Qurban Qurbanovu sonuncu dəfə nə vaxt əsəbdən bu dərəcə qaraldığını və “od püskürdüyünü”, açığı, xatırlamıram.
Olub, bəzən hansısa oyunla bağlı verilən sual xoşuna gəlməyib, yaxud komandasının zəif çıxışından hirslənib. Yekunda mətbuat konfransında ənənəvi Qurban Qurbanov formasından nisbətən fərqli görünüb. Amma bu həna o hənalardan deyildi. Bu nəydisə, başqa şey idi.
“Qarabağ”ın baş məşqçisi bəlkə də karyerasında ilk dəfə bu cür üsyan etdi. Artıq əsəbdən, hirsdən, hiddətdən keçmişdi. Sözün əsl mənasında üsyan idi. Əlacı olsaydı, əlinə mikrofon alıb, “Kapital Bank Arena”nın şərhçilər üçün nəzərdə tutulmuş yüksəkdəki kabinasına qalxıb Premyer Liqa iştirakçılarına, onların baş məşqçilərinə və hakimlərə səslənərdi ki, futbolçularımı bilə-bilə zədələməyiniz yetər artıq. Miktofonla deməsə də, qarşısındakı kamera və mikrofonlar önündə qısa mesajını verdi: “Belə futbol oynamaq olmaz!”
Şahruddin Məhəmmədliyev, Xayme Romero, Filip Ozobiç, Mahir Emreli, Patrik Andrade kimi aparıcı fiqurların xidmətindən məhrum olan baş məşqçi çempionluq yolunun sonuna az qalmış çıxılmaz vəziyyətə düşməsi sirr deyil. Meydana buraxmağa oyunçu tapmır, rəqiblərə uyğun rotasiyalar etməkdən məhrum olub. Söz yox, bir komanda mövsümboyu bir neçə turnirdə mübarizə aparacağını bilirsə, ehtiyatını əvvəldən möhkəm tutmalıdır. Amma heç bir məşqçi finişə az qalmış 5-6 aparıcı futbolçusunun xidmətindən istifadə edə biləcəyini nə təsəvvür etmir, nə də arzulamır. Üstəlik, koronavirusun yaratdığı maliyyə sıxıntısı müşahidə olunan dönəmdə heyətdə 20 yox, 25-30 futbolçu saxlamaq olduqca çətindir.
“Futbol kişi oyunudur” etirafını da qulaq ardına vura bilmərəm. Amma söhbət qısa müddətdə bir neçə futbolçunun sıradan çıx(arıl)masından gedirsə, ölkənin ən titullu məşqçisini anlamaq mümkündür. Var sərt oyun, var kobudluq. Sərt oyundan sonra futbolçu ayağa qalxa bilər, kobudluq isə adamı şikəst edir. Hər nə isə..
Qurbanovun üsyanı futbolçularının bilərəkdən kobudluğa məruz qalması ilə bağlı olsa da, səs-küylü açıqlamaların kökündə maraqlı məqam “yatırdı”: çempionatdakı rəqabətin pik həddə çatması.
Bu gün Premyer Liqa və ölkə kubokunun matçları hər nə qədər azarkeşsiz keçirilsə də, komandalar arasındakı rəqabət kifayət qədər qızışıb. Çempionluq hədəfi, üstəgəl, kuboku qazanmaq arzusu iştirakçıların istək və həyəcanını artırmaqdadır. Artıq hər xal, hər qələbənin dəyəri qızılın qiymətini keçib. Hansısa büdrəmə olanda isə dünən Sumqayıtda gördüyümüz mənzərə ortaya çıxır. Qurbanov üsyan etdi, Ayxan Abbasov “mənə o sözü deməyə heç kimin cürəti çatmaz” açıqlaması ilə açıq müharibənin ilk gülləsini atmış oldu.
Bu hələ qızışmaqda olan emosiyaların başlanğıcıdır. Qarşıda bizi Premyer Liqanın daha 5 turu, ölkə kubokunun yarımfinal matçları və final oyunu gözləyir. Qurbanov kimi təmkinli adam da indidən “od püskürürsə”, bir neçə gündən, həftədən sonra digər həmkarlarının ifasında nələrin yaşanacağını təsəvvür etmək çətin deyil.
Bu yerdə məşhur deyim yada düşür. Bu, jurnaldır, kino hələ qabaqdadır. Türk qardaşlarımızın sözü olmasın, hamım(n)ıza iyi seyrlər.
HƏBİB