Mayın 7-də AFFA-nın inzibati binasında Gənclər Kuboku və U-17 Kuboku turnirlərinin püşkatması keçirildi.
Hər iki yaş qrupunda birinci mərhələdə keçiriləcək oyunlar 9-13 may aralığını əhatə edəcək. Yəni ölkə ərazisində ictimai nəqliyyatın işləmədiyi dönəmdə oyunlar keçiriləcək. Daha doğrusu, artıq yarışa start verilib.
Yazının sonundakı şəkil isə bir valideynin bəndənizin “vatsap”ına yazdığı gizli mesajdır. Övladının yer aldığı klubun rəhbərliyindən, ona futbol dərsi keçən məşqçilərdən, hətta ətrafındakı pullu valideynlərdən qorxduğu üçün qulağıma pıçıldayır, həmin sözlərin ondan çıxdığını bilinməsini istəmir. And verir, dönə-dönə tapşırır...
Qorxur. Sözün əsl mənasında qorxur. Bəlkə də yazını oxuyanda bu sözüm ona pis təsir edəcək. Amma mən özüm də həmin valideynin günündəyəm. Futbolla bağlı fikirlərimi bildirmək üçün platformam olsa da, başqa yerlərdə səsimi çıxartmağa qorxuram. Vəziyyət budur, alışmışıq.
İndi bu valideyni yarışların bayram günlərinə salınması narahat edir. Bəlkə taksiyə verməyə pulu yoxdur, bəlkə özünün də dediyi kimi, maşını yoxdur, bəlkə də heç biri yoxdur. Belədə, bu və buna bənzər vəziyyətdə olan ata oğluna nə deməlidir? Hansı üzlə oğlunun xoş gələcəyinə ümid etməlidir?
Yaxşı futbolçuların 90 faizi kasıb ailələrdən çıxıb. Bunu futbolla səthi maraqlanan hər kəs bilir. Həmin ailələr ki, övladının cibinə şirə almağa 1-2 manat qoya bilmir, həmin ailələr ki, uşağını məşqlərə nimdaş paltar və ayaqqabılarda göndərir, həmin ailələr ki, uşaq pul istəməsin deyə, hər cür bəhanə tapır. İndi turnirdə oynamalı olan həmin futbolçular və onların ata-anaları ictimai nəqliyyatın işləmədiyi günlərdə 3-5 manatı hardan tapsın? Necə tapsın? Kimdən alsın?
Yarışı təşkil edənlərin turnirə öz maraq bucaqlarından baxdığına şübhə etməyə dəyməz. Lakin məqsəd uşaq futbolunun inkişafı, turnirin önəmi və kütləvilikdirsə, hər kiçik detal nəzərə alınmalıdır. Yarışı avtobus-marşrutların işləmədiyi günlərə yox, başqa tarixə salmaq da olardı. Ya da nəqliyyat problemini hansısa şəkildə həll etmək.
Hər kasıb valideynin jurnalistə və mətbuata çıxışı yoxdur. Çıxanlar da bu cür davranır. Elə pıçıldayır ki, eşidən olmasın, balasına problem yaratmasın, qınağa tuş gəlməsin. Və belə ataların sayı kifayət qədərdir.
Ümid edək ki, məsələyə yenidən qayıtdığımızda AFFA-dan məlum durumun yaranması ilə bağlı qulağımıza tutarlı səbəb pıçıldayan tapılacaq.
HƏBİB