“Olduqca gərgin tur izlədik”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının XXX turunda keçirilən oyunlarla bağlı fikirlərini bölüşüb:

“Kəpəz” – “Sumqayıt” oyunu çox dramatik keçdi. “Sumqayıt” ilk hissədə daha üstün görünürdü. Hesabda önə keçsə də, oyunun sonunda “Kəpəz” geridönüş edərək iki qol vurdu və vacib qələbə qazandı. Turnir cədvəlinə baxsaq, son pillələr uğrunda əsas mübarizə “Karvan Yevlax”, “Kəpəz” və “Qəbələ” arasında gedir. Ona görə də dörd oyundur ardıcıl məğlub olan “Kəpəz” üçün bu üç xal sözün əsl mənasında göydəndüşmə oldu.

Turun sensasion nəticələrindən biri də bu oyun idi. Bilirdik ki, “İmişli” möhkəm komandadır və hər zaman sürpriz edə bilir. Amma “Araz-Naxçıvan” üçün də qələbə çox vacib idi. Üstəlik, evdə oynayırdılar. Görünən odur ki, “Araz-Naxçıvan”da baş məşqçi hələ də istədiyi heyəti tam formalaşdıra bilməyib.

“Şamaxı” – “Sabah” oyununda isə favorit açıq-aşkar “Sabah” idi. Çempionluğu təmin etdikləri üçün daha rahat oynayırlar. Heyətdə də müəyyən rotasiyalar edilmişdi. “Şamaxı” ilk dəqiqələrdən oyuna yaxşı başladı və bir neçə təhlükəli hücum da qurdu. Amma oyunun gedişində əsas futbolçularının zədələnməsi komandaya təsir etdi. “Sabah” isə öz oyununu quraraq layiqli qələbəsini qazandı.

“Zirə” – “Qəbələ” matçında da aşkar favorit “Zirə” idi. Çünki artıq dördüncü yer uğrunda “Neftçi” ilə gərgin mübarizə gedir və belə mərhələdə xal itirmək olmaz. Oyunun gedişi isə heç də onların istədiyi kimi başlamadı. “Qəbələ” özünü yaxşı tərəfdən göstərir, hətta bir neçə qol epizodu da yaradırdı. Daha sonra “Zirə” öz təcrübəsi və ustalığı hesabına qol vuraraq vacib qələbə qazandı.

“Qarabağ” – “Turan Tovuz” oyunu turun ən maraqlı qarşılaşmalarından biri idi. İkinci yer uğrunda bu komandalar arasında ciddi mübarizə gedirdi. “Turan”ın şansı vardı ki, qələbə qazanaraq xalları bərabərləşdirsin. Ancaq görünən o idi ki, “Qarabağ” oyuna çox ciddi yanaşıb. İlk dəqiqələrdən təşəbbüsü ələ aldılar və hesabda 2:0 önə keçdilər. Oyunun sonları dramatik alındı. Xüsusilə də “Turan”ın vurduğu qoldan sonra bir neçə təhlükəli epizodu oldu, amma bunlardan istifadə edə bilmədilər. Sonda “Qarabağ” layiqli qələbə qazanaraq mövqeyini daha da möhkəmləndirdi.

Son oyun isə “Karvan Yevlax” – “Neftçi” matçı idi. “Karvan”ın son oyunlarda göstərdiyi performans “Neftçi”nin çətinliklə üzləşəcəyini göstərirdi. İlk dəqiqələr heç də asan keçmədi. Burada vacib məqam “Neftçi”nin erkən qol vurması idi və belə də oldu. Daha sonra daha iki qol vuraraq layiqli qələbə qazandılar. “Neftçi” hələ də Konfrans Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir. Qarşıdakı oyunlarda da maksimum nəticə almağa çalışacaqları görünür. “Karvan” isə Premyer Liqada qalmaq uğrunda mübarizəni davam etdirir. Buna nail olub-olmayacağını isə zaman göstərəcək”.