İspaniya nəhəngi "Real Madrid" bazar günü keçiriləcək vacib "El Klasiko" öncəsi daxili böhranla sarsılıb.
Offsideplus.az xəbər verir ki, komandanın iki əsas yarımmüdafiəçisi — uruqvaylı Federiko Valverde və fransalı Orelien Çuameni arasında baş verən fiziki qarşıdurma qanla nəticələnib.
Futbolçular arasında münasibətlər hələ çərşənbə günü keçirilən məşqdə gərginləşib. Cümə axşamı baş tutan hazırlıq prosesində isə vəziyyət nəzarətdən çıxıb.
Valverde məşq başlamazdan əvvəl Çuameninin əlini sıxmaqdan imtina edib. Məşq zamanı uruqvaylı ulduz fransalı komanda yoldaşına qarşı olduqca sərt qayda pozuntusu edib.
Məşqdən sonra paltardəyişmə otağında davam edən mübahisə əlbəyaxa davaya çevrilib və bu zaman Valverde üzündən ağır xəsarət alıb.
Üzündən dərin kəsik xəsarəti alan Federiko Valverde dərhal klubun "Valdebebas" təlim-məşq mərkəzinin yaxınlığındakı tibb müəssisəsinə çatdırılıb. Həkimlər futbolçunun üzündəki yaraya tikiş atmalı olublar.
Maraqlıdır ki, xəsarət alan futbolçunu xəstəxanaya şəxsən baş məşqçi Alvaro Arbeloa müşayiət edib.
"Marca" qəzeti iddia edir ki, Valverdeyə dəyən zərbə Çuameni tərəfindən qəsdən deyil, dava zamanı yaranan aralıqda bədbəxt hadisə nəticəsində (yıxılma və ya toqquşma) dəyib.
Bu hadisə "Real Madrid"in ən kritik dövrünə təsadüf edir. Klub rəhbərliyi və oyunçuların agentləri hələlik susmağa üstünlük versələr də, klub daxilindəki gərginlik pik həddədir.
"Kral klubu" mövsümü böyük kuboklarsız başa vurmaq təhlükəsi ilə üz-üzədir. Bazar günü "Barselona" ilə həlledici matç baş tutacaq. Hazırda katalonlar 11 xal fərqi ilə liderdir.
Əgər "Barselona" bazar günü uduzmasa, öz meydanında ardıcıl ikinci La Liqa çempionluğunu bayram edəcək.


