Qismətimdə AFFA prezidenti Rövnəq Abdullayevlə futbol matçını birgə izləmək də varmış. Həyatdakı ən böyük arzularımdan biri həyata keçir. Televizorun sağ yuxarı küncündə “CBC Sport”, sol yuxarı küncündə isə “Səbail və “Zaqatala” sözləri yazılıb.
İş otağındayıq, Abdullayev gözlərini mavi ekrandan çəkmir. İdman jurnalistikasında, eləcə də ölkə futbolundakı mövcud problemlərdən danışa-danışa birlikdə ölkə kuboku çərçivəsində Bayılda keçirilən oyuna baxırıq.
26-cı dəqiqədə Amil Yunanov penalti zərbəsindən hesabı açandan 5 dəqiqə sonra Roini İsmayılov “status-kvo”nu bərpa edir.
- “Yaşıllar” rəqibə nisbətən zəifdir. Amma olduqca istəklidirlər.
- Bəli, Rövnəq müəllim. “Yaşıllar” “Zaqatala”dır, Birinci Divizionda iştirak edirlər. O biri də “Səbail”dir. Tanıdız yəqin...
- Necə yəni “Səbail”dir? Bəs bunların oynadığı nə oyundur belə?
Söhbətin bu yerində Roini 2-ci topu meydan sahiblərinin qapısından keçirir və bir neçə dəqiqə sonra komandalar fasiləyə yollanır.
- Sən mənə de görüm, “Səbail” əsas heyətlə oynayır?
- Rövnəq müəllim, əsas heyət deyəndə ki, Hagen, Keşevarzi, İmnadze – bunlar legionerlərdir, Məqsədlə Kamal “Neftçi”də oynayıb, Amil Yunanov vaxtilə milliyə çağrılıb. Belə... Ehtiyada Rauf, Əfran, Kadriu, Ekşteyn var.
Dəqiqələr ötür, “Zaqatala” inamla müdafiə olunur. Təcrübəsizlik ayrı-ayrı məqamlarda özünü biruzə versə də, qonaqlar əzmkarlıq hesabına rəqibdən geri qalmadıqlarını göstərməyə çalışırlar. Adil Nağıyevin ardınca Ekşteyn də meydana daxil olur və dərhal hesab bərabərləşir.
- “Yaşıllar”a adamın ürəyi ağrıyır. Bu qədər əziyyət çəkirlər, uduzmasalar yaxşıdır. Amma maraqlı oynayırlar, xoşuma gəlir.
- Rövnəq müəllim, futbolda şərait və pul çox önəmlidir. Pulun varsa, yaxşı legionerlər gətirirsən, normal hazırlıq keçirsən, qələbəyə görə mükafat paylayırsan, yağlı yeməklər yeyirsən. “Səbail” Premyer Liqanın zəiflərindəndir, amma büdcədə “yaşıllar”ı azı 5 dəfə üstələyir.
Elə sonuncu cümləni dediyim anda Hendrik rəqib qapısına yol tapır – 3:2.
- Baxın, bu qolu vuran futbolçu var ha, legionerdir, səviyyəli oyunçudur. Onun illik maaşı “Zaqatala”nın yarım illik büdcəsidir. Əfranı, Raufu da tanıyırsız, nəyə qadir olduqlarını bilirsiz.
- Bu komanda çox xoşuma gəldi. Bilsəm ki, Premyer Liqada, avrokuboklarda da belə istəkli olacaqlar, büdcələrini bir az da yaxşılaşdırıb, şərait yaradarıq.
- Edin, lütfən edin. İnanın ki, bundan qat-qat yaxşı olacaqlar. Avrokuboklar uğrunda mübarizə aparan komanda görməyiniz üçün mövsümlük 1-1,5 milyon manat bəs edər. Zaqatalada baza var, qalmağa yer var, yerli uşaqları bu gün gördüyünüz kimi, futbol oynamaq üçün alışıb-yanırlar. Baş məşqçiləri də zaqatalalıdır. Bacarıqlı, intizamlıdır, bölgədə sevilir. Bir azarkeşləri var ki, oyun günü gözlərinə yuxu getmir, sözün əsl mənasında "futbol xəstələri"dir.
- Bu məsələni mütləq diqqətdə saxlamalıyıq. Mən də belə fikirləşirəm ki, futbolu bölgələrə daşımasaq, vəziyyət pisə doğru gedəcək. Deyirsən, Zaqatalada infrastruktur əladır, hə? Çatışmayan tək şey puldur?
- Elədir, Rövnəq müəllim. Bayaq yaşıl formada top dalınca qaçan futbolçuların əksəriyyəti 2000, 2001, 2002 doğumlular idi, futbolumuzun gələcəyi sayılan uşaqlardır. Bu gün həvəsləri var, oynayırlar. Lakin birinci diviziondakı şərait və ab-hava ilə 2-3 ildən sonra başqa sahələrə üz tutacaqlar. Nə qədər ki, gec deyil, onlara sahib çıxın, lütfən.
AFFA prezidentinin növbəti görüşü var deyə, mənimlə sağollaşır. Qapıdan çıxanda bir anlıq ayaq saxlayıram.
- Rövnəq bəy, sabah “Turan Tovuz” – “Qəbələ”, “Sabah” – “Kəpəz” oyunları da var. Çox maraqlı olacaq, xahiş edirəm, imkan edib, baxın.
- “Sabah” Bakıda oynayacaq?
- Bəli, axşam 5-də başlayacaq. Masazırda, “Bank Respublika Arena”da.
- Vaxtım az olur deyə, hər dəfə futbola baxa bilmirəm. Amma bu oyun xoşuma gəldi. Belə gərginlik olacaqsa, stadiona getmək istəyirəm.
- Əmin olun ki, daha gərgin olacaq. “Kəpəz” oynayırsa, baxmağa dəyər. Bu komandadakı futbolçular da nəyə qadir olduqlarını hər kəsə göstərmək istəyəcəklər.
- Yaxşı, onda sabah saat 5-də Masazırdakı stadionda görüşərik.
(davamı olacaq)