Ben Simmons "Filadelfiya Siksers"dən qalmaqallı ayrılışını əks etdirən yeni sənədli filmdə keçmiş baş məşqçisi Dok Riversin ona qarşı münasibətindən danışıb.

Offsideplus.az xəbər verir ki, ESPN-in hazırladığı filmdə əsas mövzulardan biri 2021-ci ildə "Filadelfiya Siksers"in Şərq yarımfinalında "Atlanta Houks"a yeddinci oyunda məğlubiyyəti olub. Həmin qarşılaşmada Simmons son dəqiqələrdə açıq vəziyyətdə topu səbətə vurmaq əvəzinə ötürmə vermiş və bundan sonra ciddi tənqidlərə məruz qalmışdı. Oyun sonrası mətbuat konfransında baş məşqçi Dok Riversdən Simmonsun çempionluğa iddialı komandanın əsas oyunqurucusu ola biləcəyi soruşulanda, Rivers "Hazırda bu suala cavabım yoxdur" demişdi. Beş il sonra Simmons həmin an yaşadıqlarını belə xatırlayıb: "O an nə hiss etdim? Düşündüm ki, bu nə biabırçılıqdır. Əgər kiminləsə münasibətin varsa və o insan səni dəstəkləyirsə, bəzi məsələlər fərqli həll olunmalıdır. Amma digər tərəfdən, başa düşürəm ki, onun da işi var, pul qazanır, işini itirmək istəmir. Çətin anlarda insanlar panikaya düşür, bir-birini günahlandırır. Məhz bu da baş verdi".