Güləş Azərbaycanın milli və ən populyar idman növlərindən biridir.
Zəngin ənənənələrə malik Azərbaycan güləş məktəbinin beynəlxalq arenada tanınan bir sıra nümayəndələri olub və var. 1896-cı ildə baş tutan ilk müasir Olimpiya Oyunlarının gündəliyinə daxil edilən güləş dördilliyin ən nüfuzlu turnirində ölkəmizə ən çox medal qazandıran idman növüdür. Güləşçilərimizin dördü qızıl olmaqla Olimpiadalarda sahib çıxdığı 24 medalın 22-si Azərbaycanın aktivinə yazılıb. 1952-ci il Helsinki Olimpiadasında Rəşid Məmmədbəyovun qazandığı gümüş medalla başlanan bu yol müstəqillik illərində Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov, Şərif Şərifov tərəfindən uğurla davam etdirilib. Son onillikdə Toğrul Əsgərov, Hacı Əliyev, Rəsul Çunayev, Eldəniz Əzizli, Mahir Əmiraslanov kimi bölgələrdən yetişən güləşçilərimizin olması sevindirici haldır.
Pozitiv nüanslara rəğmən, ictimaiyyətin diqqətini çəkən və düşündürən məqamlar da var. Bunların başında güləşimiz üçün köhnə-yeni problem olan legioner məsələsi durur. Ölkəmizdə tarixi kökləri olan bu idman növü üzrə 3 yığmada (sərbəst, Yunan-roma, qadın güləşi) baş məşqçinin əcnəbi və milliləşdirilmiş olmasını hələ bir kənara qoyaq. 13 il idmançı yetişdirmək üçün yetərli müddət olsa belə, 2007-ci ildən xüsusi diqqət ayrılan qadın güləşində də legionerlərin çoxluğunu müəyyən qədər anlamaq olar. Sərbəst və Yunan-roma güləşçilərin arasında milliləşdirilmiş güləşçilərin olması isə ayrıca müzakirə mövzusudur.
Güləş Federasiyasının məcburiyyət arqumentləri
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı kənardan idmançı cəlb olunmasını müəyyən çəkilərdə yerli idmançıların istənilən səviyyədə olmaması ilə əlaqələndirir.
"Güləş komandamıza legionerlər bir çox hallarda komandanı gücləndirmək üçün gətirilir. Yerli güləşçilər rəqabəti udursa, yığmada onlara üstünlük verilir. Bir neçə il öncə sərbəst güləş üzrə komandanın baş məşqçisi çeçen əsili Zəlimxan Hüseynov 60 kq çəki dərəcəsində çıxış edirdi. Daha sonra Hacı Əliyev, Toğrul Əsgərov özünü sübut edərək onu sıxışdırıb çıxardı. Milliləşdirmə əsasən ağır çəkilərdə müşahidə olunur. Amma daxili çempionatda qalib ola bilməyəndə onlar da ixtisara düşür. Misal kimi Aleksandr Qostiyevi göstərmək mümkündür. Avropa çempionatı və Qızıl Qran-Pri turnirlərinin bürünc mükafatçısı olsa da, Respublika birinciliyində yer tutmadığı üçün yığmadan kənarlaşdırıldı.
Biz legionerləri xüsusi olaraq axtarmırıq. Azərbaycan millisinin heyətində onlar özləri çıxış etməkdə maraqlı olur. Deyənlər var ki, başqa ölkələrin ikinci, üçüncü komandasının üvzləri milliləşdirilir. Bir güləşçi Rusiyanın əsas yığmasına düşməyibsə, bu, onun zəifliyinə dəlalət etmir. Rusiyada əsas komanda üzvünün Azərbaycan gəlib burda çıxış etməsi də inandırıcı deyil. Yuan-roma güləşində ağır çəkilər istisna olmaqla, digər kateqoriyalarda yerli idmançılar mübarizə aparır. Qadın güləşi nisbətən yeni sahə olduğundan legionerlər üstünlük təşkil edir. Amma burda da yerli güləşçilər yetişməkdədir. Biz də çalışırıq ki, öz güləş məktəbimizin yetirmələrinə imkan yaradaq. Təbii ki, eyni səviyyəli legioner və yerli idmançı arasında seçim edəndə ikincilərə üstünlük veriririk. Lakin bəzi hallarda gənclər məşqləri axsadır, intizama əməl etmirlər deyə geriyə gedirlər. Aşağı intizam isə onların yığmaya yolunu kəsir".
Problem varsa, həll yolu da var
İlk baxışdan federasiyanın mövqeyi məntiqdən kənar görünmür. Güləşlə yaxın əlaqəsi olanlar da bildirirlər ki, son 4-5 ildə özünü təsdiqləmiş legionerlərə müqavimət göstərə biləcək yerli güləşçilərə az rast gəlinir. Deməli, rəqabətin artması, milliləşdirmənin aradan getməsi üçün yerli güləşçiləri yetişdirmək tələb olunur. Bu vəzifəni yerinə yetirmək isə Azərbaycan Güləş Federasiyasına aiddir. Rayonlarda yerləşən güləş məktəblərini götürək. Regionlarda istedadlı uşaqları məşqlərə cəlb etmək, gələcəyin idmançılarına ilk addımlarını atmaq üçün şərait yaratmaq məhz onların öhdəsinə düşür.Kiçik araşdırma göstərir ki, mərkəzdən kənarda yerləşən bu cür məktəblərin bir çoxu müasir standartlara cavab vermir. Eyni məsələ təhsil müəssisələrinin nəzdindəki idman zalları üçün də keçərlidir.
Seleksiya işlərinin qənaətbəxş olmaması da heç kimə sirr deyil. Milli komandaya güləşçi seçmək yalnız Respublika çempionatları ilə məhdudlaşmamalıdır. Məşqçi perspektivli güləşçinin yolunu gözləməkdənsə, özü gedib bölgələrdən onları "dartıb çıxarmalıdır". Bölgələrdə güləçi potensialının olmamasından şikayətlənmək isə ağlabatan səslənməz. Qurşaq tutmaq, badalaq atmaq kimi primitiv anlayışlardan xəbəri olmayan azərbaycanlı yeniyetmə tapmaq qeyri-mümkündür. İnfrastruktur- məşqçi amilinin düzgün vəhdəti gənclər və əsas güləş yığmasının bazasını xeyli zənginləşdirə bilər. Bunun effekti az-çox Qazaxda müşahidə olunur. Görəsən, bənzər və daha təkmilləşdirilmiş modelin digər bölgələrdə tətbiq olunmasına nə mane olur?
Azərbaycan Güləş Federasiyasının İdman Şöbəsinin müdiri Yaqub Məmmədov da yerlərdə seleksiya işlərinin aparılmasından narazıdır. Tanınmış mütəxəssis qeyd edir ki, bölgələrdə uşaq-gənclər və güləş məktəbləri, onların təşkilati məsələləri Gənclər və İdman Nazirliyi, habelə Təhsil Nazirliyinin öhdəsindədir. Güləş Federasiyası isə yığma komanda ilə əlaqədər işlərlə məşğul olur.
Əslində federasiyanın da bu məsələdə üzərinə az məsuliyyət düşmür. Qurumun bütün Azərbaycanı əhatə edən 8 regional nümayəndəliyi var. Bu nümayəndəliklər üzrə mütəmadi olaraq iki mərhələdən ibarət təsnifat yarışları təşkil olunur. Birinci mərhələdə Region birinciliyi keçirilir. İkinci mərhələ isə yığma komandalara seçim xarakteri daşıyır. Y.Məmmədovun sözlərinə görə, yığma məşqçilərinin vəzifəsi analoji turnirlərdə fərqlənən "hazır materialı" götürməkdir. Həmin materialı regionlarda çalışan mütəxəssislər, fərdi məşqçilər ortaya çıxarmalıdır. Sual yaranır, AGF həmin məşqçilərlə koordinasiyalı fəaliyyət göstərir və ya göstərmək istəyirmi? Federasiyanın ərazi nümayəndəlikləri tərkibində bir neçə klublar mövcuddur. Bu klubların xərcləri AGF tərəfindən qarşılanır və məşqlər ödənişsizdir. Fərdi məşqçilərlə müntəzəm əlaqə qurmaqla həmin klubları genişləndirmək isə çətin iş deyil. Bu əlaqə güləşə yeni qədəm qoyan azyaşlıları konkret hədəfə kökləmək, intizamlı yetişdirmyə də fayda verər. Hazırda əsas çatışmazlıq ağır çəkilərə aiddirsə, bunun üzərində ayrıca çalışmaq olar. Fiziki parametrlərinə görə seçilən uşaqlara xüsusi məşq proqramı tərtib etmək, psixoloji hazırlıq keçmək çıxış yollarından biridir. Məktəblərin idman zallarından yeniyetmələri üzə çıxarmaq üçün isə Təhsil Nazirliyi ilə ümumi bir layihə həyata keçirməyə təşəbbüs göstərilə bilərdi. İdmanın inkişafına böyük önəm verilən Azərbaycanda buna yönəlmiş səmərəli təklifdən, əlbəttə, imtina olunmaz.
“Hər ailədə(n) bir güləşçi” çıxmadı
Hər hansı idman növündə alternativ və resurslar olmaqdıqda legionerlərə etimad göstərmək optimal variantdır. Dünya güləşində iz qoymuş Şərif Şərifov, Mariya Stadnik kimi simaların beynəlxalq turnirlərdə bayrağımızı qaldırması vətəninə bağlı hər kəsi sevindirir. Əsas məsələ onların da təcrübəsindən istifadə edərək, zəruri tədbirlər həyata keçirməklə yerli istedadların üzə çıxarılmasıdır. Bu, ən azından titullu legionerlər karyerasını bitirəndən sonra növbəti xarici güləşçilərin CV-sini nəzərdən keçirməmək üçün lazımdır. 2009-cu ildə AGF "Hər ailədə bir güləşçi" layihəsinə start vermişdi. Sözügedən kampaniyanın məqsədi güləşə marağın artması, onun kütləviliyinə nail olmaq idi. İctimaiyyətin diqqətini buna cəlb etmək üçün federasiya KİV-lər arasında müsabiqə də təşkil etdi və mükafat fondu təyin etdi. Artıq 10 il geridə qalıb. El arasında bu müddətə bir igidin ömrü deyirlər. Əfsuslar olsun ki, layihənin nəticəsində ortaya çıxan igidləri saymaq üçün bir əlin barmaqları da kifayət edir. Halbuki uşaq və gənclərin fiziki və mənəvi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun həyata keçirilməsi üçün dövlətin Güləş Federasiyasına maddi dəstəyi nəticəsində ağsaqqal legionerlərimizin üzərində "Demokl qılıncı" olan çoxsaylı gənc pəhləvanlar çoxdan yetişməli idi. Belə çıxır ki, Gənclər və İdman Nazirliyi, eləcə də AGF güləşdə gəncləşdirmə tapşırığının öhdəsindən lazımınca gələ bilməyib.
Milliləşdirmə üçün xərclənən pullara uzunmüddətli inkişaf planı hazırlanıb həyata keçirilsəydi, effekti çoxdan görünərdi. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında Prezident İlham Əliyevin danılmaz xidmətləri var. Amma, deyəsən, bəzi federasiyalar dövlət başçısının yürütdüyü idman siyasətini dərindən başa düşməyib. Əhalisi Azərbaycanın üçdə biri qədər olan Dağıstan Respublikası Rusiya yığmasını ayaqüstə saxlamaqla yanaşı, digər ölkələrə (o cümlədən bizə) güləşçi ixrac edirsə, insanların da hazırki durumun radikal dəyişməsini gözləməyə haqqı var. Güləşçi yetişdirmək Azərbaycan kimi ənənələrə və lazımi potensiala malik ölkə üçün problem olmamalıdır.
Azərbaycan güləşində yeni nəslin yetişdirilməsi, güləş məktəblərinin hazırki durumu ilə bağlı silsilə yazılarımız davam edəcək.