Futbol üzrə Azərbaycan millisi Millətlər Liqasında 2020/2021 mövsümünə Lüksemburqa məğlubiyyətlə başladı.
Canni De Byazinin baş məşqçiliyi ilə ilk oyununa çıxan millimizi 26-cı dəqiqədə Mahir Emreli azlıqda qoydu. Azərbaycan Premyer Liqasında keçirilən ilk 2 turda fərqlənən "Qarabağ"ın hücumçusundan qol gözləyən azarkeşlər qeyri-peşəkar davranışın nəticəsi olan qırmızı vərəqə gördü.
İlk hissənin sonlarına yaxın Ramil Şeydayevin hesabı açması ilə közərən qələbə ümidləri, ikinci hissə başlar-başlamaz ukraynalı legioner Anton Krivotsyukun avtoqolu ilə söndü. De Byazinin müdafiəni gücləndirmək üçün meydana daxil etdiyi Adil Nağıyevə qapımıza penalti təyin etdirməsi üçün 5 dəqiqə kifayət etdi. Yekun nəticədə azlıqda qalan yığma avtoqol və penalti qolları ilə zəif hesab etdiyimiz Lüksemburqa 1-2 hesabı ilə uduzdu.
De Byazinin Albaniya ilə uğur qazanması güclü mütəxəssis olmasının göstəricisidir. AFFA-nın məşqçi seçimində ona üstünlük verməsini də təqdir etmək olar. Ancaq milli komandamız onun rəhbərliyi altında uğursuz nəticələrini davam etdirsə, federasiya buna görə məsuliyyət daşıyacaq.
Bir oyunla fikir bildirmək düzgün olmasa da, De Byazinin müəyyən qərarlarının mübahisəli olduğunu etiraf etmək lazımdır.
Hesab 1-1 olarkən, Ələskərov-Nağıyev əvəzetməsi ilə meydana altıncı müdafiəçini çıxarmaq nəticəni qorumağa hesablanmışdı. Müdafiəçinin topa ilk toxunuşunda voleybolçu kimi davranmasında məşqçini günahlandırmaq nə qədər düzgün olmasa da, futbolda əsas olan nəticədir. Baş məşqçinin dəyişikliyi nəinki bərabərliyi qorumağa yetdi, əksinə məğlubiyyətin təməli oldu.
Uzun müddətdir klubsuz olan Araz Abdullayevi oyuna niyə daxil etdiyini, yəqin ki, təkcə italiyalı mütəxəssis bilir. Arazın oyundakı varlığı ancaq meydana daxil olarkən hiss olundu.
Qırmızı vərəqə, azlıqda qalmaq öz yerində, demək olar ki, yığma bütün komponentlərdə Lüksemburqdan geri qaldı. Oyun ərzində millimiz 281 ötürmə etmiş, bunlardan 216-sı dəqiq olmuşdu. Rəqib isə 525 ötürmənin 492-sini uğurla tamamladı. Hücum sayında Lüksemburq 18-2 öndə idi. Oyun boyu bütün göstəricilərdə millimizdən üstün olan Lüksemburqun qolları avtoqol və penaltidən olsa da, rəqib oyunun ilk dəqiqələrindən qələbəyə daha çox layiq olan tərəf idi.
Bu gecə millimizin nəticəsindən daha pis olan bir hal da yaşandı. Yığmanın kapitanı Maksim Medvedev rüsvayçı oyun və nəticə sonrası açıqlama verdikdən sonra gülərək "yaxşı alındı?" sualını verdi. Çox pis alındı, Maksim. Gülmək məsələsinə gəlincə, gülünc olan kapitanı olduğun yığmanın oyunu, nəticəsi və sənin kimi kapitanı, futbolçuları olmasıdır...
Matçın yuxarıda adı çəkilən əsas "qəhrəmanlar"ı ilə yanaşı, millinin digər oyunçularında da forma üçün can qoymaq, qələbə üçün döyüşmək, mübarizə əzmi hiss olunmurdu. Bu belə davam etdiyi müddətcə uğur qazanmaq xəyal olaraq qalacaq.
Canni De Byazi isə məğlubiyyəti şərh edərkən oyunu sınaq adlandırıb: "Bizim üçün vacib test idi. Düşünmürəm ki, bir oyunla hansısa qərar vermək olar. Oynayan futbolçulara təşəkkürümü bildirirəm. 10 nəfərlə qaldıqdan sonra hücuma çıxdıq, qol vurduq. İkinci hissədə daha yaxşı oyun gözləyirdim. Amma avtoqol və penalti işimizi çətinləşdirdi. Futbolçular geriyə çox pas verdilər. Bunu onlardan istəməmişdim".
Futbol millimizin tarixinə nəzər salanda, futbolçularımızın potensialını göz önünə gətirəndə Canni De Byazinin işinin nə qədər çətin olacağını təsəvvür etmək olar. 64 yaşlı mütəxəssis ilk matçında qırmızı vərəqə alan, avtoqol vuran, penaltiyə səbəb olan futbolçularından növbəti oyunlarda istəmədiyi çox şeyi görə bilər... Sizin işiniz çox-çox çətin olacaq, cənab Byazi.