktur, məkanlar çərçivəsində yox, hər yerdə məşğul olmaq mümkündür. Məsələn, velosiped. Uşaq olarkən hər birimiz velosipedimizin olmasını istəmişik. Velosiped təkcə idman etmək üçün yox, nəqliyyat vasitəsi kimi də istifadə olunur. Bir çox ölkələrdə bu qurğudan ən əlverişli nəqliyyat vasitəsi kimi istifadə edilir. İnsanların rahatlığı üçün getdikcə cürbəcür velosipedlər icad olunur. Elə kiçik velosipedlər var ki, onlar minik maşının yük yerinə yerləşir. Açılıb bükülənləri də mövcuddur. Onları cəmi bir neçə dəqiqə ərzində iki hissəyə ayırmaq və yenidən birləşdirmək mümkündür. Belə velosipedlər şəhər əhalisi üçün çox əlverişlidir.
Öz gördüyüm mənzərəni də misal çəkə bilərəm. Məsələn, bu il "Neftçi"nin UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə Finlandiyanın HİK komandasıyla keçirəcəyi oyun üçün aparılan jurnalist heyəti içərisində mən də var idim. Paytaxt Helsinkinin dörd bir tərəfində demək olar ki, velosipedlər üçün xüsusi hərəkət zolaqları var. Əgər onların yoluna çıxıb, hərəkətlərinə mane olsan, cərimələnə bilərsən. Bu mədəniyyət artıq təkcə Finlandiya yox, əksər Avropa ölkələrində həyatın ayrılmaz tərkib hissəsidir. Həmçinin 3 il əvvəl səfərdə olduğum Çinin Pekin və Şanyxay şəhərlərini də bu mövzuda uğurlu nümunə kimi göstərə bilərəm. Çox istərdik ki, ölkəmizdə, ələlxüsus, Bakıda da velosipedlərin hərəkəti üçün xüsusi infrastruktur, hərəkət zolaqları yaradılsın. Düzdür, paytaxtın bəzi hissələrində salınıb, ancaq kütləvilik yoxdur. Bu şərait tam yaradılınca, demək olar ki, ölkədə tıxac problemi də qismən aradan qalxacaq. İnsanlar həm rahatlıqları, həm də sağlamlıqları üçün velosipedlərə üz tutacaqlar.
Digər tərəfdən də, bu gün dünyada velosiped idmanı üzrə beynəlxalq səviyyəli yarışlar keçirilir. Bunlardan ən nüfuzlusu isə Fransada keçirilən "Tour de France" beynəlxalq turniridir. Hər il təşkil edilən kişilərin çoxpilləli velosiped yarışlarında dünyanın ən güclü idmançıları mübarizə aparırlar. Azərbaycanda da velosiped idmanı üzrə beynəlxalq yarış keçirilib. Belə ki, 2014-cü ildə ölkəmizdə "Tour d'Azerbaidjan-2014" beynəlxalq veloyürüşü baş tutub. Dünyanın istənilən ölkəsindən təşrif buyuran idmançılar Azərbaycan yollarında şütümüşdülər. Bu, həm də Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması baxımından əlamətdar hadisə olmuşdu. Bundan əlavə, tez-tez paytaxtımızda velöyürüşlər də təşkil olunur.
***
Bu gün Azərbaycanda Velosiped İdmanı Federasiyası fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Velosiped İdmanı Federasiyasının üzərinə ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər qoyulub. Bütün idman növlərində olduğu kimi, velosiped idmanında da hər şey təməldən başlayır. Bu gün əsas diqqət uşaq və yeniyetmələrin inkişafına yönəldilməlidir. "Tour de France" kimi dünyasəviyyəli, mötəbər yarışlarda ölkəmizi təmzil edəcək idmançılar da məhz bugünkü diqqət və qayğının, yaradılan şəraitin fonunda yetişən uşaqlar olacaqlar.
Bugünlərdə Azərbaycan Velosiped İdmanı Federasiyasında rəhbər dəyişikliyi də baş tutdu. Nazir Fərid Qayıbovun da iştirakı ilə Gənclər və İdman Nazirliyində keçirilən konfransda AzVİF son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirildi. Səsvermənin nəticəsinə əsasən Müdafiə sənayesi naziri Mədət Quliyev federasiyanın yeni prezidenti seçildi.
O, 2011-ci ildən bu postda çalışan sabiq vergilər naziri Fazil Məmmədovu əvəzlədi. Bu islahatlar isə onu göstərir ki, ölkəmizdə idmanın bu növünün dirçəldilməsi yönündə ciddi addımlar atılır.
Bəs hazırda Azərbaycanın velosiped idmanında durum necədir?
Uşaq və yeniyetmələrin bu idman növünə marağı hansı səviyyədədir?
Azərbaycanda velosiped kütləvi idmana və nəqliyyat vasitəsinə çevriləcəkmi?
Suallarımızı tanınmış velosipedçimiz, Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil etmiş Elçin Əsədova ünvanladıq.
O, ilk olaraq cari durumdan bəhs etdi:
“Bir dönəm Azərbaycanda velosiped idmanı yüksək səviyyədə idi. Ancaq 2018-ci ildən sabiq prezident Fazil Məmmədovun postundan ayrılması bir az sıxıntılar yaratmışdı. Belə ki, velosiped idmanında müəyyən geriləmələr olmuşdu. Ancaq ümid edirik ki, bu gün Mədət Quliyevin Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni prezidenti seçilməsi bu sahədə yenidən canlanmaya səbəb olacaq. Özüm Avropanın bir neçə şəhərində yaşamışam. Legioner kimi xarici ölkələrin klublarında çıxış etmişəm. Son vaxtlar Azərbaycanda oluram və burada gördüyüm mənzərə məni həqiqətən də çox sevindirir. Peşəkar idmançıları bir kənara qoysaq, həvəskar şəxslərin velosipedə olan marağı təqdir olunmalıdır. Məsələn, həftəsonları Bilgər qəsəbəsi istiqamətinə gedəndə, qruplar şəklində velosiped sürən həvəskar insanları görürəm. Bu, şəxsən mənim üçün çox sevindirici məqamdır. Həftədə 3-4 saat məşq edirəm və həmin vaxtlarda təxminən 50 nəfəri müşahidə edirəm. Hansı ki, onlar 3-5 və ya daha artıq saya malik qruplarla velosiped sürürlər.
Bu, o deməkdir ki, ölkəmizdə artıq həmin proses başlayıb. Həmçinin, onların içərisində azyaşlılar da olur. Valideynlər özləriylə övladlarını da gətirir və bu idman növüylə məşğul olmağa onlarda həvəs yaradırlar. Müşahidələrimə əsasən onu da qeyd edə bilərəm ki, velosiped sürən həvəskar şəxslərin çoxu bu idman növü üçün lazım olan xüsusi geyim formalarından da istifadə edirlər. Bura dəbilqələr və digər əşyalar daxildir. Bu da eynən Avropa ölkələrindəki profissional həvəskarların etdiyi üsuldur. Mən bütün bu halları görüb, sevinirəm. Allaha şükür ki, bizdə də artıq bu oyanış, proseslər başlayıb. Gəlin etiraf edək ki, velosiped idmanında bu hərəkatın başlamasının səbəbkarı məhz cari federasiya prezidentimiz Mədət Quliyev olub. Onun bir dönəm işə velosipedlə gedib-gəlməsi, paytaxtımızda bir sıra veloyürüşlərdə iştirak etməsi bugünkü mənzərənin əsasını qoyub desəm, yanılmaram”.
İdmançı hazırkı infrastruktur, velosipedlər üçün salınmalı olan xüsusi hərəkət zolaqları barərə də danışdı:
“Burada əsas məsələlərdən biri də yollardır. Valideynlərin çəkindiyi, ehtiyat etdiyi nüanslardan biri yol qəzası təhlükəsidir. Buna görə əksər ailələr övladlarına velosipedlə şəhərin küçələrində dolaşmağa icazə vermirlər. Ancaq mən inanıram ki, bu şərait də yaradılacaq və biz buna doğru gedirik. Artıq bir neçə ərazidə salınıb. Məsələn, Bilgəh yolunda, Sumqayıtda velosipedlər üçün salınan xüsusi hərəkət zolaqlarının şahidi olmuşam. O cümlədən, Bakı şəhərinin bir sıra ərazilərində də bu infrastruktur mövcuddur. Yəni, bu proses başlayıb və hər şey birdən-birə qurula bilməz. Bu, bir layihədir və zamanla arzusunda olduğumuz şərait yaradılacaq. Bir məqamı da qeyd edim ki, artıq müasir gəncliyimiz Avropa mentalitetinə uyğunlaşmağa başlayıb. Məhz mentalitetin dəyişməsi üçün müəyyən bir vaxt lazımdır. Bu, çox önəmli faktordur. Əvvəllər Azərbaycanda “şortik” geyinən, velosipedlə hərəkət edən şəxslərə bir qədər “xor baxırdılar”, ancaq indi yavaş-yavaş bu təfəkkürdən çıxılıb və Avropadakı dəyərlərə doğru gedirik. İnanıram ki, hər şey yaxşı olacaq”.
Əsədov Tokio-2020-dəki çıxışı barərə təəssüratlarını da bölüşdü:
“İlk olaraq onu bildirim ki, indiyə qədər azərbaycanlı idmançılar içərisində (legionerləri çıxmaq şərtilə) Yay Olimpiya Oyunlarına lisenziya qazananı olmamışdı. Bu, hansısa xarici məşqçilər, doktorlar, idmançıların dəstəyi ilə olmadı. Azərbaycan idmançısı öz inamıyla, maddi dəstəyi və təcrübəsiylə bu səddi aşmağı bacardı. Velosiped idmanı içrə həm kainatın 1 nömrəli idman yarışında olmaq, həm də uzun müddət liderlər qrupunda mübarizə aparmaq həqiqətən də ölkəmiz adına böyük uğurdur. Məsələn, 270-dən çox ölkədə canlı yayımlanan yarışlarda təxminən 2 saat ərzində Azərbaycanın davamlı şəkildə adı çəkildi. Mən ora turist kimi gəzməyə yox, Azərbaycanımızı layiqincə təmsil etməyə getmişdim. Və düşünürəm ki, bunun üçün əlimdən gələnin ən yaxşısını etdim. Həm də, orada dünyanın say-seçmə, ən güclü velosipedçiləri mübarizə aparırdılar. Biri var ki, “Tour de France”da sürüb gələsən, biri də var adıçəkilən yarış səviyyəsində iki turnirdə iştirak edib təşrif buyurasan. 133 idmançıdan hardasa 120-sinin büdcəsi, müqaviləsi ildə 5 milyon avrodur. Mənim aldığım maaş isə 350-500 manat. Təsəvvür edin, həmin idmançıların öz ciblərindən təkcə həkimlərinə verdikləri pulun məbləği 3 min avrodur. Məndə isə belə bir imkan yox idi. Məhz sadaladığım bu nüansların fonunda Azərbaycan idmançısı öz bacarığı, təcrübəsi ilə liderlər qrupunda yer almağı bacarıbsa, demək ki, bu, ölkəmiz adına uğur sayıla bilər. Misal üçün, Ukrayna kimi velosiped idmanı bizdən qat-qat öndə olan bir ölkənin adı həmin vaxt bir dəfə də olsun çəkilmədi.
Orada ən tanınmış velosipedçilər vardı ki, mənə xüsusi rəğbətlə yanaşırdılar. Eləsi vardı ki, adımı çəkmirdi. Sadəcə olaraq, mənə “Azerbaijan, good job!”, - deyə səslənirdilər. Bu da mənə xüsusi motivasiya və qürur hissi yaşadırdı. Yəni, bunu Elçinin şəxsinə yox, Azərbaycanın ünvanına deyirlər. Sevinirdim ki, mən bura boşuna gəlməmişəm. Bir məqamı da diqqətinizə çatdırım ki, mən son 4 ildir legioner həyatı sürürəm. Ukrayna, Bəhreyn və Türkiyə kimi ölkələrdə azərbaycanlı idmançı olaraq legioner həyatı yaşayıram. Bu da Azərbaycan velosiped idmanında bir ilkdir. Çünki indiyədək azərbaycanlı velosipedçilər arasında heç kim xarici ölkələrə çağırılmamışdı. Yəni, məni kimsə tapşırmayıb və məsləhət görməyib. Onlar məni izləyiblər, gücümə bələd olublar və öz komandalarında görməyə can atıblar.
Son olaraq onu deyim ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu şanlı tarix yazdı. Biz artıq xarici ölkələrdə başıuca gəzə bilirik. Bütün bunların səbəbkarları isə qəhrəman şəhid və qazilərimizdir. Düşünürəm ki, bizim illərdir etməyə çalışdığımız, qazandığımız uğurlar ordumuzun göstərdiyi rəşadətin qarşısında heç nədir. Əsl tarix döyüş meydanında yazıldı. Biz bütün şəhid və qazilərimizə borcluyuq. Bundan sonra qazanacağımız hər bir uğuru onlara həsr edəcək və bir ömür boyu qəhrəmanlarımızı unutmayacağıq. Yaşasın, qalib ordumuz, ölkəmiz!”.
Daşqın Əziz
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.