“İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq”.
Bu sözləri Peşəkar Futbol Liqasına müsahibəsində ilk Azərbaycan Kubokunun qalibi “İnşaatçı” (Bakı) komandasının baş məşqçisi olmuş Məmmədəli Məmmədov söyləyib.
O, final matçı ilə bağlı qeyd edib: "1992-ci ildən danışırıqsa, həmin il bizim üçün tarixi alınmışdı. Komandamızda ulduz futbolçu yox idi. Kollektiv oyun nümayiş etdirərək gücümüzü göstərməyə çalışırdıq. Kubok qazanmağa layiq komanda idik”
M. Məmmədov final matçı öncəsi klub rəhbəri ilə olan maraqlı dialoqlarından, eyni zamanda kubokdakı rəqibləri barədə də söz açıb:
“Sponsorumuz olan evtikmə kombinatının rəhbəri oyundan iki gün əvvəl keçirilən iclasda bizə yaxşı vəd verdi. Bildirdi ki, kuboku qazanacağınız təqdirdə komandanın üzvlərindən birinə ikiotaqlı ev, digərlərinə pul mükafatı verəcək. Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq. ¼ finalda rəqibimiz “Neftçi” komandası idi. Futbolçularıma demişdim ki, “Neftçi” komandasını keçəcəyiksə, deməli, kuboku özümüz qazanacağıq. 2:1 hesabla qalib gələrək yarımfinala vəsiqə qazandıq. Burada rəqibimiz “Neftçi” ilə bərabər gücə sahib olan “Xəzər” (Sumqayıt) komandası idi. Oyunsonrası penaltilər seriyasında qalib olduq və finala çıxdıq. Finalda “Kür” (Mingəçevir) komandasını məğlub edərək şərəfli tarix yazdıq. 1992-ci il həm də ölkədə müharibə vəziyyəti idi. Komandalar bir-birinə anlayışla yanaşırdılar və kömək edirdilər. Kuboku qazandıqdan bir müddət sonra Tovuza oyuna getmişdik. Bizi təntənəli şəkildə, gül dəstələri ilə qarşıladılar. Unudulmaz hisslər idi. Bəzi oyunçularımızı itirdiyimizə görə məyus idik. Ancaq adımızı tarixə yazdırdığımıza görə mövsüm yaddaqalan alındı”.
Geniş müsahibəni təqdim edirik:


