Tovuz futbolunun yetirməsi və hazırda "Keşlə"də çıxış edən Amil Yunanov DÇ-2022-nin seçmə mərhələsində millimizin çıxışı, karyerası və ölkə futbolunda baş verən hadisələr barədə Offsideplus.az-ın suallarını cavablandırıb...
– Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki çıxışını necə dəyərləndirərdin?
– Ürək açan nəticələrimiz olmadı. Amma qrupda yaxşı oyunlar keçirdik.
– Canni de Byazinin yığmamız üçün hansısa bir xeyir verdiyini düşünürsən?
– Ola bilər ki, yaxşı nəticələri olmadı. Ancaq məşqçi kimi təcrübəli biridir. Çox çalışdı ki, milli üçün nəsə etsin.
– Sənin fikrincə, millini yerli mütəxəssis çalışdırmalıdır, yoxsa əcnəbi?
– Yerli mütəxəssis olsa, daha yaxşı olar.
– Mətbuatda Rəşad Sadıqovun adı yığmamız ilə hallanır. Səncə, bu seçim uğurlu olar?
– Əlbəttə, Rəşad Sadıqov millimiz üçün xeyir verər.
– Yenidən milliyə qayıtmaq barədə düşünürsən?
– Gərək öz klubumda daimi oynaya biləm ki, yığmaya da dəvət alam. Əsas heyətdə çıxış etməyəndə itib-batırsan. Milli komandaya dəvət almaq və o formanı geyinmək hər bir kəsin arzusudur.
– "Keşlə"dəki hazırkı durumundan razısan?
– Xeyr! Ehtiyatda gününü keçirən futbolçu hazırkı durumundan razı ola bilməz.
– Bir müddət klubsuz qaldın. Bunun səbəbi nə idi? Təklif gəlmirdi, yoxsa şərtlər səni qane etmirdi?
– Bunun səbəbi çoxdur. Lakin o günlərə qayıtmaq istəmirəm. Təklif də gəlmirdi.
– Növbəti mövsümdən "Keşlə"nin adı dəyişdiriləcək və Şamaxını təmsil edəcək. Bu, regionlarda futbolumuzun inkişafına təkan verəcək?
– Klublarımızın sayı regionda nə qədər çox olsa, daha yaxşıdır. İnşallah, təki futbolumuz inkişaf etsin.
Cavid Əliyev