Azərbaycanın ən məşhur güləşçilərindən biri, ölkəmizin Olimpiya oyunlarındakı rekordçusu, 2 qat dünya, 8 qat Avropa çempionu olan Mariya Stadnikin Offsideplus.az saytına eksklüziv müsahibəsini təqdim edirik:

- Tokioda qazanılan bürünc medal ilə Azərbaycanın Olimpiya Oyunlarında rekordçusuna çevrildiniz. Bu, necə hissdir?

- Əlbəttə ki, qızıl medal qazanmadığıma görə məyusluq hissi var idi. Amma geriyə baxanda 4 Olimpiada medalının olduğunu görürsən. Bu yerə gələnə qədər çəkdiyin əziyyəti, qət etdiyin yolu düşünürsən və o zaman artıq bu məyusluq hissi itir. Başa düşürsən ki, bu, tək 4 Olimpiadada iştirak etmək demək deyil, getdiyin bütün Oyunlardan medalla qayıtmaqdır. Qadın güləşində yalnız 2 yapon idmançıda 4 Olimpiya medalı var. Bu mənada tarixə düşməyimi, gənc güləşçilərə göstərdiyim nümunəni düşünürəm. Əlbəttə ki, bu, tək mənim medallarım deyil, həmçinin məni dəstəkləyən, mənim yanımda olan insanların medallarıdır. Bu illər ərzində neçə dəfə bayrağımız qalxıb, neçə dəfə ölkəmizin himni səslənib... Bütün bu amillər çox vacibdir. Qürur duyuram ki, bu medalları qazandım və ölkəmizi sevindirdim.

- Tokiodan sonra bir çoxlarını əsas sual maraqlandırır: Sizi sayca 5-ci Olimpiadanızda görə biləcəyikmi?

- Bu barədə düşünmək və qərar vermək hələ tezdir. Son Olimpiadadan çox az vaxt keçib. Psixoloji və fiziki olaraq ağır hazırlıq keçmişdim. Oyunların təxirə düşməyi, karantin, hər kəsin məndən qızıl gözləməsi emosional olaraq məni çox gərginləşdirmişdi. İndi sadəcə hisslərə qapılıb qərar vermək istəmirəm. Bir müddətdən sonra sakit başla düşünəcəm. Fiziki olaraq Parisdə çıxış edə bilərəm və bunu istəyirəm də. Amma bir müddət dincəlməyə ehtiyacım var. Bəlkə karyeramı bitirib, məşqçiliyə başlamanın vaxtıdır? Bu barədə də yaxınlarımla məsləhətləşəcəm.

WhatsApp Image 2021 08 24 at 13.16.02 5


- Karyeranızın lap əvvəlinə qayıdaq. Bir müsahibənizdə demişdiniz: “Yaxşı ki məndə dopinq tapıldı və mən Ukrayna millisini Azərbaycana dəyişdim”. 14 ildən sonra bu hadisələri necə xatırlayırsınız? 

- O zamanlar çox gənc idim, hətta şokda idim. Çünki dopinqin orqanizmimə haradan düşdüyünü bilmirdim və anlamırdım. İndi daha təcrübəliyəm və belə problemlərə fərqli yanaşıram. Həyatda nə vaxtsa sənin başına pis bir hadisə gəlirsə və o hadisə səni məyus edirsə, gələcəkdə bu, səni, əksinə, sevindirə bilər. Əgər hansısa xoşagəlməz hadisə baş verirsə, deməli bu, mənə lazımdır və gələcəkdə xeyrimə olacaq. Orqanizmimdə dopinq aşkarlandıqdan sonra Azərbaycana gəldim və yaxşı idmançı karyerası qurdum. Ukraynada bu, problem ola bilərdi.

- Məsələn necə bir problem nəzərdə tutursunuz?

- Başqa güləşçilərə etimad göstərirdilər, yığmaya seçim fərqli şəkildə aparılırdı. Azərbaycanda isə mənə rahat məşq etməyə, heç bir söz-söhbət olmadan, intriqasız güləşməyə imkan verirdilər. Ukraynada rəqabət də böyükdür və ona görə kimlərsə məni yığmada istəmirdi.

- O zaman sizin yerinizə Olimpiya çempionu İrina Merleniyə şans verdilər və cəmi 1 il sonra, 2008-ci ildə Pekində hər ikiniz bürünc medal qazandınız və eyni kürsüdə dayandınız. Ukraynanı tərk etməyə sizi vadar edən idmançı ilə bir pillədə dayanmaq necə bir hiss idi?

- Mən daha çoxunu istəyirdim, qızıl medal qazanmağımı gözləyirdim. Amma fəxri kürsüdə dayananda Ukrayna millisindən küsülü ayrılmışdım. Orada mənə belə deyirdilər: “Gözlə, bizdə İra var. Sənə də vaxt gələndə şans verəcəyik". Amma mənə şans vermirdilər, onunla güləşməyə belə imkan tanımırdılar. Bürünc medal qazananda ədalət bərpa olundu. Onlara göstərdim ki, mən də Olimpiya mükafatçıları sırasında olmağa layiqəm.

WhatsApp Image 2021 08 24 at 13.16.02
- 14 ildən sonra hələ də kin saxlayırsınız?

- Yox. Mən çox kin saxlaya bilmirəm. O zaman gənc və emosional idim.

- Ukraynada sizi geri qaytarmaq istəyirdilərmi?


- Yox, heç getməzdim də. Mənim üçün edilən bu qədər yaxşılıqdan sonra heç vaxt Azərbaycanı tərk etməzdim. 

- 2015-ci ildə bir müsahibənizdə demişdiniz ki, Azərbaycan himinin ilk nəqarətini öyrənmisiniz. Daha sonra himnimizi tam öyrənə bildinizmi?

- Bəli, tam öyrəndim. Amma bəzi sözləri düz demədiyimi bilirəm. Bu, adi mahnı deyil, Azərbaycan Respublikasının Dövlət Himnidir. Hansısa sözləri düz deməyərək kiminsə xətrinə dəyməkdənsə qərar verdim ki, oxumayacam. Amma himn səslənəndə ürəyimdə oxuyuram.

WhatsApp Image 2021 08 24 at 13.16.02 1
- Olimpiadadan əvvəl qapanma, karantin, qeyri-müəyyənlik sizin optimal formanıza sanki mane olmadı. Bunun sirri nədədir?

- Karantin başlayanda ilk növbədə psixoloji cəhətdən çox çətin oldu. Oyunların keçiriləcəyi belə sual altında idi. Uzun illərdir ki, peşəkar səviyyədə güləşlə məşğul oluram. Hər yarışdan 1 həftə sonra artıq məşqlərə başlayıram. Fiziki olaraq formamı itirməməyim Tokioda mənə çox kömək oldu. Bildiyiniz kimi güləşdə daim sparrinq lazımdır. Yaxşı ki, evdə uşaqlarım var, arabir onlarla sparrinq edirdim (gülür).

- Azərbaycanın ən çox tanınan qadın idmançısı olmaq necə bir hissdir? Bu populyarlıq sizi narahat etmir ki?


- Heç vaxt özümü məşhur hiss etməmişəm. Öz işimi məşhurluq naminə görmürəm. Amma şəhərdə kimsə şəkil çəkdirmək istəyəndə buna sevinirəm.  Mən uşaq olan zaman hansısa məşhur idmançını görmək, onunla şəkil çəkdirmək böyük hadisə idi. Bunu hər zaman xatırlayıram və insanlar üçün necə vacib olduğunu bilirəm. Ona görə heç vaxt şəkil çəkdirmək, avtoqraf almaq üçün yaxınlaşan azarkeşlərə imtina etmirəm.

- 14 ildir Azərbaycanı təmsil edirsiniz. Tək xalçada yox, sosial şəbəkələrdəki paylaşımlarınızla da daim xalqın yanında olduğunuzu göstərirsiniz və azərbaycanlıların rəğbətini qazanmısınız. Bu 14 ili analiz edəndə ölkəyə, azarkeşlərə, sizinlə çalışan insanlara nə demək istəyərdiniz?

- Azərbaycan xalqına məni qəbul etdiyinə görə təşəkkür edirəm. İlk dəfə bura gələndə çox qorxurdum. Ukraynada legionerlərə olan münasibəti görmüşdüm və artıq legionerin özüm olduğunu anlayırdım. Amma yarışlar zamanı məni dəstəkləyən insanları görəndən sonra bu məni qazanılan medallardan daha çox sevindirirdi. Avropa Oyunları zamanı bütün zalın “Mariya Stadnik” deyə səsləyərək dəstək olması mənə dünyaları verirdi. Bilirsiniz, bir ailədə qız uşağı doğulanda anlayırsan ki, daha sonra o evlənib, köçəcək. Mən də özümü elə hiss edirəm. Ukraynada doğuldum, amma Azərbaycana gəlin gəldim. Burada artıq özümü legioner hiss etmirəm. Hamı da bilir ki, mən azərbaycanlıyam. 

 

Müsahibənin təşkil olunmasına verdiyi dəstəyə görə İCE Pub-a təşəkkür edirik.

 

WhatsApp Image 2021 08 24 at 13.16.02 6

WhatsApp Image 2021 08 24 at 13.16.02 2