Azərbaycan Kubokunun final matçında “Sabah” və “Zirə” komandaları qarşılaşacaq. Qəsəbə klubu tarixində 3-cü dəfə finala yüksəlib. Zirənin eyniadlı təmsilçisi 2021/2022 və 2023/2024-cü illər mövsümlərində həlledici matçın iştirakçısı olub. “Sabah” isə ardıcıl ikinci dəfə finalda oynayacaq. Bəs görəsən “bayquşlar” titulunu qoruyub saxlaya biləcək, yoxsa, “Zirə” bu dəfə Azərbaycan Kubokunun qalibi olacaq?
Offsideplus.az saytı futbol mütəxəssislərinin final matçı ilə bağlı fikirlərini təqdim edir:
Ağasəlim Mircavadov: “Sabah” artıq çempion kimi Avropa yarışlarına vəsiqə qazanıb. Buna baxmayaraq, kubok komandanın reputasiyası və mövsümü uğurla başa vurması baxımından çox önəmlidir. Hər bir məşqçi çempionluqdan sonra kuboku da qazanmaq istəyir. Bununla yanaşı, “Zirə” üçün Avropaya ən optimal yol məhz kubokdan keçir. Kubok oyunlarının özəlliyi ondadır ki, burada favorit anlayışı çox vaxt formal xarakter daşıyır. Cəmi bir matç hər şeyi həll edir və belə görüşlərdə böyük hesab fərqlərinə nadir hallarda rast gəlinir. Adətən daha ehtiyatlı və gərgin mübarizə gedir. Fikrimcə, bu matçda da gedişat belə olacaq".
Arif Əsədov: "Kubok oyununda hesabı əvvəlcədən proqnozlaşdırmaq çətindir. Təbii ki, hazırkı vəziyyətə görə favorit “Sabah” görünür. Komanda çempionluğu təmin etdiyi üçün üzərində ciddi təzyiq yoxdur və oyuna daha rahat çıxacaq. Lakin “Zirə” üçün bu görüş böyük əhəmiyyət daşıyır. Dördüncü yer uğrunda “Neftçi” ilə ciddi rəqabət gedir və bu baxımdan “Zirə” bu oyuna təzyiq altında çıxacaq. Bu amilin komandanın oyununa təsir etməsi mümkündür. Bununla belə, kubok oyunları hər zaman gözlənilməz nəticələri ilə seçilib. “Sabah” favorit sayılsa da, matçın əlavə vaxta qədər uzanması ehtimalı da var. Belə məqamlarda isə nəticə həm də şansa bağlı olur".
Ceyhun Sultanov: "Kubokun finalı bağlı öncədən fikir söyləmək çətindir. Bir oyundan ibarət olduğu üçün istənilən hesab gözləniləndir. Şansları 50( olduğunu düşünürəm. Kim güclüdürsə, o da qalib gəlsin. Əsas odur ki, azarkeşlər maraqlı oyun izləsin".
Aslan Kərimov: "Finala layiq iki komanda üz-üzə gəlir. Bir tərəfdə ölkə çempionu və güclü hücum xətti ilə seçilən “Sabah”, digər tərəfdə isə böyük heyət keyfiyyətinə malik olmasa da, mövsüm boyu effektiv futbol sərgiləyən “Zirə” var. Maraqlı oyunun şahidi olacağımız düşünülür. Komandaların potensialını müqayisə etdikdə “Sabah”ın şansları bir qədər yüksək qiymətləndirilə bilər. Bunun əsas səbəbi onların hücum xəttinin çox güclü olmasıdır. Ehtimal olunur ki, “Zirə” bu görüşdə xoşbəxtliyin əks-hücumlarda axtaracaq. Çünki “Sabah”a qarşı açıq futbol oynamaq onlar üçün riskli görünür. Digər tərəfdən, “Zirə”nin mərkəz müdafiəçiləri mövsüm ərzində zaman-zaman səhvlərlə yadda qalıblar və belə güclü hücum xətti qarşısında bu amil həlledici ola bilər".
Bəxtiyar Musayev: "Fikrimcə, finalın son dəqiqələrinə qədər gərginlik davam edəcək. Favorit kimi “Sabah” göstərilsə də, finallar həmişə sürprizlərlə yadda qalıb. Bu sadəcə şablon fikir deyil, futbolun reallığıdır. Belə oyunlarda nəticəni əvvəlcədən təxmin etmək çox çətindir. “Sabah” bir addım öndə görünsə də, “Zirə”nin də kifayət qədər şansı var və onların kuboku qazanması sürpriz sayılmamalıdır. Güclü olan qalib gəlsin. Hər iki komandaya uğurlar arzulayıram".
Şahin Diniyev: "Əgər hər iki komanda kubokun finalına qədər irəliləyə bilibsə, deməli, buna layiq gücə sahibdirlər. Üstəlik, bir oyuna futbolçuları motivasiya etmək daha asandır. Uzun marafon olan çempionatda komandaların forması dəyişkən ola bilər. Kubok isə tamamilə fərqli atmosferdir. Açığı, bolqollu oyun gözləmirəm. Çünki bir matçdan ibarət finalda komandalar ilk növbədə qol buraxmamağa çalışırlar və daha ehtiyatlı oynayırlar. Çox güman ki, hər iki tərəf müdafiəyə xüsusi diqqət ayıracaq. “Zirə”nin müdafiə xətti, “Sabah”ın isə hücum potensialı oyunun marağını daha da artırır".
Əfran İsmayılov: "Maraqlı qarşılaşma gözlənilir. “Zirə”nin Avropaya vəsiqə qazanmaq üçün ən real yolu kuboku əldə etməkdir. Digər tərəfdən, “Sabah” da hazırda çox yaxşı formadadır və bu mövsüm çempionata xüsusi rəng qatıb. Böyük ehtimalla, komanda çempionluqdan sonra kuboku da qazanaraq mövsümü “dubl”la başa vurmaq istəyəcək. Bildiyimiz kimi, kubok finalı cəmi bir oyundan ibarətdir. Belə görüşlərdə futbolçuların fərdi keyfiyyətləri və psixoloji hazırlığı böyük rol oynayır. Hər iki komandaya uğurlar arzulayıram".


