“Fəaliyyətim əsasən yeniyetmə və gənc idmançıların inkişafına yönələcək”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, Universiada və I Avropa Oyunlarının qalibi Rasul Çunayev deyib.
Veteran idmançı Güləş Federasiyasındakı yeni təyinatı ilə bağlı danışıb: “Vaxtilə bir idmançı kimi ölkəmizi və federasiyamızı təmsil etmişəm. Bu gün isə eyni sahədə bir mütəxəssis olaraq fəaliyyət göstərmək mənim üçün şərəfdir. Daha çox regionlarla işləməyi planlaşdırırıq. Bölgələrdə zalların sayının artırılması, güləş yarışlarının təşkili və bu idman növünün daha geniş kütlələrə çatdırılması əsas hədəflərimiz olacaq”.
Çunayev gənc nəsil güləşçilər arasında kifayət qədər potensiallı idmançıların olduğunu vurğulayıb:
“Bu günə qədər ictimai fəaliyyətim çərçivəsində yeniyetmə və gənclərlə bağlı bir sıra layihələr həyata keçirmişik. Güləş bizim milli idman növümüzdür və xalqımız tərəfindən daim sevilir. Ölkəmizdə gənc kadrlar yüksək səviyyədə yetişir, potensiallı uşaqlarımız kifayət qədərdir. Regionlarda güləş zallarının sayının artırılması bu idman növünün kütləviliyinin artırılması baxımından olduqca vacibdir. Əlimdən gələni edəcəyəm ki, Güləş Federasiyası tərəfindən göstərilən etimadı layiqincə doğruldum”.
Qeyd edək ki, Rasul Çunayev Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.


