AFFA-nın İcraiyyə Komitəsi (İK) koronavirus pandemiyasına görə dayandırılan Birinci divizionu bərpa etməməyə qərar verib.

Offsideplus.az xəbər verir ki, hazırkı turnir cədvəlinə uyğun olaraq, “Turan-Tovuz” çempion adını qazanıb, “Səbail-2” ikinci, “Zaqatala” üçüncü yeri tutub.

İK-nın qərarını Birinci Divizionda çıxış edən klubların müxtəlif regionları təmsil etməsi, yay mövsümü ilə əlaqədar oyunların axşam saatlarında keçirilməsi zərurətinin yaranması və bəzi stadionlarda infrastrukturun (işıqlandırma sisteminin) müvafiq tələblərə cavab verməməsi ilə əlaqələndirib.

I Divizionda gərgin mübarizə getdiyindən, turnirin dayandırılması birmənalı qarşılanmayıb. Çempion ikinci pillədəki “Səbail-2”dən 1, üçüncü yerdə qərarlaşan “Zaqatala”dan 2 xal öndə olub.
“Zaqatala” klubunun baş məşqçisi Rüstəm Məmmədov saytımıza açıqlamasında qərarın onlara pis təsir etdiyini gizlətməyib:

Koronavirus bütün dünyada olan problemdir. Neçə vaxtdır biz də futbolu, çempionatın başlamasını gözləyirdik. Əlbəttə ki, verilən qərar çox pis təsir elədi. Futbol bizim peşəmizdir, futbolsuz qalmaq çox çətindir. Əvvəl istirahətimiz bir ay, uzağı 20 gün olurdu. Mart ayından bəri məşq belə edə bilmirik. Divizionun ləğvindən sonra yenə də 2-3 ay futboldan, öz işimizdən kənar qalırıq. Deyiləsi bir söz yoxdur, bütün dünyada olan problemdir. Düzdür, qərar belə oldu ki, Premyer Liqa başladı, I Divizion dayandırıldı. Biz buna heç nə edə bilmərik. Məsləhət elə olub, elə də qərar verilib. Bu qərar futbolçulara çox pis təsir edib. Hər gün uşaqlar zəng edirdilər, hamı futbolu gözləyirdi. Hamımız ümid edirdik ki, başlayacaq. Futbolçular da özlərini buna hazırlayırdı. Ev şəraitində olsa da məşqləri davam etdirir, verdiyimiz tapşırıqları yerinə yetirirdilər. Özləri əlavə işləyirdilər. Heç kim istəməzdi ki, belə olsun, qismət belə imiş. Yəqin ki, Federasiya da, rəhbərlik də, futbolçular da istəməzdi belə olsun. Burda kimisə günahlandırmaq düzgün deyil. Bu hər yerdə olan problemdir.
Yaxşı tərəfi odur ki, futbolçularımız gəncdir. Bu qısa müddətdə itirəcəkləri çox şey yoxdur. Daha çox işləyib, daha çox məşq edib özlərini inkişaf etdirəcəklər. Biz də növbəti mövsümü gözləyəcəyik. Necə olacaq, necə hazırlaşacağıq və digər bu kimi sualları rəhbərliklə görüşüb danışacağıq".

R. Məmmədov gənc futbolçuları motivasiya etməyin asan olduğunu bildirib:

“Hamımız peşəkarıq. Bizim əla kollektivimiz var. Gənc olmalarına baxmayaraq peşəkardırlar. Futbolun bütün incəliklərini öyrənməyə başlayıblar. Gənc futbolçuya motivasiya vermək o qədər də çətin deyil. Əlbəttə, indi qəbul etmək çətindir. Bir az narahatdırlar, müqavilə məsələləri ilə bağlı amillər var. Ancaq yeni mövsüm başlayanda bunların hamısı unudulacaq. Yaşlı fubolçu üçün bu daha böyük məyusluq ola bilərdi. Bizim futbolçular isə gəncdir və karyeralarının böyük hissəsi qarşıdadır. Biz də gənc məşqçilərik. İndi futbol yoxdur, ancaq boş oturmuruq. Tez-tez burda olan məşqçilərlə görüşür, məşqlər üzərində işləyir, oyun analizləri edirik. Çalışırıq futbol olmadığı dönəmdə özümüz daha da inkişa etdirək. Qalan sözü isə rəhbərlik deyəcək. Necə istəsələr, o cür də olacaq”.