Misli Premyer Liqasının 8-ci turu Azərbaycan derbisinə şahidlik etdi. Ölkənin iki ən köklü və titullu komandası – “Qarabağ” və “Neftçi” üz-üzə gəldi. Oyuna maraq oldukça yüksək idi: 15 minə yaxın azarkeş matçı tribunadan izlədi.
Son 10 derbidə “Neftçi” cəmi 3 qol vura bilmişdi ki, bu da elə son iki qarşılaşmaya təsadüf etmişdi. Flagmanın dirçəlişi elə buradan görünür – komanda iki mövsümdə edə bilmədiyini bir oyunda reallaşdırdı.
Tərəflər əsl xarakter nümayiş etdirdilər. Meydanda taktikadan daha çox mental savaş gedirdi. “Neftçi” qələbəyə daha yakın tərəf olsa da, ortaya qoyulan mübarizəyə görə heç bir komanda uduzmağa layiq deyildi.
Hesab 1:3 olarkən Qurban Qurbanov 4-2-3-1-dən 3-4-3 taktiki sxeminə keçdi. Oyundakı əsas geridönüş nöqtəsi də məhz bu gediş oldu. Hər qoldan sonra hiss olunurdu ki, bu son deyil, arxası gələcək. Həqiqətən də belə oldu. 6 qolun vurulduğu, həyəcanın pik həddə çatdığı matçda qalib müəyyənləşmədi.
Əsl derbi izlədik. Mövsümün geridə qalan hissəsində ən azı 7 belə maraqlı qarşılaşma izləyəcəyik (“Sabah”, “Qarabağ” və “Neftçi”nin öz aralarındakı oyunlarda).
“Qəbələ” ilə matçdan sonrakı mətbuat konfransında Valdas Dambrauskas da bu oyunun onun üçün maraqlı keçdiyini gizlətmədi. Bu heç-heçə isə hamıdan çox elə onun komandasına yaradı – “bayquşlar” artıq vahid liderdir.
Təki belə oyunların sayı çox olsun; ölkə futbolu, azarkeşlər, ictimaiyyət – hər kəs bundan həzz alsın və inkişafı görsün!


