OFFSİDE Sport Media Azərbaycan şahmatının problemləri mövzusunda silsilə yazılarını davam etdirir. Bu dəfəki araşdırma mövzusu zəka ustalarımızın ölkəni kütləvi tərketmə səbəbləri, yerli şahmatçıların məruz qaldığı ikili standartlar barədədir.

Şahmatçıları küsdürən federasiya

Azərbaycan şahmatının tarixi keçmişi, innovativ nailiyyətləri barədə ötən yazılarda məlumat vermişdik. SSRİ dönəmində respublikamızda güclü şahmat məktəbinin olmasından hər kəs az-çox xəbərdardır. Əldə olunan nəticələr Ümumittifaq səviyyəsində bəyənilmiş, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) diqqətini cəlb etmişdi. Bu inkişafın başlıca səbəbi Azərbaycan Şahmat Federasiyasında işinin ustası, məqsədyönlü kadrların toplaşması idi. Azərbaycanın hazırki şahmat təsərrüfatında söz sahibi olan vəzifəli şəxslər peşəkarlıqdan bir xeyli uzaqdır. Terminologiyada "peşəkar" məhfumu sahəvi biliklərin sahibi, doğruluq, düzgünlük, ədalətli rəftar, fərdlərin haqqını tapdalamamaq prinsiplərinə sadiq qalan insandır. Danılmaz faktdır ki, federasiyada hazırki prezident Elman Rüstəmovdan tutmuş, bir sıra məşqçilərə qədər sadalanan meyarlara uyğun gəlmir. Vaxtaşırı qurumun vitse-prezidentləri tərəfindən haqsızlığa məruz qalmasından gileylənən şahmatçılar, idman xadimlərinə rast gəlmək mümkündür. Hazırda ailəsi ilə birlikdə ABŞ-da yaşayan məşhur şahmatçı Firuzə Vəlixanlı müsahibələrinin birində demişdi ki, Faiq Həsənov "BP" şirkətindən ona hədiyyə olunan kompüteri mənimsəyib. Digər qadın qrossmeyster  İlahə Qədimova beynəlxalq yarışda uğurlu çıxışından sonra baş məşqçi Fikrət Südeifzadənin soyuq münasibətindən məyusluğunu ifadə etmişdi.

12

Maraqlıdır ki, şahmat camiəsinin əksəriyyəti AŞF-dən  narazılığını mətbuatda dilə gətirmək istəmir. Media fobiyasının hökm sürdüyü müddətdə isə rəhbərlik öz yazılmamış qanunlarını istədiyi formada diqtə edir. Mərhum şahmatçı Vüqar Həşimovla Faiq Həsənov və Mahir Məmmədov arasında baş verən konflikt mətbuatda ən geniş bəhs olunan hadisələrdən biri idi. Ağır xəstəlikdən əziyyət çəkən Həşimovu yığmadan uzaqlaşdıran əlahəzrət Elman Rüstəmovun müavinləri şahmatçının ulduz xəstəliyinə tutulduğunu, komandanı ruhdan saldığını iddia edirdilər. Əlbəttə, bunların "qara piar" olduğunu anlamaq qəliz iş deyildi. Vüqarın 2009-cu ildə rusiyalı rəqibi ilə 7 saatlıq oyun sonrası Azərbaycanın kişilərdən ibarət şahmat yığmasına Avropa çempionluğu qazandırması unudulmaz hadisə idi. Tanınmış qrossmeyster dünyasını dəyişəndən sonra onun xatirəsinə həsr olunan "Shamkir Chess" turnirinə yalnız Faiq Həsənovun baş hakimlik etməsi isə paradoksal görünür. Əlbəttə, Faiq müəllimin sağlığında qiymət vermədiyi bir gəncin xatirə turniri vasitəsilə FİDE profilini zənginləşdirmək cəhdi qeyri-səmimi təsir bağşlayır.

Bu qədər asandırmı çıxıb getmək?

Azərbaycanda layiq olduğu dəyəri görməyib fəaliyyətini xaricdə dava etdirən onlarla şahmat adamı var. 2000-19-cu illərdə 10-dan çox şahmatçımız Azərbaycanı tərk edərək əsasən Türkiyə və ABŞ-a yollanıb. Miqrasiya nəticəsində həm həyatını müsbətə doğru dəyişdirən, həm də səs-sədası kəsilən şahmatçılar var. Məsələn, 2001-ci ildə SOCAR müfəttişi Kamal Eynullayevin iki şahmatçı qızı - Roza və Elnarə ABŞ-a köçmüşdü. 14 yaşlı Roza Eynullayevanın 1 ildən sonra Nyu-York ştatının açıq çempionatında bütün görüşlərini qələbə ilə başa vurması böyük rezonans doğurdu. Amma gənc zəka sahibi bunun davamını gətirə bilmədi və bir müddətdən sonra sadəcə unuduldu. 2004-cu ildə Rusiyaya gedən Həsən Vəliyev isə hazırda Moskvada "Ağ Top" şahmat klubunun prezidentidir. O, şəhərin ən yaxşı uşaq məşqçilərindən biri hesab olunur.

Azərbaycanlı şahmat ustaları son zamanlar fəaliyyət məkanı olaraq əsasən Türkiyəni seçirlər. Şahmatçılardan FİDE ustası Orxan Eminov, Beynəlxalq usta Xəyalə İsgəndərova, Nigar Novruzova, Əsgər Rzayev və başqalarını qeyd etmək olar. 2008-ci ildə qadınlar arasında Respublika çempionu adını qazanan Xəyalə İsgəndərova 2012-ci ildə yığma komandanın tərkibində İstanbul Şahmat Olimpiadasına  qatılmışdı. O, daha sonra Türkiyə vətəndaşı ailə quraraq qardaş ölkənin qadınlardan ibarət milli komandasının üzvünə çevrildi.

333

Azərbaycanı tərk edənlər arasında Nərmin Kazımovanı xüsusi qeyd etmək olar. 2011-ci ildə qrossmeyster dərəcəsi alan xanım şahmatçı 18 yaşadək qızlar arasında dünya çempionatının (2013) qalibi olub. Hazırda N.Kazımova həyat yoldaşı, Sumqayıt şahmat məktəbinin yetirməsi Misrətdin İsgəndərovla birlikdə Türkiyənin Adana şəhərində yaşayır. Misrətdin İsgəndərov özüdə 2020-ci ilin fevralında FİDE tərəfindən qrossmeyster adına layiq görülüb. Hər iki şahmatçı AŞF-nin ölkədən “qaçırtdıqları”nın siyahısındadır.

Gənc və təcrübəli məşqçilərin də Azərbaycanı tərk etməsi yüksələn xətt üzrə gedir. Daha öncə təxminən 50 mütəxəssisin Türkiyədə yaşadğını bildirmişdik. Xatırlatmaq yerinə düşər ki, Türkiyə Şahmat Federasiyası Məşqçilər Komitəsinin qrossmeyster dərəcəsi olan yeganə üzvü azərbaycanlı Cəmil Ağamalıyevdir. Respublikamızda kifayət qədər tanınan Ağamalıyev 2006-cı ildən İzmir şəhərində yaşayır. O, 2014-cü ildə Türkiyə vətəndaşlığı alıb. Həmyerlimiz Türkiyənin ən gənc qrossmeysteri Vahap Şanalın (18 yaş) müəllimidir. Azərbaycanda 2 nömrəli İOEUG Şahmat İdman məktəbində çalışmış Cəmil Ağamalıyev Vüqar Həşimov, Rauf Məmmədov, Rəsul İbrahimov, Eltac Səfərli kim qrossmeysterlərin yetişməsində müstəsna rol oynayıb.

Fəaliyyətini Türkiyədə davam digər azərbaycanlı Tofiq İsmayılov da uşaq şahmatı sahəsində zəngin təcrübəyə malik şəxsdir. Bakıda Nəsimi adına İdman Məktəbi, 3 nömrəli İOEUG Şahmat idman məktəbinin direktoru vəzifəsini tutan (2011-15) Tofiq İsmayılov gənc şahmatçımız Aydın Süleymanlının müəllimi olub. 2015-ci ildə Antalya şəhərinə yollanan mütəxəssis 1 il sonra 30 tələbəsi ilə eyni vaxtda şahmat oynayaraq yerli mətbuatın diqqətini çəkmişdi.

Yerli şahmatsevərlərə Nicat Məmmədov adı da yaxşı tanışdır. Naxçıvan şahmat məktəbinin yetirməsi olan zəka ustası Respublika çempionu, beynəlxalq qrossmeysterdir. Amma Azərbaycan Şahmat Federasiyasında ona da yer tapılmayıb. Bakıda "Xəzər Universiteti Şahmat Akademiyasının" direktoru olan 35 yaşlı mütəxəssis Türkiyə Gənclər yığmasının baş məşqcisi postunu tutur.

Azərbaycanın indiyə qədər FİDE-nin "Böyük məşqçi" dərəcəsinə layiq görülən (FİDE Senior Trainer) 4 nümayəndəsi var. Onlardan ikisi  - Elmar Məhərrəmov və Sərxan Quliyev hazırda ölkə xaricindədir. Elmar Məhərrəmov artıq uzun zamandır Birləşmiş Ərəb Əmirliklərində (Dubay) şahmatçı və məşqçi kimi çalışır. 1980-ci illərdə dünya şöhrətli Çapay Sultanov məktəbini keçmiş Sərxan Quliyev BƏƏ və Türkiyədə işləyib vətənə qayıdandan sonra şahmat bürokratiyasının çirkin siması ilə qarşılaşmışdı. AŞF Azərbaycandan kənara ustad dərsləri keçmək üçün dəvət olunan bu mütəxəssisi öz strukturundakı diletantların yerinə layiq görməmişdi. Beləliklə, ötən yay S.Quliyev yenidən Antalyaya dönmək məcburiyyətində qalmışdı. FİDE "Böyük məşqçi"si olan ustalar barədə bir məqam da diqqət çəkir. Qaydalara əsasən həmin dərəcəni alan məşqçilər hər 4 ildən bir 180 avro lisenziya rüsumu ödəməlidir. Bu kateqoriyaya məxsus məşqçilərimizin azlığını nəzərə alan federasiya analoji rüsumu ödəməklə nümunəvi addım atmış olardı.

Gənclərə də Azərbaycan şahmatında yer tapılmır

Türkiyəyə pespektiv vəd edən həmyerlilərimizin kütləvi axını xüsusilə təəssüf doğurur.  Azər Abdullayev, Vüqar Rəsulov, Kamal Ağasıyev, Cavanşir Həsənzadə, Anar Ələkbərov və başqalarını bu siyahıya aid etmək olar. Şahmat məşqçilərimizin Azərbaycanı tərk etməsinə müxtəlif səbəblər təsir göstərib. Amma səbəblərin hamısı müəyyən bir nöqtədə kəsişir: ölkənin şahmat təsərrüfatına nəzarət edən şəxslərin qərəzi və özbaşınalığı. 2003-cü ildən Fransada yaşayan qrossmeyster, beynəlxalq turnirlərin qalibi Namiq Quliyev 12 il öncə bu mövzuda geniş açıqlama vermişdi. Həmyerlimiz bəzi AŞF məmurlarını tənqidə tutumuş,  Respublika Şahmat Mərkəzinin o zamankı direktoru Emin Həşimovu isə şahmatdan uzaq adam adlandırmışdı. Həşimov isə susmaqla N.Quliyev son müsahibəsində Azərbaycan Şahmat Federasiyasının haqsızlığına görə incidiyini gizlətməmişdi. Qrossmeysterin sözlərinə görə, 2002-ci ildə ölkə birinciliyində 3-cü olsa da, yığma komandadan kənarda qalıb. Əvəzində ondan aşağı pillədə qərarlaşan 2 şahmatçıya dəvət göndərilib. Namiq Quliyev Azərbaycanın zəka sahiblərini itirməsini haqsızlıq və maliyyə problemləri ilə əlaqələndirmişdi.

23

Türkiyədə fəaliyyət göstərən şahmat məşqçilərimiz isə açıq tənqiddən ehtiyat etdilər. Çünki Faiq Həsənovun Türkiyə Şahmat Federasiyası ilə münasibəti yaxşıdır. Məlum oldu ki, gənc mütəxəssislər özünü Azərbaycan şahmatının "xaç atası" hesab edən Faiq müəllimin onlara problem yarada biləcəyindən narahatdılar. Onlardan birini adının gizli saxlanılması şərtilə açıqlama verməyə razı saldıq.

"Azərbaycan şahmatının durum normal olsa, heç kim evini qoyub yad ölkədə çalışmaq istəməz. Şahmat Federasiyası işi o həddə gətirir ki, gəlib Türkiyədə işləyirik. 16-17 yaşımda Azərbaycanın ən potensiallı şahmatçılarından biri idim. Bölgə təmsilçisi kimi federasiya tərəfindən diqqət görmədiyimi deyə bilərəm. Respublika çempionatında nəticə göstərənləri məcbur qalıb rəsmi turnirlərə göndərirlər. Digər reytinq yarışlarında köməklik göstərmirlər. Kömək edəndə də yarımçıq edirlər. Federasiyanın prezidenti Elman Rüstəmova yaxın düşmək mümkün deyil. Nə qədər ki orda Faiq Həsənov var, vəziyyətin düzəlcəyinə ümid azdır. Gərək onun əhvalı xoş olan vaxta düşəsən ki, səni dinləsin. Bu da uzun müddət çəkmir. Kim Faiq Həsənova yaxınlıq edirsə, tərifləyirsə, dəstəyi də o görür. Qurumda işini məsuliyyətlə icra edən kimdə yoxdur. Şahmat Federasiyasının binasını çayxanaya çeviriblər, gün uzunu domino oynayırlar".

Şahmat Federasiyasında “Həsənağanın adamı”

Azərbaycanın şahmat ustaları xaricə getdiyi bir vaxtda AŞF meydanı məqsədli şəkildə qeyri-peşəkarların ixtiyarına buraxıb. Respublikanı tərk etmiş yerli qrossmeysterlərdən biri şəxsi münasibətə görə vitse-prezident Mahir Məmmədov tərəfindən himayə olunan şəxsin adını çəkməkdən çəkinmədi.

"Bir neçə il öncə vitse-prezident Mahir Məmmədovun yaxın adamı Cahangir Ağarəhimov federasiya tərəfindən mənzillə təmin olunmuşdu. O, 2014-cü ildə Beynəlxaq Usta olmadan birbaşa qrossmeyster dərəcəsini aldı. Bu, fenomenal intellektə malik şahmatçılara nəsib olur. Cahangir Ağarəhimov isə qrossmeyster olan qədər heç bir dünya, Avropa çempionatı və ya Qran-Pri turnirində fərqlənməmişdi. Təsəvvür edin ki, 6 ildir onun FİDE reytinqi dəyişmir. 2013-cü ildən bəri heç bir beynəlxalq yarışda iştirak etməyib. Bütün turnirlərə məşqçi kimi aparılır. Yeniyetmələr gedir, onların məşqçisi kimi qeyd olunur. Gənclər və qadınlardan ibarət komanda gedir, eyni vəziyyət. 2015-ci il Bakıda keçirilmiş Dünya Kubokunun icraçı direktoru, 2016-cı il Şahmat Olimpiadasının isə əməliyyatlar üzrə Direktoru olub. Başa düşmək olmur, supermendir, nədir. Şahmatda uğurları olmayan bu saxta qrossmeysteri irəli çəkən elə Mahir Məmmədovdur.

Yəqin bilirsiniz ki, federasiya məşqçiləri uşaqlara pulsuz dərs keçməlidir. Son vaxtlar valideynlər şikayətləniblər ki, Fərid Abbasov və Cahangir Ağarəhimov dərs üçün uşaqlardan 20 manat pul alır. Yunanıstanda təşkil olunan turnirə Mahir Məmmədov Gənclər və İdman Nazirliyi tərəfindən ayrılmış büdcə ilə öz müəllimini də göndərmişdi.

Azərbaycan şahmatı yalnız yığma komanda ilə məhdudlaşmır. Burda kifayət qədər güclü digər ustalar da var. Uzun zamandan sonra federasiya qadın şahmatçılar arasında səviyyəli Qran-Pri turniri keçirməyi planlaşdırırdı. Təşkilatçılar dairəvi sistemə üstünlük verəcək. Yəni 10-12 nəfər yarışa qatılacaq, qalan istedadlı uşaqlara şans verilməyəcək. Bunları ancaq yığma komandanın nəticəsi maraqlandırır ki, ölkə Prezidentinin qarşısına 5-6 nəfər çıxara bilsinlər”.

5

Federasiyanın ünvanına səslənən neqativ fikirlərlə bağlı vitse-prezidentlər Mahir Məmmədov və Faiq Həsənovun mövqeyini öyrənməyə çalışdıq. M.Məmmədov tək bir nəfərə deyil,  bütün yığma üzvlərinə şəxsən dəstək olduğunu bildirdi. Mənzillərin verilməsi və digər sosial imtiyazlar isə dövlət qayğısının nəticəsi kimi göstərildi.

Faiq Həsənov isə ona qarşı ittihamları əsassız və cəfəngiyyat adlandırdı. “Bilmədikləri şeyləri deyirlər. Ümumi danışmaq lazım deyil” – vitse-prezident əlavə etdi.

Belə çıxır ki, Azərbaycan şahmatının yetirmələri və məşqçilərinin xaricə getməsinə əsas səbəb federasiyanın formalaşdırdığı qeyri-sağlam mühitdir. Prezident Elman Rüstəmovun laqeydliyi, Faiq Həsənovun avtoritarlığı, Mahir Məmmədovun yanlış ünvanlara yönələn hamiliyi, bəzi məşqçilərin isə vəzifəsindən sui-istifadə etməsi bu mühitin təməl daşlarıdır. Şahmat ustalarımız ölkəni tərk etdiyi bir vaxtda yığma komandaya Arkadi Naydiç kimi legioner gətirilib. Latviyalı qrossmeysterlə AŞF aylıq 8 min manat məvaciblə 5 illik müqavilə imzalamışdı. Halbuki Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi Naydiçdən həm reytinq, həm də nailiyyət baxımından öndə olan yerli şahmatçılarımızın məvacibi dəfələrlə azdır. Təəssüf ki, Faiq müəllim bu ikili standarta aydınlıq gətirmək  əvəzinə hər kəsə məlum olan faktı təkzib etməyə çalışdı. Xarici mətbuatın yazdığına görə, AŞF bir ara Fabiano Karuananı da milliləşdirmək üçün danışıqlar aparırmış. Amma İtaliya əsilli qrossmeyster doğulduğu ABŞ-ın təklifini qəbul edib. Deməli, Azərbaycan Şahmat Federasiyasında rəhbərlik və işə yanaşma tərzi dəyişmədikcə yığmada daha çox əcnəbi peyda ola bilər. Yerli şahmat ustalarımıza ögey münasibət göstərib Gürcüstanda şahmatın inkişafına dəstək verən AŞF vitse-prezidentlərinin nə düşündüyü isə anlaşılmaz olaraq qalır.