Çempionlar Liqasının yarımfinalı üzrə dünən keçirilən "Bavariya" - PSJ oyunu "CBC Sport" telekanalında yayımlanmalı olsa da, texniki problemlərdən yayım baş tutmamışdı.
Offsideplus.az xəbər verir ki, telekanal təxminən 14 saat sonra sükutu pozub və bəyanat yayıb:
"Əziz və hörmətli futbol azarkeşləri,
mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bayern Münhen” – PSJ qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.
Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.
Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.
Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk.
Hörmətlə, "CBC Sport".
Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb və mərhələ adlayan tərəf PSJ (ümumi hesab: 6:5) olub.


