Ölkəmizdə ənənəvi idman növlərindən biri də cüdodur.

1882-ci ildə Yaponiyada yaranan və sürətlə bütün dünyaya ayaq açan Ciu-Citsu döyüş növünün qaydaları əsasında formalaşan cüdo Azərbaycanda da xeyli populyarlıq qazanıb. Təsadüfi deyil ki, zaman-zaman idmançılarımız Avropa, dünya miqyaslı turnirlərdə, ələlxüsus kainatın 1 nömrəli idman yarışı olan Olimpiya Oyunlarında cüdo yarışlarında aktivinə medallar əlavə edib. Yaxın keçmişə boylansaq, cüdoçularımızın 2008-ci ildə Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarındakı çıxışını və uğurunu mütləq qələmə almalıyıq. Belə ki, Pekində 10 növ üzrə 44 idmançı ilə təmsil olunan Azərbaycan kisəsinə 6 medal qoya bildi ki, bu medalların ikisi də cüdoçuların payına düşdü. Mötəbər yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Elnur Məmmədli bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. "İppon"la qarşısına çıxanı məğlub edən Məmmədovu mükafatlandırılma mərasmində ölkə başçısı cənab İlham Əliyev şəxsən təbrik etdi. Bu, müstəqil Azərbaycanın Olimpiya Oyunlarında cüdo üzrə ilk və möhtəşəm uğuru idi. Ardınca 100 kiloqramda Mövlud Mirəliyev ölkəmiz adına altıncı, cüdomuz adına ikinci medalı qazandı. Mirəliyevin medalının əyarı isə bürünc oldu.

...səbrsizliklə gözlənilən 4 il və uğursuzluq

WhatsApp Image 2021 08 30 at 21.46.19

Pekindəki nailiyyətin ardınca idmançılarımız əzmlə 2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına hazırlaşırdı. Bu olimpiadada medal və əyarlar artdı. Azərbaycan 2 qızıl, 2 gümüş və 6 bürünc olmaqla 10 medal qazandı. Ancaq təəssüf ki, cüdoçularımız bu "10-luğ"a düşə bilmədi. Londonda bir cüdoçumuz da medalçılar siyahısına adını yazdıra bilmədi. Çindən İngiltərəyə qədər olan zaman kəsiyində cüdoçularımızdan da böyük uğurlar gözlənilirdi ki...

İl oldu 2016. Braziliya paytaxtı Rioda keçirilən XXXI Yay Olimpiya Oyunlarında ölkəmiz 17 idman növündə 56 idmançı ilə təmsil olunurdu. Bu yarışda yalnız iki cüdoçumuz - Rüstəm Orucovla Elmar Qasımov "gümüş" qazana bildi. "Qızıl" həsrətimiz artıq iki olimpiadadır ki, davam edirdi...

Gecikən Olimpiada və bitməyən "qızıl" həsrəti...

Ötən il pandemiya səbəbindən dünyada bütün mötəbər yarışlar ertələndi. Ki, onların siyahısında Yaponiya paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları da vardı. Bu yay keçirilən mötəbər turnirdə Azərbaycan əvvəlkilərlə müqayisədə daha böyük uğursuzluğa düçar oldu. "Qızıl"sız və cəmi 7 medal. Bu "7"dən də biri cüdonun payına düşdü. 78 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İrina Kindzerska "bürünc"lə kifayətlənməli oldu. Təbii ki, bu nəticə Azərbaycan kimi idman ölkəsinə yaraşmadı. Narazılıq, giley-güzar, tənqidlər olundu. Təkcə cüdoya yox, hamısına. Ancaq qısa müddət sonra Paralimpiya millimiz idmansevərlərin könlünü aldı. Tokio-2020 Paralimpiya Oyunlarında idmançılarımız möhtəşəm nəticələrə imza atdı və atmaqda davam edir. Cüdo yarışları isə artıq başa çatıb. Bu idman növündə nə az nə çox, 6 qızıl, 2 bürünc olmaqla ümumilikdə 8 medal qazandıq. "Qızıl"lar bir-birini əvəzlədi. Paralimpiyada qazanılan uğur müəyyən mənada olimpiyaçılarımızın uğursuzluğu fonunda idmansevərlərin "ürəyinə su səpdi".

WhatsApp Image 2021 08 30 at 21.46.20

Müstəqil Azərbaycanın tarixində ilk və yeganə dünya çempionu, millimizin sabiq baş məşqçisi Elxan Məmmədov hazırki durumu şərh edərkən diqqəti yeniyetmələrdən ibarət milli komandamıza yönəldib və onların Avropa çempionatında qazandığı uğurlu nəticəni ön plana çəkib:

"Hər şey göz qabağındadır. İdmançılarımız Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuzluğa düçar oldu. Ancaq bu yaxınlarda yeniyetmələr arasında təşkil olunan Avropa çempionatında cüdoçularımız çox yaxşı çıxış etdilər. Qazanılan altı medaldan üçünün əyarı qızıl oldu. Paralimpiya Oyunlarında da idmançılarımız uğurlu qrafik cızdı".

Məmmədov sərt karantin dövrü ilə son ayları müqayisə edərkən bildirdi ki, bu zaman kəsiyində ölkədə məşqlərin ləğv edilməsinə görə, hansısa idmançı cüdodan uzaqlaşmayıb:

"Elə hallar olmayıb. Məqsədi olan cüdoçu heç vaxt bu sahəni atıb getməz. Ola bilər ki, hansısa çətinlikdən dolayı idmandan uzaqlaşalar, ancaq böyük ölçüdə deyə bilərəm ki, bu, pandemiya ilə əlaqədar deyil. Bölgələrdə cüdonun inkişafı ilə bağlı danışırıqsa, rayonlarımızda regional məşqçilər var. Gəncə şəhərinin adını xüsusi qeyd etmək istərdim. Əsas nəticə verə biləcək idmançılar məhz Gəncədən gəlir. Reallığa söykənsək, əgər yeniyetmələrimiz bu gün Avropa çempionatında 6 medal qazanırsa, bu, gələcəyə ümidlə baxmağa rəvac verir. Odur ki, nikbinliyimizi itirməməliyik".

Uşaq və yeniyetmə cüdoçularımızdan danışırıqsa...

Bu yaxınlarda Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa çempionatı keçirildi. Azərbaycan cüdoçuları bu turnirdən əliboş qayıtmadı. Belə ki, milli komandamız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı. Xəyal Həsənov (50 kq), İslam Rəhimov və Aydan Vəliyeva bütün rəqiblərinə qalib gələrək Avropa çempionu oldusa, Aydın Rzayev (60 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görüldü. Daha iki cüdoçumuz, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) isə bürünc medal qazanıb. Bu uğur sabaha ümidlə boylanmağa rəvac verir. Cüdo mütəxəssislərimiz, məşqçilər yeniyetmələrin qazandığı nailiyyəti qabardaraq, bunun yaxın gələcəkdə Azərbaycan cüdosuna töhvəsini verəcəyini bildirir.

Gənc və yeniyetmələrdən ibarət milli komandamıza cüdoçuların cəlb olunması qaydası:

WhatsApp Image 2021 08 30 at 21.46.20 1

Ümumiyyətlə, həm gənclər, həm də yeniyetmələrdən ibarət milli komandaya Azərbaycanın ən perspektivli cüdoçuları cəlb olunur. Onlar isə ölkə çempionatının nəticələrinə görə müəyyənləşdirilir. Respublika çempionatında yer tutan – müvafiq olaraq, birinci, ikinci və üçüncü yerdə qərarlaşan cüdoçular milli komandaya cəlb olunur. Bundan əlavə, beçinci və ya yeddinci yer tutan digər perspektivli cüdoçular da milliyə çağırılır. Onlar mütəmadi olaraq beynəlxalq yarışlara gedir, həmin yarışlarda yaxşı nəticə göstərən cüdoçular isə gənclər və yeniyetmələrdən ibarət milli komandanın özəyini təşkil edir.

Legionerlərə gəlincə. Yeniyetmə və gənclərdən ibarət milli komandanın heyətində legionerlər yoxdur. Ukrayna, Rusiya kimi yaxın ölkələrin vətəndaşı olan azərbaycan əsilli idmançılar Azərbaycan çempionatına buraxılır. Nəticə versələr, məşqçilərin də təqdimatına əsasən milliyə cəlb olunurlar. Milliyə cəlb olunan uşaqlar hansı bölgələrimizi təmsil edirlər? Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlının müavini Elnur Əşrəfoğlunun verdiyi məlumata görə, federasiyasının qarşısında duran əsas məsələlərdən biri də bu idman növünün ölkəmizin bütün bölgələrində inkişaf etdirilməsidir:

“Bu günümüzdə ölkənin bütün bölgələrində cüdo zalları fəaliyyət göstərir. Həmin zallara təmənnasız olaraq tatamilər təqdim olunub, məşqçilər işə götürülüb. Regionlarla İş üzrə Komitəmiz buna nəzarət edir. Regionlarda məşqçilər var, onlar cüdonun sirrlərini uşaqlara öyrədirlər. Hər il ənənəvi olaraq Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kiçik yaşlı cüdoçular arasında bölgə yarışları keçirilir. Orada qalib gələn cüdoçular Respublika Birinciliyinə vəsiqə qazanır. Bugünkü gündə yeniyetmə və gənclərdən ibarət milli komanda, eləcə də beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançılar arasında region cüdoçuları da var. Bir faktı qeyd edim ki, Zaqatala, İsmayıllı, Masallı kimi bölgələrimizdən olan idmançılar yeniyetmələrarası Avropa çempionatında uğur qazanan cüdoçular arasındadır”.

Xatırladaq ki, Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Onlardan, Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Yalnız final görüşündə məğlub olan Aydın Rzayev (60 kq) gümüş medala layiq görülüb. Digər cüdoçular - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) isə yarışı bürünc medalla başa vurublar.

Gənc və yeniyetmələrdən ibarət millimiz il ərzində neçə beynəlxalq yarışda iştirak edirlər?

Məşqçilərin təqdim etdiyi təqvim planına əsasən yeniyetmə və gənclərdən ibarət milli komandalarımız yarışlarda iştirak edir. İl ərzində keçirilən Avropa və dünya çempionatlarında idmançılarımız qüvvələrini sınayır. Bundan əlavə, Beynəlxalq Cüdo Federasiyasının təşkil etdiyi Avropa kuboku və yaxud digər beynəlxalq turnirlərə də cüdoçular göndərilir.

Hazırda cüdo üzrə aşağı yaş qruplarında vəziyyət necədir? Hansı işlər görülür?

WhatsApp Image 2021 08 30 at 21.46.21

Suallarımızı Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət komandasının baş məşqçisi Ramiz Ramizzadə cavabladı. Mütəxəssis ələlxüsus, yeniyetmə cüdoçuların vəziyyətini qabardaraq, hazırda vəziyyətin çox yaxşı olduğunu bildirdi, həmçinin federasiyanın gördüyü işlərdən danışdı:

"Yeniyetmələrdən ibarət komandalarda vəziyyət hər zaman yaxşı olub, bu gün də elədir. Son Avropa çempionatında komandamız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı. Bölgələrimizdə çox perspektivli uşaqlar var. Avropa çempionatında 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanan idmançımız Zaqataladan İslam Rəhimovdur. O cümlədən, 50 kiloqramda Avropa üçüncüsü olan Babarəhim Mirzəyev də bölgə idmançısıdır. Ümumilikdə, hazırda Azərbaycan Cüdo Federasiyası böyük iş görür. Operativ Qərargaha sorğu göndərilib, əgər təsdiqlənsə, oktyabr ayında region birinciliyinin keçirilməsi planlaşdırılır. Bu da onu göstərir ki, hazırda regionlarımızda gərgin iş gedir və yaxın vaxtlarda bu, Azərbaycan idmanı, cüdosu adına öz bəhrəsini verəcək".

Ramiz Ramizzadə həmçinin idmançıların valideynləri ilə bağlı məsələyə də toxundu. O bildirdi ki, pandemiya dönəmində uşaq və yeniyetmə cüdoçuların valideynlərinin onları "bu sevdadan" çəkindirmək istəməsi ilə bağlı hallarla üzləşiblər:

"Ümumiyyətlə, son 1 ilyarımda belə hallarla üzləşdik. Pandemiya səbəbindən ölkədə məşqlər, idman yarışları təxirə salındı və valideynlər seçim qarşısında qaldı. Bu müddətdə nəinki cüdoya, bütün idman növlərinə maraq nisbətən azaldı. Ancaq hazırda aşağı yaş qruplarında yeni canlanma var. Müşahidələrimə əsasən deyə bilərəm ki, cüdoya axın çoxdur. Bu idman növünə gələnlərin sayında xeyli artım var. Əgər işlər düzgün istiqamətdə aparılsa, ümid edirəm ki, bu gün Avropada 5 medal qazanan yeniyetmələrimiz 3-4 ildən sonra ölkəmizi Olimpiya Oyunlarında da layiqincə təmsil edəcək".

“Pandemiya vaxtında əksər uşaqlar cüdonu atıblar…”


WhatsApp Image 2021 08 30 at 21.46.22
Gəncədə cüdo idmanının inkişafına çalışan əməkdar məşqçi Xanəhməd Rzazadə də hazırda uşaqlar arasında cüdoya böyük marağın olduğunu dilə gətirib:

"Pandemiyadan öncəki dövrlə müqayisə etsək, hazırda vəziyyət daha yaxşıdır. Uşaqlarda və valideynlərdə istək var. Elə məqamlar da olub ki, pandemiya vaxtında əksər uşaqlar cüdonu atıblar, ya da digər idman növlərinə üz tutublar. Ancaq bu gün vəziyyət ürəkaçandır. Cüdoya böyük axın var. Federasiya da yaxşı işləyir deyə, təkcə Bakıda yox, Azərbaycanın əksər bölgələrində bu idman növünə tələbat artıb. Uşaqlarını cüdoya yazdırmaq istəyən valideynlərin sayında da artım müşahidə olunur".

Gənc mütəxəssis Gəncədəki durumu şərh edərkən, gələcəyə dair proqnozunu da verib: "Ümumiyyətlə, cüdo elə bir idman növüdür ki, ona bütün bölgələrimizdə axın var. Hazırda Gəncədə uşaqlar arasında olduqca perspektivli cüdoçular var. Onlardan 4-5 nəfəri gələcəkdə ölkəmizi istər dünya və Avropa çempionatlarında, istərsə də Olimpiya Oyunlarında təmsil etməyə qadirdilər. Bütün işlər plan üzrə aparılmalıdır. Cüdomuzun gələcəyinin sağlam təməl üzərində qurulması üçün səylərimizi birləşdirib əlimizdən gələni etməliyik".

 

1627377871 1626962283 1626442780 1625744715 1625297110 media agentlik
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə (6.3.19-cu yarımbəndi-uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə) hazırlanmışdır.