“Qurban desə ki, işsiz qalmamaq üçün gəl yanımda otur, bunu özümə faciə bilərəm” – ölkənin bir nömrəli futbol məşqçisi Qurban Qurbanovun məşqçisi olmuş Şaban Şirdanovun Zaqatalanın Aşağı Tala kəndindəki evinin qarşısında diktofondan kənar, ayaqüstü söhbətdə dilindən çıxanlar idi.

Şaban müəllimlə indi yox, hələ bir neçə ay əvvəl danışmaq niyyətim vardı. Bölgədə kifayət qədər tanınan, çiyinlərində illərin təcrübəsini daşıyan 61 yaşlı, A kateqoriyalı məşqçinin xeyli vaxtdır işsiz qalması ağlımda suallar yaratmışdı. Telefon danışığını özü istəmirdi, uzaqdan-uzağa müsahibə verməkdənsə, üzbəüz oturmağı üstün tutduğunu deyirdi.

Və bu dəfə, məzuniyyət istirahəti ilə bağlı Balakənə gələndə Şirdanova zəng etdim.

- Şaban müəllim, salam. Balakəndəyəm. Bəlkə gəlim, bir çay içək?

- Həbib, sənə uzaq olar, mən gəlim Balakənə.

- Xeyr-xeyr, xoşdur. Onsuz da Zaqatalaya getməliyəm, həm də söhbətləşmiş olarıq.

- Gəl, evdə səni gözləyirəm.

- Evdə görüşməyək, Heydər Əliyev parkında pürrəngi çay verirlər, sərində orda oturaq.

- Mən evdən bayıra çıxmıram. Xahiş edirəm, gəl bizdə oturaq. Lazımdırsa, maşın, adam göndərim dalınca.

- Oldu, Şaban müəllim. Saat 4-də sizdəyəm.

- Saat 4-də 5 dəqiqə qalmış Muğanlı döngəsindən üzü Aşağı Tala istiqamətinə yön alıb, yolüstü iki nəfərdən Şaban Şirdanovun evinin yerini soruşuram. O dərəcədə mehriban və anlayışlı şəkildə izah edirlər ki, uşaqdan-böyüyə hamının hörmət bəslədiyi, yaxından tanıdığı insanın yaşadığı evi.

Həyət qapısının kəndarında, Mahir Emrelinin dayısının evindən 100 metrlik məsafədə dayanıb olub-keçənlərdən, ölkə futbolundan, “Simurq”dan, jurnalistikadakı mövcud durumdan, bir sözlə, hər şeydən danışıb qalxırıq səbəbkarın iş otağına. Müsahibə də elə iş otağında baş tutur.

WhatsApp Image 2021 07 11 at 13.31.52

- Xeyli vaxtdır futboldan uzaq düşmüsünüz. Necəsiniz? Nə işlə məşğulsunuz?

- İlk növbədə yada saldığınız üçün təşəkkür edirəm. İş, futbol – bunlar bir tərəfə, bəzən futbol adamıyla oturub söhbət etmək, dərdləşmək, fikir mübadiləsi aparmaq adamı xeyli yüngülləşdirir. Bu dəqiqə həmin andır mənim üçün.

Bəli, 4 ildir işsizəm. Amma futboldan uzaq düşdüyümü deməzdim. Futbol ədəbiyyatını mütaliə edirəm, öz futbol fəlsəfəmə uyğun gələn kitabları oxumaqla inkişafın yollarını axtarıram. Fikrimcə, bu neçə ili işsiz qalmağım yeni nələrsə öyrənmək baxımından faydalı oldu. Total futbolun banisi olan Rinus Mixelsin, onun davamçısı sayılan Yohan Kroyfun kitablarını oxumaqla onların fikirləri ilə tanış olmuşam. Həmçinin bu yolu davam etdirən Pep Qvardiolanın futbol fəlsəfəsi ilə bağlı nələrsə öyrənir, araşdırmalar aparıram.

- Oxumaq, araşdırmaq, öyrənmək – bunlar öz yerində. Niyə aktiv fəaliyyətdə deyilsiniz?

- Etiraf edək ki, Azərbaycanda iş tapmaq asan məsələ deyil. Bildiyiniz kimi, hər zaman öz rayonumda – Zaqatalada işləmişəm. Bir neçə il əvvəl Nikolay Adam və Aslan Kərimovla birlikdə U-15 və U-16 millilərində çalışmışdım. Açığı, yığma təcrübəsinə qədər rayondan kənarda işləməyi düşünmürdüm. Bəlkə də bu səbəbdən bir neçə il gözləməli oldum.

- “Zaqatala”? Birinci Divizion?

- Birinci Diviziondakı vəziyyət elədir ki, planlarımı həyata keçirməyə imkan vermir. Belə deyim, tətbiq olunan limit nələrinsə qarşısını alır. Şərait də yüksək səviyyədə deyil axı.

- İşsizlik sizi sıxmır?

- İnsanın hər zaman nədənsə güc aldığı bir şey olur. Bu müddətdə özümü daha yaxından tanımağa çalışdığım üçün dözə bildim. Bəli, artıq işsizlik sıxıntısı narahat etməyə başlayıb.

WhatsApp Image 2021 07 11 at 13.21.32

- Peşəkar futbolda, uşaq və qadın futbolunda çalışmısınız. Hansı sizin üçün daha rahatdır? Belə deyim, hansında daha çox fayda verə bilərsiniz?

- Hər birində müəyyən təcrübəyə sahibəm. Ən başlıcası futbolun içində olmaqdır. Lakin ölkənin uşaq futbolundakı durumu nəzərə alsaq, daha çox uşaq futbolunun inkişafında əmək sərf etmək istəyirəm. Premyer Liqa təmsilçilərindən tutmuş millilərə qədər – bu komandalarda çalışmaq üçün özümdə güc və bilik görürəm. Bu gün uşaq futbolunda görülməsi vacib çox işlər var. Ona görə də güc və enerjimi bu sahəyə sərf etmək, hansısa mənada kömək etmək istəyirəm.

- Həqiqətənmi bu gün ölkə futbolunun bəlası uşaq futbolu ilə bağlıdır?

- Bu fikirlə razılaşmamaq mümkün deyil. Böyük futbolun problemləri uşaq futbolundan qaynaqlanır. Desək ki, bu problem təkcə Azərbaycandadır, doğru olmaz. Bu problem Avropanın aparıcı ölkələrində də mövcuddur. Baxırsan, Avropanın nəhəng klublarının akademiyalarında çalışan skaut və məşqçilər gedib Afrika, Latın Amerikası ölkələrindən uşaq və yeniyetmə futbolçular axtarır, tapıb gətirirlər.

- Niyə belədir?

- Hər şey küçə futbolunun aradan qalxmasından başladı. Azərbaycanda olduğu kimi, Avropanın bir çox ölkələrində də internet və müasir texnologiya uşaq və yeniyetmələri küçə futbolundan uzaqlaşdırmağa başladı. Küçə futbolunu əvvəlki təbii ki, axarına qaytarmaq lazımdır. Düzdür, məhəllə-məhəllə gəzib, yenidən küçə futbolunu formalaşdıra bilmərik. Ən azından həmin atmosferi yaratmaq lazımdır. Maşallah, bir çox klublarımızın akademiyalarında hər cür şərait var.

Vaxtilə Konstantin Abramenko o boyda Gəncənin futbolunu ayaq üstə saxlayırdı. Bakıda 1-2 məşqçi “Üçüncü bağ”da saysız futbolçular yetişdirirdi. İndi daha geniş imkanlar və əlverişli şərait olduğu halda, uşaq futbolunda problemlər mövcuddur. Mən bu işdə nöqsanı uşaq məşqçilərində görürəm.

WhatsApp Image 2021 07 11 at 13.21.02

- “Qarabağ”ın çempionluğunun əldən çıxmasına təəccübləndiniz?

- Əlamətlərə inanan adam olsam da, əlamətlərin qulu deyiləm. “Qarabağ”ın son 12 ildə ölkə futboluna verdiyi töhfəni tarixdən çıxarsaq, Azərbaycan futbolu çox cılız görünər. Bu fikrimlə yəqin ki, razılaşarsınız. Ardıcıl çempionluqlar “sanki belə də olmalıdır” fikri ilə adiləşirdi. Qurban Qurbanovlu “Qarabağ”ın işinə avrokuboklarda daha obyektiv qiymət verilməsi baxımından çempionluğun əldən çıxmasını qəbul etdim.

- Qurban Qurbanov deyəndə ağla həm də Şaban Şirdanov gəlir. Münasibətləriniz necədir? Görüşür, danışırsınızmı?

- “Yetirməsi özündən güclü olan məşqçi özünü şanslı saya bilər” – bu deyimi bəyənir və qəbul edirəm. Qurbanov Azərbaycan futbolunda özünü o dərəcədə təsdiq edib ki, yetirməm olaraq onun uğurlarına sevinirəm. Artıq münasibətlərimiz məşqçi-futbolçu yox, dost münasibətinə çevrilib. Bunun kökündə də futbola baxış bucaqlarımızın eyni olması durur. Bir müddət öncə rayondaydı, gəlmişdi. Görüşdük, söhbət etdik, fikir mübadilələrimiz oldu. Bu şəkildə ünsiyyətimiz davam edir.

WhatsApp Image 2021 07 11 at 13.22.45

- Münasibətləriniz yaxın olsa da, məsafə baxımından bir-birinizdən uzaqdasınız. Niyə belədir?

- Düşünürəm ki, Qurban Qurbanovun bu gün mənim köməyimə ehtiyacı yoxdur. Hərənin öz işi var, o, öz işinin ustasıdır. Yəqin ki, mənim uşaq futbolunda görə biləcəyim işləri Qurban Qurbanov görə bilməz.

- Hər halda “Qarabağ”ın “U” komandalarının birində ola bilərsiniz, yəni Qurban Qurbanova daha yaxın məsafədə.

-  Bəlkə də şablon səslənəcək, sualınıza belə cavab verim, nə vaxtsa belə bir təklif olarsa, dəyərləndirmək mümkündür. Söhbət sırf “Qarabağ”dan, yaxud başqa klubdan olmaqdan getmir. Önəmli olan bilik və təcrübəmi uşaq futboluna xərcləməkdir.

- 4 ildir işsizsiniz, necə dolanırsınız?

- Bu müddətdə maddi planda mənə ən çox kömək edən Qurban Qurbanov olub. Musa Qurbanovla Qurban Qurbanovu biri-birindən ayırmıram. Eyni adamdırlar, sadəcə, adları fərqlidir. Çətin günlərimdə yanımda olublar. Lakin mən özümü ələbaxanlıq təfəkküründən uzaq tutan adamam. Bu 4 ildə ehtiyacım olduğu təqdirdə belə, kiməsə ağız açıb dərdimi deməmişəm.  

WhatsApp Image 2021 07 11 at 13.22.06

- İşsiz qaldığınız, yada düşmədiyiniz üçün kim(lər)dənsə incikliyiniz varmı?

- Siz bura gəlməmişdən əvvəl bu sualı özümə vermişəm. “Mən niyə heç kimdən küsmürəm” sualına cavab axtarırdım.

- Cavabını tapa bildiniz?

- İşləmək üçün cəhdlər etmişəm, görüşlərim olub, amma yenə də evdəyəm, işsizəm. Bilirsiniz niyə belədir? Çünki özümdən başqa heç kimdən inciyə bilmirəm. Nəsə pis şey olanda da günahı özümdə axtarıram. Bu gün işsizəmsə, deməli, günahın bir payını özümdə axtarmalıyam.

HƏBİB, Aşağı Tala, Zaqatala