115 il əvvəl Londonun qərbində bir qrup təqaüdçü yığışaraq yeni futbol klubu yaratdı. "Çelsi" adlanan klubun ilk ləqəbi də məhz "pensiyaçılar" idi. Ancaq "Çelsi" İngiltərə futboluna "Günəş kimi" doğmadı. "Pensiyaçılar" ortabab çıxışı ilə yadda qalırdı.
İlk böyük uğur...
Yarandığı vaxtlardan klubun qarşısına Premyer Liqa (o zamankı adı ilə Liqa Çempionşip) titulunu qazanmaq məqsədi qoyulmuşdu. Qazanıldı da, amma bir dəfə. O da, uzun illərdən sonra. "Pensiyaçılar" 1955-ci ildə "qızıl titula" yiyələndi. Klubun əvvəlki illərdə liqanı son pillələrdə bitirməyinin ardınca qazanılan bu kubok hər kəsi şoka salmışdı. "Göylər"in keşməkeşli və görəcəkli günləri isə qarşıda idi. "Çelsi" hələ uzun müddət İngiltərənin ikinci futbol liqası olan Çempionşipdə də mübarizə apardı.
İntibaha keçid dövrü
Xülasə, gəldik çıxdıq 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlinə. "Çelsi" yenidən Premyer Liqaya vəsiqə qazanmışdı. Klubun sahibi ingilis iş adamı Ken Beyts idi. Beytsin dövründə "Çelsi"də Canluka Vialli, Canfranko Zola, Cimmi Floyd Hasselbank kimi ulduz futbolçular top qovurdu. 2003-cü ilin 1 iyul tarixi isə "Çelsi" üçün dönüş nöqtəsi oldu. Xəlvəti və gözlənilmədən rusiyalı milyarder Roman Abramoviç 140 milyon ingilis funtuna komandanı Beytsdən təhvil aldı. Abramoviç ilk baxışdan sadə bir insan təsiri bağışlayırdı. O, klubu alar-almaz ilk olaraq bütün borcları "bağladı", daha sonra isə milyonlar xərcləyərək komanda üçün lazımi futbolçuları gətirdi. "Pensiyaçılar" sözün əsl mənasında zadəganlığa keçid etdilər.
Abramoviçlə "Qızıl dövr"
"Zadəganlar"ın baş məşqçisi olan Klaudio Ranierini qısa müddət sonra İngiltərədə adından söz etdirəcək Joze Mourinyo əvəzlədi. Komandada "çiçəklənmə dövrü" başladı. Həmin dövrdə Con Terri, Frenk Lempard, Eydur Qudyonsen, Damien Daff kimi futbolçular "Çelsi"nin uğurları üçün çalışırdı. Joze kimi istəyirdisə, "pullu rus adam" onu alırdı. Mou sonradan müsahibələrinin birində maraqlı bir fikir də səsləndirmişdi ki, "Abramoviç mənə Ronaldinyonu ala biləcək qədər çox pulunun olduğunu dedi. Mən isə cavabımda Droqbanı gətir yetər dedim".
Həqiqətən də "xüsusi adam" nə istədiyini bilirmiş. Droqbalı "Çelsi" önünə gələn rəqibə, güclü-zəif demədən rəhm etmirdi. London klubu yeni mövsümə əla başlamışdı. "Çelsi" itkisiz irəliləyirdi. Premyer Liqa nəhənglərindən olan "Liverpul" doğma "Enfild Roud" stadionunda "Çelsi" tərəfindən amansızcasına darmadağın edilmişdi - 1:4.
Mourinyolu "Çelsi" ilk mövsümündəcə dubl etdi. Klub Premyer Liqa ilə yanaşı İngiltərə Kubokunu da başı üzərinə qaldırdı.
"Çelsi" futbolu məhv edir"
Böyük Britaniyanın məşhur bukmeyker kontorları həmin dönəmdə "Çelsi"nin İngiltərə çempionluğu üçün qoyulan pulları qəbul etmirdi. Səbəb isə müflisləşmək istəməmələri idi. "Mançester Yunayted", "Liverpul" və "Arsenal" kimi İngiltərə nəhəngləri kölgədə qalmışdı. Arsen Venger və Sir Aleks Ferqyuson hər vəchlə "Çelsi"nin İngiltərədə futbolu məhv etdiyini car çəkməyə çalışırdılar. "Göylər" isə öz işində idi.
Çempionlar Liqası arzusu
"Çelsi" İngiltərədəki uğurlarını Avropada da təkrarlamaq niyyətində idi. "Zadəganlar" Çempionlar Liqasında dəfələrlə final mərhələlərinə vəsiqə qazanır. Onlar 2005-ci ildə yarımfinalda mübarizəni dayandırmalı olurlar. "Liverpul"un vurduğu "müəmmalı qol" londonluların planlarını "suya salır". Ancaq növbəti mövsümlərdə daha da güclənmiş "Çelsi" var idi. 2008-ci ildə finalı Moskvada keçirilən Çempionlar Liqasının yarımfinalında londonlular mersisaydlıları iki oyunun nəticəsinə görə, məğlub edərək həlledici görüşə vəsiqə qazandı. Finalda isə rəqib "Mançester Yunayted" idi. Həmin matç "Çelsi" azarkeşlərinin yaddaşında dərin iz buraxdı. Əsas vaxtı 1:1 hesabı ilə bitən oyunun əlavə vaxtında da qol vurulmayınca penaltilər seriyası başladı. "Yunayted"in portuqaliyalı ulduzu Kristiano Ronaldonun qaçırdığı şans isə "Çelsi"yə üstünlük qazandırmışdı. Ancaq komandanın kapitanı Con Terri həlledici zərbəni dəqiq yerinə yetirmək əvəzinə boşa çıxardı. Bu da "Çelsi"nin ÇL arzusunu növbəti dəfə ürəyində qoydu. UEFA-nın bir nömrəli klub turnirinin qalibi olmaq "Çelsi" üçün ən ali məqsəd olaraq qalırdı. Bu məqsədə isə 2012-ci ildə varıldı. Andre Villaş Boaşın ardınca müvəqqəti olaraq "Çelsi"nin baş məşqçi postuna gətirilən Roberto Di Mateolu "zadəganlar" Münhen finalında "Bavariya"nı elə penaltilər seriyasında məğlub edərək tarix yazdı. Londonlular 2008-ci ildəki uğursuzluğu böyük naaliyyətlə əvəzlədi.
Premyer Liqanın "TOP" klubu
Abramoviç "Çelsi"nin ən güclülər sırasına çıxara bilib. London təmsilçisinin adı İngiltərənin ən güclü 6 klubu sırasında çəkilir. 2003-cü ildən bəri "zadəganlar" klublararası dünya çempionluğundan başqa mümkün bütün titulları qazanıb. 2012-ci ildə Avropa Liqasını da qazanan "göylər" UEFA Superkubokunu da başları üzərinə qaldırmağı bacarmışdı. Bu gün "Çelsi" İngiltərə Premyer Liqasında çempionluğa oynamasa da, demək olar, hər il ilk "4-lük"də Çempionlar Liqasına vəsiqə qazanır. Ötən il isə "zadəganlar" paytaxt Bakıda keçirilən Avropa Liqasının finalında əzəli rəqibi "Arsenal"ı məğlub edərək tarixi ərzində ikinci dəfə bu mükafatı qazandı.
ll Təşəkkül dövrü
"Çelsi" ötən il əfsanəvi futbolçusu Frenk Lempardı baş məşqçi postuna gətirdi. Azarkeşlərin xitabı ilə desək, Super Frenk sələfi Maurisio Sarridən fərqli olaraq komandada köklü dəyişikliklər etdi. Lempardın "gənclər siyasəti" ilə komanda yeni dövrə qədəm qoyub. "Çelsi"nin çiçəklənməsinin ikinci dövrü isə növbəti mövsüm üçün etdiyi transferlərlə bağlıdır. Abramoviç uzun illərdən sonra pul kisəsinin ağzını açdı. Belə ki, rus oliqarx pandemiya demədən, iqtisadi çöküş demədən ulduz futbolçuların transferini həll etdi. "Çelsi" "Ayaks"dan Hakim Ziyeç və "Leyptsiq"dən Timo Verner kimi futbolçularını rənglərinə bağlayıb. Hələ bu azmış kimi, "zadəganlar" Leverkuzen Bayerinin gənc ulduzu Kai Havertsi də istəyir. Onun üçün isə nə az, nə çox 100 milyon avro təklif edilir. Transferi həll edilən futbolçuların Premyer Liqaya gəlişi isə növbəti mövsümdə bizə əla və amansız mübarizə şəraitində keçəcək futbol həyəcanı vəd edir...