“Azərbaycan çempionatında təşkilatçılıq yüksək səviyyədə idi”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə Rio Olimpiya Oyunlarının mükafatçısı, dünya çempionu Rəsul Çunayev deyib.

O, güləş üzrə Azərbaycan çempionatı ilə bağlı fikirlərini bölüşüb:

“Görünən odur ki, Güləş Federasiyasının rəhbərliyi bu çempionata xüsusi diqqət ayırıb. Azərbaycan çempionatının nüfuzunun artırılması üçün bir sıra vacib addımlar atılıb. Yarış Avropa və dünya çempionatları səviyyəsində təşkil olunmuşdu. Tədbirdən danışarkən güləşsevərlərin dəstəyini də xüsusi qeyd etmək istərdim. İnanıram ki, bu çempionatda fərqlənən idmançılarımız gələcəkdə beynəlxalq arenada qazandıqları uğurlarla bizi sevindirəcəklər".

Veteran güləşçi gənclər arasında kifayət qədər potensiallı idmançıların olduğunu da vurğulayıb:

"Artıq dörd ildir ki, idmançı karyeramı başa vurmuşam. Ancaq idman fəaliyyətim davam edir. Kütləvi idmanın inkişafı və yeni çempionların yetişdirilməsi istiqamətində çalışırıq. Bu gün davamçılar yetişməli və bizdən daha çox nəticələr qazanmalıdırlar. Bunun üçün üzərimə düşən vəzifəni yerinə yetirməyə hazıram.”

Qeyd edək ki, Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına dünən yekun vurulub.